Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Dövlət başçısı çıxış etdikdən sonra konfrans iştirakçılarının suallarını cavablandırıb.
Pakistanın Ortaq Gələcəyə Malik Cəmiyyət Naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm:
- Cənab Prezident, ilk növbədə, bizi dəvət etdiyinizə görə çox sağ olun. Mən üçüncü dəfədir ki, buradayam. Son il yarım ərzində biz Sizin tərəfinizdən Mərkəzi Asiyanı, Pakistanı və digər Asiya ölkələrini əhatə edən çox intensiv diplomatik səylərin şahidi olduq. Siz Səmərqənddə də oldunuz. Son il yarım ərzində Siz demək olar ki, bütün regional platformalarda iştirak etmisiniz. Sualıma keçməzdən əvvəl, ilk növbədə, növbəti 5 il ərzində Pakistan düyüsünü hər növ vergidən azad etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istərdim. Biz buna görə çox minnətdarıq. Sizin jestiniz Pakistanla Azərbaycan arasında ticarətin inkişaf etdirilməsi baxımından çox müsbət qarşılanıb. İndi isə Sizdən soruşmaq istərdim. Siz bütün Mərkəzi Asiyada və digər Asiya ölkələrində, Avropa İttifaqı ölkələrində səfərdə olmusunuz. Necə düşünürsünüz, Sizcə gələcəkdə Cənubi Asiyanı, Mərkəzi Asiyanı Azərbaycanla birləşdirmək ideyası həyata keçəcəkmi? Sizcə gələcəkdə İran və Ermənistan hər hansı problem yaradacaqlar, yoxsa region ölkələrinin gördüyü işləri qəbul edəcəklər? Çünki bütün bu ölkələr çoxlu səy göstərir və biz Sizin səfərlər edərək dünya liderləri, xüsusilə region ölkələrinin liderləri ilə danışıqlar apardığınızın şahidi olmuşuq. Bununla bağlı Sizin fikirlərinizi bilmək istərdik.
Prezident İlham Əliyev: Mən son bir neçə ay ərzində Pakistanın Baş naziri Cənab Şahbaz Şəriflə iki dəfə görüşmüşəm. Biz ikitərəfli əlaqələrimizin gündəliyini geniş şəkildə müzakirə etmişik. Bu, dostluq və qardaşlıq gündəliyidir. Biz Azərbaycanla Ermənistan arasındakı əlaqələrlə bağlı nümayiş etdirdiyi davamlı dəstəyə görə Pakistana çox minnətdarıq. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizimlə olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Biz, həmçinin Baş nazirlə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi yollarını müzakirə etdik və sizin qeyd etdiyiniz qərar, Pakistandan gətirilən düyü üçün xüsusi qaydalar bunu əks etdirir. Çünki biz bu addımı qarşılıqlı ticarət artımını stimullaşdırmaq üçün atmağa qərar verdik və Baş nazir Şahbaz Şəriflə müzakirə etdiyimiz kimi, biz bir-birimizi hansı növ məhsullarla təmin edə biləcəyimizi nəzərdən keçirməliyik. Əgər qardaş ölkədə yüksək keyfiyyətli düyü varsa, niyə biz düyünü başqa yerdən almalıyıq. Beləliklə, bu qərar açıq-aydın bizim qardaşlıq əlaqələrimizə əsaslanıb.
Mənim region liderləri ilə təmaslarıma gəlincə, bəli, bu təmaslar çox böyük dinamizm səviyyəsinə malikdir. Xüsusilə indi – postpandemiya dövründə beynəlxalq səfərlər yenidən bizim həyatımızın bir hissəsinə çevriləndən sonra mən Mərkəzi Asiya ölkələrində çox vaxt keçirdim. Bu ilin aprelindən bu yana mən üç dəfə Özbəkistanda səfərdə oldum, rəsmi səfər və beynəlxalq tədbirlərlə əlaqədar. Mən Qırğızıstanda dövlət səfərində oldum. Bu ilin avqustunda Qazaxıstan Prezidenti Azərbaycanda rəsmi səfərdə olub və həmçinin bundan əvvəl mən Türkmənistanda səfərdə oldum. Gələn il Tacikistana səfər etməyi planlaşdırıram. Prezidentdən dəvət almışam. Bundan əlavə, beynəlxalq tədbirlər çərçivəsində biz həmişə vaxtdan istifadə edib söhbət edirik. Çünki, çox hadisələr baş verir və biz buna hazır olmalıyıq.
