“CNN Chile” televiziya kanalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən danışılıb.
Azərbaycanın Çilidəki Səfirliyindən Teleqraf.com-a bildirilib ki, Rəşad Aslanov müsahibəsində 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atdığını deyib və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirdiyini vurğulayıb.
Ermənistanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal etdiyini və separatçı rejim yaratdığını bildirən diplomat azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində hazırda ölkəmizdə 1 milyona yaxın məcburi köçkünün olduğunu diqqətə çatdırıb.
Münaqişənin həlli üzrə Minsk Qrupu çərçivəsində 30 ildir ki aparılan danışıqlar prosesinin son iki ildə Ermənistan rəhbərliyi - baş nazir və Müdafiə naziri səviyyəsində verilmiş destruktiv bəyanatlar nəticəsində tamamilə məhv olduğunu deyib. R.Aslanov Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsinin (822, 853, 874 və 884) Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiqlədiyini və Ermənistan işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, habelə məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəraitdə qayıtmasını tələb etdiyini deyib. Lakin Ermənistanın 27 ildir ki, bu tələblərə məhəl qoymadığını əlavə edib.