“Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə, dünya üçün çox böyük önəm daşıyır. Çünki bizim siyasətimiz əməkdaşlığa, ölkələr arasında işbirliyinə hesablanıb”.
Teleqraf.com xəbər verir ki, bunu bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Prezident İlham Əliyev deyib ki, bu tarixi zəfərdən sonrakı başlanan dövr üçün də biz tam hazırlıqlıyıq: “Bu gün əziz qardaşımla söhbət əsnasında bundan sonrakı dövr haqqında da fikir mübadiləsi apardıq və bizim fikirlərimiz üst-üstə düşür. Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu əməkdaşlıq formatında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər. Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya-İran, Türkiyə-Rusiya-İran işbirliyi var. Bütün bu işbirliyi platformalarını biz ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik.
Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz iddialarından, əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq. Müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq, biz ədavətə son qoymalıyıq. Bunun təşəbbüskarı biz olmamışıq. Biz, sadəcə, olaraq 30 il ərzində beynəlxalq təşkilatlardan, ATƏT-in Minsk Qrupu həmsədrlərindən dəstək gözləyirdik. Gözləyirdik ki, onların qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsin. Ancaq bu, olmadı. Sadəcə olaraq, nə hərb, nə sülh vəziyyəti, status-kvo davam edirdi. Biz hərbi yollarla bu status-kvonu dəyişdirdik, düşməni torpaqlarımızdan çıxardıq, onlara çox böyük zərbə vurduq, onların ordusunu məhv etdik, onların əsas ideoloji sütunlarını məhv etdik. Amma ondan sonra nə etdik? Söylədik ki, biz işbirliyinə hazırıq. Biz yeni bir əməkdaşlıq formatını təşkil etməklə gələcəkdə bölgəmizdə müharibə riskini sıfıra endirə bilərik”.