Türk Dövlətləri Təşkilatının sammitində çıxış edərkən mən təhlükəsizlik məsələsinə toxundum. Çünki indi təhlükəsizlik bəlkə də hər zaman olduğundan daha vacibdir. Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birimizi necə dəstəkləyə biləcəyimizə nəzər salmalıyıq. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir. Ona görə də, əgər gücünüz, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz. Bu səbəbdən, düşünürəm ki, bizim həyata keçirdiyimiz kommunikasiya layihələri regional təhlükəsizliyi və sabitliyi daha da gücləndirəcək və bunları həyata keçirmək üçün böyük imkan var.
Bir daha, bizə gəlincə, Azərbaycanda bütün nəqliyyat layihələri – istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı - hər şey hazırdır. Eyni hazırlıq səviyyəsi dəhliz marşrutu boyunca yerləşən bütün ölkələrdə olmalıdır. Bu, belədirmi? Xeyr. Lakin biz müsbət dinamika görürük. Məsələn, təxminən bu yaxınlarda iştirak etdiyim beynəlxalq tədbirlərdən birində Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun tikintisi ilə bağlı razılıq imzalandı. Bu layihə uzun illər dayandırılmışdı. İndi isə hər kəs başa düşür ki, yüklərin Xəzər istiqamətində çatdırılmasına, Trans-Xəzər imkanlarından geniş şəkildə istifadə etməyə ehtiyac var. Ona görə də, bildiyim qədəri ilə Çin tərəfindən maliyyələşdirilən bu layihə daşımalara əhəmiyyətli dərəcədə töhfə vermək üçün böyük imkana malikdir.
Bizim Pakistanla mükəmməl əlaqələrimiz var. Bilirəm ki, Pakistanın Qvadar limanı böyük beynəlxalq qovşağa çevrilir. Qvadar limanını bizim infrastrukturumuzla birləşdirmək çətin deyil. Bizim, sadəcə, tarif məsələsini, hüquqi çərçivəni lazımi şəkildə həll etməyimizə, tənzimləmə ilə bağlı əlaqələndirmə və komanda işinə ehtiyacımız var. Məsələn, biz Azərbaycan, Türkiyə və Qazaxıstan arasında fəal əməkdaşlığın üçtərəfli formatına başlamışıq. Xarici işlər və nəqliyyat nazirlərinin ilk görüşü bir neçə ay əvvəl keçirilib. İndi ikinci görüşdür və qonşumuz Gürcüstan dəvət olunub. Bu, 4 ölkənin görüşü olacaq, çünki biz hamımız bir-birimizlə qarşılıqlı şəkildə əlaqədəyik və vahid siyasətə ehtiyacımız var. Çünki əgər hər hansı bir ölkə bacardığından çox şeyə nail olmağa çalışsa, bu, alınmayacaq.
