28 Yanvar 2023 12:54
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Milli Məclisin "Gömrük tarifi haqqında” qanuna etdiyi dəyişiklikləri təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, dəyişikliklərə əsasən malların buraxılışı ilə bağlı gömrük orqanına daxil olan müraciətə 1 gün müddətində baxılacaq.

Aşağıdakı tələblərin yerinə yetirildiyi müəyyənləşdirildikdən dərhal sonra gömrük orqanı malların buraxılışını həyata keçirir:

- gömrük orqanına təqdim edilən bəyannamə üzrə hesablanmış gömrük ödənişləri ödənilməli;

- gömrük orqanı tərəfindən təqdim olunmuş bildirişdəki düzəlişlərin edilməsi nəticəsində yarana biləcək əlavə gömrük borcuna görə təminat verilməli;

- bəyan olunmuş malların buraxılışının həyata keçirilməsi üçün müəyyən edilmiş digər tələblər yerinə yetirilməlidir.

Bundan başqa, qanun layihəsində deyilir ki, buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunduğu andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. “Gömrük tarifi haqqında” qanuna uyğun olaraq bəyannaməçinin müraciəti əsasında malların buraxılışının həyata keçirilməsi üçün tələb olunan təminatın məbləği həmin bəyannaməçi tərəfindən gömrük orqanına təqdim edilən bəyannamədə hesablanmış və ödənilmiş gömrük ödənişləri nəzərə alınmaqla, gömrük orqanı tərəfindən təqdim edilmiş bildirişdəki düzəlişlər nəticəsində yarana biləcək əlavə gömrük borcunun ən yüksək səviyyəsində müəyyənləşdirilir.

***

Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi, "Gömrük tarifi haqqında" qanunda edilmiş dəyişikliyə əsasən Azərbaycanda bundan sonra malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı, gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir.

Bəyannaməçinin gömrük orqanına təqdim etdiyi gömrük bəyannaməsi təqdim edildiyi tarixdən 1 gün müddətində gömrük orqanı tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti ilə əlaqədar olaraq təsdiq edilmədikdə, bəyannaməçi malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciətə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim edildiyi andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir.

Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.


Müəllif: Teleqraf.com