Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, dövlət başçıları görüşdə çıxış ediblər.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli Kasım-Jomart Kemeleviç, Sizi bir daha ürəkdən salamlamaq, “Xoş gəlmisiniz!” demək istəyirəm.
Biz artıq ikitərəfli münasibətlərimizin geniş gündəliyinə, beynəlxalq problemlərə dair çox ətraflı söhbət etdik və bütün məsələlər barədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü gördük. Əlbəttə, Sizə təşəkkür etmək istərdim ki, dəvətimizi qəbul etmisiniz və ölkəmizə rəsmi səfər edirsiniz. Əminəm ki, bu səfər münasibətlərimizin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək.
İlk növbədə, artıq nümayəndə heyətlərinin iştirakı ilə məni Qazaxıstan Respublikasının “Altın kıran” ali ordeni ilə təltif etdiyinizə görə bir daha təşəkkürümü bildirmək istərdim. Bu mükafata layiq görülməyim mənim üçün böyük şərəfdir və mən bunu xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Azərbaycanın münasibətlərimizin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət hesab edirəm.
İndicə Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatı keçirildi və bu, bizim xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, hazırda bizim hamımızın məşğul olduğumuz Qarabağın bərpası işinə töhfədir.
İkitərəfli gündəliyə gəldikdə, o, kifayət qədər genişdir. Sizin səfəriniz ərəfəsində müvafiq strukturlar bir çox məsələlər üzərində hərtərəfli iş aparıblar, 20-dən artıq sənədin imzalanmasına doğru gedirik – onların bir qismi bizim iştirakımızla imzalanacaq və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək.
Xarici siyasətin gündəliyinə gəldikdə isə biz, iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və əminəm ki, bu, gələcəkdə də davam edəcək. Çünki bizim əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx qarşılıqlı fəaliyyətdədirlər.
Əlbəttə, nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Fikrimcə, Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var.
Əminəm ki, biz iqtisadi-ticari münasibətlərin inkişafına da təkan verəcəyik. Əmtəə dövriyyəsinin artırılması üçün hələ böyük ehtiyatlar var. Bu gün biz gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi apardıq, qarşılıqlı tədarüklərin artırılması baxımından onu konkretləşdirə bilərik. İnvestisiya sahəsində də böyük perspektivlər var. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi var. Düşünürəm ki, bizim bu istiqamətdə də səylərimizi birləşdirməyin, Azərbaycanda, Qazaxıstanda, ola bilsin, başqa ölkələrdə də birgə investisiya layihələrində iştirak etməyimizin vaxtı yetişib.
Qazaxıstanın Azərbaycana bugünkü hədiyyəsi – Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi ölkələrimiz arasında humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. İki gün bundan əvvəl Sumqayıtın mərkəzi küçələrinin birinə qazax xalqının görkəmli oğlu, maarifçi, türkoloq Əhməd Baytursunovun adı verilib. Bu da bizim əcdadlarımıza hörmətin əlamətlərindən biridir.
Bir daha Sizi səmimi qəlbdən salamlayıram. Bir daha təşəkkürümü bildirirəm ki, Siz bizə gəlməyə vaxt tapmısınız. Əminəm ki, əlaqələrimiz gələcəkdə də uğurla davam edəcək, iki qardaş ölkə arasında münasibətlər uğurla inkişaf edəcək. Bir daha xoş gəlmisiniz.
Prezident Kasım-Jomart Tokayevin çıxışı
-Təşəkkür edirəm, hörmətli İlham Heydər oğlu.
Əziz həmkarlar, ilk növbədə, gözəl, bənzərsiz Bakı şəhərinə, - biz Xəzərin mənzərələrinə tamaşa etdik, - səfərə dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim.
Məhdud tərkibdə görüşdən tamamilə məmnunam. Biz bu görüşdə əməkdaşlığın müxtəlif sahələrində dövlətlərimizin qarşılıqlı fəaliyyətinin demək olar bütün məsələlərinə dair ətraflı fikir mübadiləsi apardıq. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik. Sevindirici haldır ki, bu gün ölkələrimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik qarşılıqlı münasibətlərinin dərinləşməsi haqqında Bəyannamə imzalanacaq.
Mən Bakıya xüsusi missiya ilə gəlmişəm - əməkdaşlığımızı yeni səviyyəyə çatdırmaq missiyası. Sevindirici haldır ki, son illərdə ticarətin həcmi praktiki olaraq 3 dəfə artıb. Lakin qeyd etmək istərdim ki, bu, arxayınlaşmağa əsas vermir, çünki fikrimcə, ticarəti artırmaq üçün hər halda imkanlar var. Ölkələrimizin hökumətləri məhz bu istiqamətdə işləməlidirlər ki, mənim fikrimcə, artıq lap yaxın vaxtlarda biz ölkələrimiz arasında ticarətin həcmini bir milyard dollara çatdıra bilək.