Başqa nə işlər görmüşük? Biz nəqliyyat şirkətlərimizin birgə səylərini bir araya gətirmişik. Çünki əvvəllər, bu şirkətlərin bir növ daha korporativ siyasəti var idi. Mən Azərbaycan dəmir yollarını, dəniz limanını, Xəzər dəniz gəmiçiliyini və bəzi başqalarını nəzərdə tuturam. İndi bizdə tam koordinasiya var. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu prosesi koordinasiya edir. Beləliklə, Azərbaycanda vahid pəncərə olacaq ki, bu da bürokratiyanı minimuma endirməklə bu marşrutdan istifadə etmək istəyən şirkətlərin işini asanlaşdıracaq. Əlbəttə ki, nəqliyyat şirkətlərimizin səmərəliliyi. Biz bütün nəqliyyat şirkətlərində korporativ idarəçilik meyarlarını təqdim etmişik. Beləliklə, bu, artıq öz nəticələrini verir. Siz soruşdunuz ki, İran və ya Ermənistan bu prosesə əngəl törədə bilərlərmi, mən belə düşünmürəm. Birincisi, Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. Onların dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur. Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki, Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir. Ona görə də, biz onlarla danışıqlar apararaq vaxt itirmək istəmirik, Rusiya ilə danışıqlar aparırıq. Yeri gəlmişkən, Rusiya rəsmiləri ilə son təmaslarım zamanı biz Zəngəzur dəhlizini müzakirə etdik. Düşünmürəm ki, Ermənistan bu layihəni əngəlləmək iqtidarında olacaq. İrana gəlincə, yenə də düşünmürəm ki, bu, belə olacaq. Çünki İran özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir. Beləliklə, əgər biz bütün iştirakçılarla səmimi əməkdaşlıq və qarşılıqlı faydalı yanaşma platforması qurmağa nail olsaq, bu, işə yarayacaq. Əgər olmasa, ola bilsin ki, bu, qismən işləyəcək. Beləliklə, bu, əlbəttə ki, bizim tərəfdaşlarımızla qarşılıqlı əlaqələrimizdən asılı olacaq. Lakin yenə də Azərbaycan bu layihənin coğrafi mərkəzi olaraq və artıq qeyd etdiyim kimi, tam infrastruktura malik ölkə və müxtəlif beynəlxalq oyunçularla yaxşı əlaqələri olan ölkə olaraq bu məsuliyyəti başa düşür. Biz bu layihəni irəli aparmaq üçün əlimizdən gələni edəcəyik.
Avropa Parlamentinin sabiq üzvü və Avropa Parlamentinin Azərbaycanla əlaqələr üzrə nümayəndə heyətinin sədri Səccad Kərim:
-Cənab Prezident, təşəkkür edirəm. İcazə verin, bizə vaxt ayırdığınıza görə bir daha təşəkkür edim. Mübaliğəsiz, bu dialoq Azərbaycanla əlaqələrlə məşğul olan hamı üçün olduqca faydalıdır. İcazə verin, ilk növbədə, Sizi Tel-Əvivdə səfirlik yaratmaq qərarı münasibətilə təbrik edim. Qəbul etdiyiniz qərarı dəstəkləyən ölkənin, Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının üzvü olaraq bunu alqışlayıram. Cənab Prezident, torpaqlar azad ediləndən sonrakı proseslər, eynilə Sizin dediyiniz kimi gedir, görünür ki, təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz üçün belə gedəcək. Mənim daha çox məlumat əldə etmək istədiyim məsələ rəqəmsal kommunikasiya ilə, bunun Sizin ümumi planlarınızda necə əks olunması ilə bağlıdır, təkcə Azərbaycan, azad edilmiş ərazilər üçün deyil, həm də Cənubi Qafqaz üçün. Biz qlobal səviyyədə məlumatların qorunması sahəsində 3 əsas fərqli versiya görürük - ABŞ modeli, Avropa modeli və Çin modeli. Siz məlumatların qorunmasında Azərbaycanın yerini necə görürsünüz? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. İsraildə səfirlik, eləcə də Fələstində təmsilçilik ofisi açmaq qərarı bizim milli maraqlarımıza əsasən verilmiş bir qərardır, İsrail və Fələstinlə uzunmüddətli əməkdaşlığı əks etdirir. Əminəm ki, həmin qərar sülh işinə xidmət edəcək və bu, faktiki olaraq uzunmüddətli, mehriban əməkdaşlığın rəsmiləşdirilməsidir. Bu qərara dəstəyinizə görə təşəkkür edirəm, çünki, aydın başa düşdüyümüz kimi, bu, regionda heç də bütün ölkələri sevindirmir. Amma bizim məqsədimiz müəyyən stereotipləri olanları xoşbəxt etmək deyil. Məqsədimiz xalqımızı xoşbəxt etmək, Azərbaycan üçün doğru olanı etməkdir və biz bunu edirik.
