"Mən hesab edirəm ki, ilk növbədə, Rusiya ictimaiyyəti bundan xəbərdar oldu və Rusiya ictimaiyyətinin təkidi nəticəsində bu biabırçı aksiya baş tutmadı. Ancaq o da həqiqətdir ki, ilk dəfə olaraq, bu məsələni siyasi müstəviyə gətirən mən olmuşam. Mən əvvəlki illərdə də dəfələrlə bu erməni faşistləri haqqında öz çıxışlarımda məsələ qaldırmışdım".
Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olan zaman AZƏRTAC-a müsahibəsində Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılmasına münasibət bildirərkən deyib.
"Beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında məsələ qaldırmışdım ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz. Cəllad Njde ilə bağlı mən MDB Zirvə görüşünün birində öz çıxışımda məsələni qaldırdım. Dedim ki, Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist olub. Bu adam cəllad olub. Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Bu Njde faşistdir və bunu hər kəs bilməlidir. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir. Əgər bu, təkcə əvvəlki faşist hakimiyyətlə bağlı olsaydı, dərd yarı idi.
Ancaq əfsuslar olsun ki, indiki Ermənistan hakimiyyəti faşistləri təbliğ edir, onları müdafiə edir. Moskvada ermənilərin diaspor təşkilatının xətti ilə bu dözülməz aksiyanın keçirilməsi heç bir çərçivəyə sığmır. Çünki Rusiya özü faşizmin qəhrəmanlaşdırılmasına qarşı gedən mübarizədə ön sıralardadır, Azərbaycan kimi. Bu məsələ ilə bağlı Rusiya tərəfi ilə dəfələrlə fikir mübadiləsi olub. Prezidentlər səviyyəsində, digər vəzifəli şəxslər səviyyəsində, ictimai təşkilatlar səviyyəsində biz həmfikirik.
Faşizmin baş qaldırmasına yol vermək olmaz. İkinci Dünya müharibəsinin tarixi ilə bağlı təhrifetmə cəhdlərinə son qoyulmalıdır. Bu siyasət dünyanı uçuruma aparacaq. Faşizmi qəhrəmanlaşdırmaq olmaz. Amma bir tərəfdən Ermənistan rəsmən bu fikirlərə qoşulsa da, faktiki olaraq Njde kimi faşistin qəhrəmanlaşdırılması ilə bağlı konkret addımlar atır. Bu günə qədər Ermənistanda, İrəvanda faşist Njdenin adını daşıyan küçələr, meydanlar, metro stansiyası var, ona böyük - altımetrlik abidə qoyulub. Bu abidə bu günə qədər sökülməyib", - dövlət başçısı bildirib.