Siz düzgün qeyd etdiniz ki, Qazaxıstan və Azərbaycan əsas beynəlxalq məkanlarda, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, Türk Dövlətləri Təşkilatında bir-biri ilə səmərəli qarşılıqlı fəaliyyət göstərir. Bu baxımdan ölkələrimiz arasında hər hansı problem yoxdur. Bu da sevindirici haldır ki, dövlətlərimizin parlamentləri bir-biri ilə sıx əməkdaşlıq edir. Müasir şəraitdə bu, çox vacibdir.
Bu məsələdə də Sizinlə razıyam ki, humanitar əməkdaşlıq vacibdir. Burada çox böyük imkanlar var. Fikrimcə, gələn il ölkələrimizin hökumətləri arasında razılaşma əsasında, əvvəllər deyildiyi kimi, Qazaxıstanda Azərbaycan mədəniyyəti ongünlüyü keçirə bilərik. Sizin mədəniyyətə böyük maraq qalmaqdadır. Güman edirəm ki, bizim insanlar Azərbaycan mədəniyyəti üçün darıxıblar və biz Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrini öz ölkəmizdə böyük məmnuniyyətlə qəbul edə bilərik.
Bir faktı xüsusi qeyd etmək istərdim ki, Sizin güclü, nüfuzlu rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişafda çox böyük nəticələr qazanır. Mən statistikanı diqqətlə nəzərdən keçirdim, bu, güclü təsir bağışlayır. İqtisadiyyat inamla artır. Mən belə başa düşdüm ki, cari ilin birinci rübündə ümumi daxili məhsul təqribən 7,5 faiz artaraq 23,5 milyard dollara çatıb. Yəni, Azərbaycanın iqtisadi inkişaf perspektivləri çox yaxşıdır. Əlbəttə, burada Azərbaycan xalqının ümummilli lideri kimi Sizin tarixi xidmətiniz var.
İndicə dediyim kimi, Qazaxıstanda Sizə çox böyük hörmət bəsləyirlər, insanlar Sizi tanıyır, dəstəkləyir, səmimi hörmət bəsləyirlər. Bununla əlaqədar bütün xalqımız adından Sizə bu gün orden təqdim etməyi zəruri saymışam. Məhz Sizin güclü, nüfuzlu rəhbərliyinizlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi kimi tarixi əhəmiyyətli vəzifə yerinə yetirilib. Bildiyiniz kimi, Qazaxıstan Azərbaycana münasibətdə dövlətlərin ərazi bütövlüyü prinsipini həmişə dəstəkləyib. Hesab edirəm ki, bu ədalətli prinsip müasir beynəlxalq hüquqa tamamilə müvafiqdir. Ona görə burada da eyni mövqe, eyni yanaşmalar, ortaq baxışlar var. Hesab edirəm ki, bu, gələcəkdə bizim əməkdaşlığımızın inkişafı üçün yaxşı əsas olacaq.
Bu əməkdaşlığın yekunlarına və ya nəticələrinə gəldikdə, mən əsla şübhə etmirəm ki, onlar müsbət olacaq. 1990-cı illərdə dövlətlərimiz arasında problemlər var idi. Mən o dövrü xatırlayıram və əlbəttə, Sizin də yadınızdadır, bugünkü mövqedən həmin problemlər çox cüzi, çox kiçik idi, amma onlar var idi. Yadımdadır, biz 8 milyon dollar məbləğində borc problemini müzakirə edirdik. Belə bir problem var idi. Bu gün biz heç də təsadüfən demirik ki, əməkdaşlığımız strateji xarakter daşıyır. Ona görə ki, bunlar, sadəcə, gurultulu sözlər deyil, əməkdaşlıq özü onun həcmi baxımından məhz belə xarakter daşıyır.
Əlbəttə, Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafı baxımından Qazaxıstan üçün xüsusi maraq doğurur. Şübhəsiz, burada üstünlük Azərbaycana məxsusdur. Əlbəttə, düşünürəm ki, Qazaxıstanın bir dövlət kimi, - faktiki olaraq biz Xəzər sahillərində yanaşı yerləşən qonşu ölkələrik, - burada çox yaxşı perspektivləri var. Mən hökuməti, müvafiq idarələri nəqliyyat-logistika əlaqələrinin inkişafı baxımından Sizin nümayəndələrlə sıx qarşılıqlı fəaliyyətə və birgə işə istiqamətləndirirəm.
Bir daha təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun.
13:32
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, prezidentlər görüşdə çıxış ediblər.