Rəqəmsal kommunikasiya məsələsinə gəlincə, bəli, biz müasir dünyanın trendlərini başa düşürük. Yeri gəlmişkən, biz keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyimizin adını dəyişdirib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qoymağı qərara alanda, bu, reallığı əks etdirirdi. Çünki, indi bu, inkişaf və təhlükəsizliyin ən mühüm elementlərindən biridir. Bizim hansı modeli seçdiyimizi demək ola bilsin ki, mənim üçün çətin olar. Düşünürəm ki, ekspertlər və mütəxəssislər mənə bununla bağlı məsləhətlərini verəcəklər, çünki, mən bu sahə üzrə mütəxəssis deyiləm. Lakin biz yenə də qabaqcıl təcrübəyə, qabaqcıl texnologiyaya və ən yaxşı qorunmaya əsaslanaraq seçim edəcəyik. Biz kibertəhlükəsizliklə məşğul olmalıyıq, çünki görürük ki, getdikcə daha çox ölkə, hətta bizdən çox müasir texnologiyalara malik ölkələr kiber hücumlara qarşı həssaslaşır. Ona görə də, sözsüz ki, biz bu məsələ ilə ciddi şəkildə məşğul olacağıq.
Azad edilmiş ərazilərlə bağlı sizin fikirlərinizə gəldikdə isə, demək istərdim ki, biz azad edilmiş ərazilərdə ən son texnologiyalardan istifadə edirik. İki il əvvəl, müharibə bitəndən dərhal sonra mən “Qarabağı yenidən quracağıq və yenidənqurmanın yaxşı nümunəsini nümayiş etdirəcəyik” deyəndə eynilə bunu nəzərdə tutmuşdum. İndi bu, həyata keçir. Biz şəhərlərimizi və kəndlərimizi smart texnologiya platformasına əsaslanaraq tikirik və yenidən qururuq. Ağalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağın yenidən qurulması modelinin necə olacağını görə bilər. Çünki bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nümayişi olmamalıdır, həmçinin biz Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik. Onda biz, bəlkə də artıq indi davamlı olaraq texnoloji təcrübəyə, eləcə də inzibati idarəçiliyə keçəcəyik. Çünki azad edilmiş ərazilərdə bizim ölkənin digər yerlərindəkindən fərqli inzibati strukturlarımız var. Prezidentin xüsusi nümayəndəsi institutu üç ərazidə artıq qurulub və səmərəliliyi sübut olunub. Beləliklə, biz texnoloji inkişaf modelini sınaqdan keçirməklə yanaşı, həm də idarəçilik modelini sınaqdan keçiririk. Ona görə də biz rəqəmsal inkişafa çox diqqətlə və əzmlə yanaşacağıq, xalqımıza uyğun olan ən yaxşı seçimi edəcəyik.
***
17:00
Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
ADA Universitetinin rektoru Hafiz Paşayev konfransı açıq elan edərək deyib:
- Zati-aliləri, Prezident İlham Əliyev.
Beynəlxalq konfransın hörmətli iştirakçıları.
Artıq üçüncü dəfədir ki, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Prezident İlham Əliyevin iştirakı ilə bizə şərəf verdiyi birgə beynəlxalq konfrans təşkil edirlər. Bu konfransda regionda baş verən hadisələrin müzakirəsi üçün önəmli platforma olmaqla, postmüharibə dövründə sülh quruculuğu və yenidənqurma işlərinə xüsusi diqqət yetirilir. Bu zaldan səsləndirilən mesajlar qlobal analitiklər və tədqiqatçılar, habelə dünyaşöhrətli jurnallar və nəşrlər üçün dəyərli fikirlərdir.
