7 Sentyabr 2020 14:51
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Ceyhun Bayramov İran islam Respublikasının ölkəmizə yeni təyin edilmiş səfiri Seyid Abbas Musəvini qəbul edib.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

İran səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov Seyid Abbas Musəvini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında dərin tarixi köklərə əsaslanan dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət və dəstək formasında inkişafından bəhs edib, əməkdaşlıq gündəliyində duran məsələlərin səmərəli şəkildə həyata keçirilməsi yolları üzrə fikir mübadiləsi aparıblar. Çoxtərəfli platformalarda uğurla əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə edilib.

Səfir Seyid Abbas Musəvi Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib. Səfir İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin ən səmimi arzularını və təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb. İran səfiri ikitərəfli münasibətlərin dərinləşməsində böyük potensialın olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İranın hər zaman Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəklədiyinə görə minnətdarlığını ifadə etdi.

Öz növbəsində səfir Seyid Abbas Musəvi münaqişə məsələsində və Azərbaycanın işğal olunmuş ərazilərinə münasibətdə İranın Azərbaycanın mövqeyini dəstəklədiyini və ölkəsinin münaqişənin həlli üzrə kömək etməyə hər zaman hazır olduğunu vurğulayıb.

Görüşdə tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Qeyd edək ki, Seyid Abbas Musəvi 1971-ci ildə İranın Xəzər dənizinin cənub hissəsində yerləşən Mazandaran ostanında doğulub. O, xeyli müddət İran Xarici İşlər Nazirliyinin sözsüzü vəzifəsini yerinə yetirib. Seyid Abbas Musəvi bu ilin iyulunda Azərbaycan Respublikasına səfir təyin edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər