Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkonun etimadnaməsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, etimadnaməsini dövlətimizin başçısına təqdim edən səfir Aleksandr Esaulenko Azərbaycan dilində deyib:
-Hörmətli cənab Prezident, icazə verin Sizi, burada olanların hamısını və bütün Azərbaycan xalqını Vətən müharibəsində Zəfərin ikinci ildönümü münasibətilə şəxsən Azərbaycan dilində təbrik edim.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu vurğuladı və konkret sahələr üzrə əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.
Siyasi sahədə yaxşı qarşılıqlı fəaliyyətin olduğunu qeyd edən dövlətimizin başçısı yüksək səviyyədə təmasların əhəmiyyətini və ticarət mübadiləsinin artırılmasının vacibliyini vurğuladı, nəqliyyat, energetika, investisiya qoyuluşu sahələrində əlaqələrin dərinləşdirilməsi üçün imkanların olduğunu dedi.
Beynəlxalq səviyyədə ölkələrimizin qarşılıqlı dəstəyinə toxunan Prezident İlham Əliyev Azərbaycanın və Moldovanın ikitərəfli formatda da həmrəylik nümayiş etdiriklərini vurğuladı.
Dövlətimizin başçısı səfir Aleksandr Esaulenkonun fəaliyyəti dövründə əlaqələrimizin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.
Səfir Aleksandr Esaulenko Moldova Prezidenti Maya Sandunun dövlətimizin başçısına salamlarını və Azərbaycan xalqına ən xoş arzularını çatdırdı. Qeyd etdi ki, Moldova Respublikasının rəhbərliyi Moldova-Azərbaycan dövlətlərarası münasibətlərinin dərinləşdirilməsi və genişləndirilməsinə çox böyük diqqətlə yanaşır.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Moldovanın dövlət başçısına çatdırmağı xahiş etdi.
Səfir əlaqələrimizin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu dedi, ikitərəfli əlaqələrin inkişafında qarşılıqlı təmasların rolunu vurğuladı. Bu xüsusda, Moldovanın Baş naziri, parlament sədri və digər rəsmi şəxslərinin ölkəmizə səfərlərinin əhəmiyyətinə toxundu. Aleksandr Esaulenko vurğuladı ki, Moldova siyasi, iqtisadi və digər sahələrdə Azərbaycanla əlaqələrin bundan sonra da genişləndirilməsində maraqlıdır.
***
13:07
Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkonun etimadnaməsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.