Biz bu gün qiymətli vaxtını bizə ayırdığına görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Bu dəfə biz əsas diqqəti bu gün region üçün çox önəmli və vaxtı yetişmiş məsələ olan “Orta Dəhliz” məsələsinə yönəltməyə qərar verdik. Azərbaycanın geostrateji yerləşməsi həmişə - qədim İpək Yolu vaxtından Ümummilli Lider Heydər Əliyevin böyük Avrasiyanın yeni enerji xəritəsini məharətlə cızaraq müvəffəqiyyətlə enerji dəhlizlərinin yaratdığı müasir dövrümüzə qədər özünə diqqəti cəlb etmişdir. Bu, həm ticari, həm də siyasi nöqteyi-nəzərdən qovuşuqda yerləşən ölkə üçün asan deyildi. Çünki regionun üzləşdiyi bütün əsas məsələlərdə Azərbaycan həmişə üzərində hökmranlıq etmək istəyən tərəflərin səylərinə, bu səylərin haradan daxil olmasına baxmayaraq müqavimət göstərmişdir.
Diqqətinizə çatdırmaq istəyirəm ki, 2010-cu ildə ADA Universiteti Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz institutları ilə birlikdə Azərbaycanı və Xəzər regionunu qitənin nəqliyyat qovşağına necə çevirmək üçün tədqiqatı nəşr etmişdir. Prezident İlham Əliyevin Azərbaycan və Xəzər regionu üzərindən Asiya və Avropa arasında daha yaxşı sinerjini yaratmaq üçün uzunmüddətli baxışı və yorulmaz səyləri bu məqsədə əhəmiyyətli dərəcədə töhfə vermişdi. Azərbaycanın 44 günlük Vətən müharibəsi və işğal altında olan torpaqların azad edilməsi regional nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi və bununla bağlı bir sıra digər təşəbbüslər üçün yeni imkanlar yaradıb. Biz bu gün və sabah keçirilən müzakirələrin regional nəqliyyat və bağlılıq gündəliyini daha da irəli aparacağına, regiona daha dayanıqlı sülh gətirəcəyinə ciddi surətdə inanırıq. İcazə verin, bu müzakirələrdə iştirak etdiyinə görə bütün beynəlxalq ekspertlərə təşəkkürümü bildirim.
İndi isə dəyərli vaxtını bizə ayırdığına görə Prezident Əliyevə dərin təşəkkürümü bildirərək, sözü Zati-alilərinə verirəm. Buyurun, cənab Prezident.
Dövlət başçısı konfransda çıxış edib.
Prezident İlham Əliyevin çıxışı:
- Çox sağ olun. Əvvəlcə bizimlə burada olduqları üçün qonaqlarımıza, beynəlxalq ekspertlərə minnətdarlığımı bildirmək istəyirəm. Belə mühüm məsələlərin müzakirəsi üçün bu önəmli tədbirə ev sahibliyi etdiyinə görə ADA Universitetinə də xüsusi təşəkkürümü bildirirəm. Cənab Paşayev dediyi kimi, yaxın tariximizdə artıq üçüncü dəfədir ki, biz burada yığışırıq. Hesab edirəm ki, əvvəl apardığımız müzakirələrimiz və bu dəfə aparacağımız müzakirələr regiondakı reallıqların, Azərbaycanın planlarının və bizim regiondakı qarşılıqlı əlaqələrimizin daha yaxşı qavranılmasına töhfə verəcək. Bu günün mövzusu Orta Dəhliz məsələsinə həsr olunub. Lakin mən bu konfransın necə adlandırıldığını gördükdə, - “geosiyasət, təhlükəsizlik və iqtisadiyyat”, - bu nöqteyi-nəzərdən mövzunun əhatəliliyi daha geniş olacaq və bu da təbiidir. Çünki Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri, əlbəttə ki, müzakirə olunmalıdır. Əlbəttə, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir. Başqa sözlə desək, fiziki nəqliyyat və logistika infrastrukturunu yaratmaq üçün onlara aid ev tapşırığının yerinə yetirilməsi səviyyəsinin nə yerdə olması da vacibdir.
Azərbaycanın coğrafiyası yaxşı məlumdur. Bizim açıq dənizə, okeanlara çıxışımız yoxdur. Buna görə istər bizim enerji layihələrimiz, istərsə də nəqliyyat layihələrimiz olsun, hədəfimizə çatmaq üçün biz çox gərgin işləməli idik. Eyni zamanda, bizim coğrafi mövqeyimizin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməyimizdir. Əslində, iki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə bizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq. Eyni zamanda, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır. İndi biz nə işlər görürük. Biz müasirləşdirmə işləri aparırıq. Biz qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikirik. Eyni zamanda, biz nəqliyyat infrastrukturuna sərmayə yatırırıq, xüsusilə hava ilə yükdaşımaları infrastrukturuna.
Bizim nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var. Həmçinin biz hava limanları layihələrinin tamamlanması prosesindəyik. Laçın hava limanı hazır olandan sonra, - hansı ki, işğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olacaq, - Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Əlbəttə ki, bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür. Beləliklə, biz Azərbaycan ərazisindən yükdaşımaların sürətlə artmasını gözləyirik və buna hazırıq.
Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarımızın olması ilə bağlı potensialımızı əlavə etsək, biz, əlbəttə ki, planlaşdırdıqlarımıza nail olacağımızı görəcəyik. Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycan ərazisindən nəql etmək üçün bizə sözsüz ki, yeni tankerlər, bərələr və yük gəmiləri lazım olacaq.
Yəqin burada giriş sözümü bitirəcəyəm ki, müzakirələrimiz üçün daha çox vaxt qalsın. Bir daha xoş gəlmisiniz. Bilirəm ki, siz azad edilmiş şəhərlərdən biri olan Ağdama səfər edəcəksiniz. Buna görə də sizə təşəkkür edirəm. Siz Ermənistan tərəfindən otuzillik işğalın nəticələrini öz gözlərinizlə görəcəksiniz. Təşəkkür edirəm.
X X X
Sonra Prezident İlham Əliyev konfrans iştirakçılarının suallarını cavablandırıb.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Mətyu Brayzə:
-Salam cənab Prezident. ABŞ-dan Mətyu Brayzədir. Şərq-Qərb dəhlizi, yaxud Orta Dəhliz baxımından və xüsusilə enerji ilə bağlı, Türkmənistana gəldikdə işlər necə gedir? Ola bilsin türkmən qazı bəlkə İran ərazisindən svoplar vasitəsilə buraya daxil edilə bilər və Türkiyə ərazisində qaz tranzitinə özəl şirkətlərin cəlb olunması üzrə intensiv müzakirələr gedən Türkiyə ilə bağlı bu məsələ nə yerdədir? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Əlbəttə ki, biz əməkdaşlığın geniş perspektivlərini nəzərdən keçirərək bu məsələ ilə məşğuluq. Hesab edirəm ki, artıq fəaliyyət göstərən bu nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bizim Türkmənistanla əməkdaşlığımızın çox yaxşı tarixi var. Bu gün biz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradırıq. Hətta biz Ələt Dəniz-Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayırmışıq. Biz türkmən qazı ilə bağlı svop əməliyyatlarına başlamışıq. Bunun səbəbi odur ki, indi sənayemizdə artım müşahidə olunur və əlavə qaz həcmlərinə böyük tələbat var. Sənaye artır, əhalimiz artır. Biz indi Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə fəal şəkildə məşğuluq və buna görə təbii qaza tələbat, əlbəttə ki, artacaq. Nə edilməlidir? Əlbəttə ki, biz mövcud yataqlardan və növbəti ildən etibarən istifadəyə veriləcək yeni yataqlardan qaz hasilatını artırmağı planlaşdıran əcnəbi neft şirkətləri ilə əməkdaşlığımızı davam etdirəcəyik. Xüsusilə böyük qaz kondensatı yatağı olan “Abşeron”da gələn ildən etibarən hasilata başlanılacaq. Hasilatın birinci fazası 1,5 milyard kubmetr olacaq və əlbəttə ki, hasilatın bir necə dəfə artırılması üçün potensial var.
Eyni zamanda, biz tamamilə yeni olan mövcud boru kəməri sistemini genişləndirməliyik. İki ildən az müddət bundan əvvəl biz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəmərini tamamladıq. Lakin artıq bu gün biz həcmin iki dəfə - 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı görürük. Bunun üçün əlbəttə ki, bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazım olacaq. Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. Buna görə biz ümid edirik ki, tərəfdaşlarla həmin məqama çatacağıq. Həmçinin TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi. Çünki demək olar ki, TANAP-ın bütün tutumu cəlb olunub. Əlbəttə ki, bütün bunlara əlavə sərmayə lazım olacaq. Bunun üçün bizə əlbəttə ki, türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır. Bu olmadan Avropa istehlakçılarının və həmçinin türkiyəli istehlakçıların artmaqda olan ehtiyaclarını ödəmək mümkün olmayacaq.
İndi vaxt itirmədən Trans-Balkan boru kəmərini cəlb etmək imkanı var, xüsusilə keçən ay Yunanıstan və Bolqarıstan arasında interkonnektorun açılışını nəzərə alaraq. Biz hazırıq. Bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir. Beləliklə, biz ola bilsin bir ay müddətində zəruri həcmləri təchiz etməyə hazırıq. Lakin bunun üçün bizim Türkiyə ilə tranzit razılaşmamız olmalıdır. Əfsuslar olsun ki, biz hələ o mərhələyə çatmamışıq. Danışıqlar davam edir. Danışıqlar gözlədiyimizdən daha çox vaxt aparır. Ümid edirik ki, biz bu razılığa gələcəyik. Çünki müəyyən səbəblər üzündən bu razılığa nail olmasaq, onda Türkiyəyə və Avropaya əlavə qazı təchiz etməklə bağlı bütün planlarımız təhlükə altına düşəcəkdir.
Bilirsiniz ki, bu ilin iyul ayında biz Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalamışıq və bunun üçün potensial mövcuddur. Çünki birincisi, bizim gələcək illərdə istismara verməyi planlaşdırdığımız yeni qaz yataqları var. Mən “Abşeron”u qeyd etdim. “Ümid” və “Babək” yataqlarını qeyd edə bilərəm. “Asiman”ı, “Şəfəq”i və bir çox başqalarını qeyd edə bilərəm. İkincisi, bizim enerji şirkətimiz olan SOCAR-da ciddi islahatlar aparılıb. Yeni korporativ rəhbərlik, şəffaflıq və səmərəlilik bizə əlavə qaz tutumlarına qənaət etməyə imkan verəcək. Həmçinin bərpaolunan enerji mənbələri ilə bağlı artıq beynəlxalq investorlarla başladığımız layihələr. İki layihə artıq həyata keçirilir. Yəqin ki, gələn ilin sonunadək 470 meqavat külək və günəş enerjisi mövcud olacaq. Üstəlik, Cəbrayıldakı 230 meqavat gücündə günəş elektrik stansiyası buna əlavə həcm verəcək. Bu bizə əlavə qaza qənaət etmək imkanı verəcək. Başqa sözlə, biz iyul ayında Avropa Komissiyası ilə imzaladığımız Anlaşma Memorandumunu tam icra edə biləcəyik. Lakin bunun üçün biz türk dostlarımızla razılaşmalarımızı yekunlaşdırmalıyıq. Ümid edirəm ki, bu, tezliklə baş tutacaq.
***
12:38
Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Dövlət başçısı konfransda çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
***
10:09
Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edir.
Bu mühüm tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də var.
Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunur. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılır.
Qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.
Bu istiqamətdə görülən işlər dövlətlərlə yanaşı, aparıcı beyin mərkəzləri, tanınmış ekspert və analitiklər tərəfindən də diqqətlə izlənilir. Təkcə cari il ərzində Bakı ilə yanaşı, işğaldan azad olunan ərazilərdə keçirilmiş forum və konfranslarda yüksək iştirak səviyyəsi bunu deməyə əsas verir. Belə ki, aprelin 10-13-də ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”, 29-da isə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfranslar, oktyabrın 5-6-da Ağdamda Milli Şəhərsalma Forumu və digər tədbirlər böyük maraqla qarşılanıb.