Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb.
Teleqraf.com-un məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
1 noyabr 1954-cü ildə Əlcəzair xalqı müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsinə başlamışdır. Müstəmləkəçi qüvvələrin xalqınıza qarşı törətdiyi misli görünməmiş şiddətinə, zorakı əməllərinə və müharibə cinayətlərinə baxmayaraq, Əlcəzair xalqının müstəqillik əzmi sarsılmamış, əksinə, milli birlik və həmrəylik daha da güclənmişdir.
Ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan ölkələrimiz arasında münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur və biz bu münasibətlərə böyük əhəmiyyət veririk.
Ötən illər ərzində Azərbaycan ilə Əlcəzair arasında ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq konstruktiv məcrada inkişaf etmişdir. Bu mənada, beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim.
İnanıram ki, Azərbaycan-Əlcəzair əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da dost ölkələrimizin və xalqlarımızın mənafeyi naminə möhkəmlənəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".