Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi cənab Bağdad Amreyevlə görüş keçirib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyindən Teleqraf.com-a bildirilib ki, qonaqları salamlayan nazir Ramin Quluzadə “COVID-19” pandemiyası şəraitində, cari ilin 30 aprel tarixində TDƏŞ-ə üzv dövlətlərin nəqliyyat nazirlərinin iştirakı ilə keçirilmiş videokonfransda qaldırılan məsələlərin həlli istiqamətində ölkəmiz tərəfindən görülən tədbirlər barədə məlumat verib.
Görüş zamanı nəqliyyat nazirlərinin videokonfransının nəticəsi olaraq pandemiya dövründə yarana biləcək məsələlərin çevik həlli, nəqliyyat və logistika əməliyyatlarının effektiv əlaqələndirilməsi üçün yaradılmış Nəqliyyatı Əlaqələndirmə Şurasının iclasının keçirilməsi müzakirə olunub. Həmçinin, Azərbaycan üzərindən daşınan tranzit yük axınlarının davamlılığının təmin edilməsi, TASİM layihəsinin həyata keçirilməsi, startap hərəkatının genişləndirilməsi, o cümlədən TDƏŞ çərçivəsində startapların inkişaf etdirilməsi üzrə birgə işin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.