26 İyun 2021 18:09
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz Ermənistana şans vermişdik və danışıqlarda iştirakımız, - mən bunu əvvəllər də demişəm, - bizim ən böyük güzəştimiz ola bilərdi. Ərazi bütövlüyü məsələlərində hər hansı bir güzəştdən söhbət gedə bilməzdi və bu mövqe bəllidir. Mən bunu Azərbaycan xalqına dəfələrlə çatdırmışdım ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik və bu mövqe xalq tərəfindən dəstəklənirdi. Çünki bunun başqa variantı ola bilməzdi. Danışıqlarda iştirakımız Ermənistana şans verirdi ki, bu məsələ qan tökülmədən öz həllini tapsın. Ancaq Ermənistan yəqin ki, bunu başqa cür yozurdu. Bəlkə də hesab edirdi ki, biz tərəddüd edirik. Bəlkə də hesab edirdi ki, biz öz ərazi bütövlüyümüzü bərpa etməyəcəyik. Bəlkə də hesab edirdi ki, biz bu vəziyyətlə barışa bilərik. Halbuki, mən dəfələrlə demişdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyümüzü bərpa edəcəyik".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə deyib.

"Ermənistanın danışıqlar prosesində sərgilədiyi riyakar mövqe deyə bilərəm ki, vasitəçiləri də artıq bezdirmişdi. Çünki Ermənistan və onun rəhbərliyi beynəlxalq vasitəçiləri də aldatmağa çalışırdı. Elə şərtlər qoyurdu ki, bəri başdan hər kəs bilirdi, bu şərtlər qəbuledilməzdir. Mən demişdim, heç vaxt imkan verə bilmərik ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıb. Bunu indi bütün dünya bilir, tarixçilər bilir. Deyirdim ki, əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, bunu öz ərazisində yaratsın, Azərbaycanın ərazisində yox. Bu mövqe tarixi ədalətə əsaslanırdı, biz bunu bəyan edirdik və Ermənistana şans verirdik. Ancaq onlar bu şansdan istifadə etmədilər", - dövlət başçısı bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər