26 Yanvar 2023 13:38
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsini qəbul edib.

Teleqraf.com xəbər verir ki, səfir Mariya Viktoriya Romero Kabalyero etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında coğrafi məsafənin uzaq olmasına baxmayaraq, əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib.

Səfir də ölkələrimiz arasında əməkdaşlıq üçün çoxlu imkanların mövcudluğunu qeyd edib, xüsusilə enerji, investisiyalar, elm, təhsil və digər sahələrdə geniş potensialın olduğunu vurğulayıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulub. Səfir Meksikanın Qoşulmama Hərəkatı yanında müşahidəçi dövlət olaraq Azərbaycanın Hərəkatın sədri kimi təşəbbüslərini izlədiyini və ölkəsinin “Cənub-Cənub” əməkdaşlıq prosesini dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini qeyd edərək ölkəmizin Hərəkatın sədri olaraq onun təsisatlanması istiqamətində, o cümlədən Hərəkatın Gənclər Şəbəkəsinin və Parlament Şəbəkəsinin yaradılması təşəbbüsləri ilə çıxış etdiyini bildirib.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.

Səfir Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün səylə çalışacağını diqqətə çatdırıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın etimadnaməsini qəbul edib.

Teleqraf.com xəbər verir ki, səfir Xristos Kapodistrias etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Cənub Qaz Dəhlizinin ölkələrimizi birləşdirdiyini və bütöv bir regionun inkişafına töhfə verdiyini, ümumi maraq kəsb edən layihə olduğunu bildirib. Həmçinin Yunanıstanın Azərbaycan qazının digər Avropa ölkələrinə çatdırılmasında tranzit ölkə rolunu oynadığını qeyd edib.

Prezident İlham Əliyev Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılış mərasimində iştirakını məmnunluqla xatırlayıb və bu layihənin Avropanın enerji təhlükəsizliyinə töhfə verməsinin əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı ölkələrimiz arasında enerji ilə bərabər, digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib.

Səfir Xristos Kapodistrias Azərbaycanda fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Diplomat xüsusilə elm, təhsil, mədəniyyət, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.

Görüşdə həmçinin Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığı məsələlərinə də toxunulub, Yunanıstanın Azərbaycanın hər iki təsisatla əlaqələrinin genişləndirilməsini dəstəklədiyi qeyd olunub.

Söhbət zamanı regional məsələlərə toxunularaq, Azərbaycan ərazisində Laçın-Xankəndi yolunda baş verən hadisələr haqqında məlumat verilib, yolun guya bağlı olması barədə Ermənistan tərəfinin iddialarının tamamilə əsassız olduğu bildirilib.

Dövlət başçısı qeyd edib ki, dekabrın 12-dən indiyədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki şəxslərin və mülki yüklərin, 1000-ə yaxın nəqliyyat vasitəsinin bu yolla hər iki istiqamətdə hərəkəti təmin olunub.

***

11:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın etimadnaməsini qəbul edib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsini qəbul edib.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.


Müəllif: Teleqraf.com