Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
- Xoş gəlmisiniz, cənab nazir, Sizi Azərbaycanda görməyimə çox şadam. Bu, doğrudan da çox önəmli tədbirdir və İtaliya-Azərbaycan dostluğunu böyük dərəcədə gücləndirəcək bir layihədir. Qeyd olunduğu kimi, İtaliya-Azərbaycan əlaqələri strateji məna daşıyır və biz çalışırıq ki, bu strateji tərəfdaşlıq çərçivələrini daha da genişləndirək. İlk növbədə, siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Siz də öz çıxışınızda qeyd etdiniz ki, Prezident Mattarellanın Azərbaycana səfəri, mənim İtaliyaya səfərlərim bu əlaqələri daha da gücləndirir. Əlbəttə ki, yanvarın 11-dən bu günə qədər İtaliya hökumətinin üç nazirinin Azərbaycana gəlməsi çox önəmli və deyə bilərəm ki, fövqəladə bir hadisədir. Bu səfərlər zamanı biz həm hərbi, hərbi-texniki, energetika və bütövlükdə investisiya, ticarət sahələrində əməkdaşlığı müzakirə etmişik və edəcəyik.
Güclü siyasi əlaqələrimiz çox böyük təməldir. Neft-qaz və hazırda elektroenergetika layihələri bu təməli böyük dərəcədə gücləndirdi. Eyni zamanda, biz istəyirik ki, ticarət əlaqələri daha da şaxəli olsun. Bilirsiniz ki, İtaliya-Azərbaycan Universitetinin inşa edilməsi prosesi sürətlə gedir, 5 İtaliya universiteti bizimlə artıq tərəfdaşdır. Eyni zamanda, azad olunmuş torpaqlarda ən çox iş görən şirkətlər Türkiyəni və İtaliyan təmsil edirlər.
Onu da bildirməliyəm, İtaliya-Azərbaycan əlaqələri o qədər dərin və səmimidir ki, biz özümüz üçün ən vacib saydığımız layihələri məhz İtaliya şirkətlərinə həvalə etmişik. Məsələn, Bakı şəhərində, azad edilmiş bir çox şəhərlərdə Qələbə və İşğal muzeyləri İtaliya şirkətləri tərəfindən yaradılır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dağılmış 3 məscid və yeni inşa edilən 1 məscid İtaliya şirkətləri tərəfindən bərpa olunur və inşa edilir. Yəni, bütün digər sahələrlə yanaşı, qeyd etdiyim bu layihələr bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu, bizim həm tarixi keçmişimizdir, eyni zamanda, Qələbəni əks etdirən yeni rəmzlər olacaq.
İkinci Qarabağ müharibəsi başa çatandan bir ay sonra “Azərenerji” ilə “Ansaldo” arasında çox önəmli müqavilə imzalanmışdır. İşğaldan azad edilmiş torpaqlar 10 min kvadratkilometrə bərabərdir. Müqayisə üçün deyim ki, Livan boyda bir ərazidir. Burada hər şey dağıdılıb, ona görə biz hər şeyi yenidən qururuq və istəyirik ki, bu işlərdə daha çox İtaliya şirkəti iştirak etsin - həm inşaat, həm xidmət, həm sərmayə səhələrində, həm də kontraktor kimi. Artıq İtaliyanın “İveco” şirkəti orada öz müəssisəsini yaratmağa start verib. Orada yük maşınlarının istehsalı nəzərdə tutulur. Ona görə gündəlik çox genişdir və əminəm ki, səfər zamanı bütün bu məsələlər geniş müzakirə ediləcək.
Nazir Adolfo Urso deyib:
-Təşəkkür edirəm cənab Prezident, qəbula görə minnətdarlığımı bildirirəm.
Sizin ölkənizdə dəfələrlə olmuşam. Mən hələ xarici ticarət naziri olduğum zaman Azərbaycana səfər etmişdim. Bu gün isə “Ansaldo” ilə razılaşmanın qeyd olunması mərasiminə qatılmışam.
Siz ərazilərinizi azad etdikdən bir neçə gün sonra İtaliyanın parlament nümayəndə heyətinin tərkibində ölkənizə səfər etdim. O vaxt həmin yerlərə baş çəkdik. Ağdam şəhərinə getdiyimi, məscidin minarəsindən çəkdiklərimi xatırlayıram. İtaliyanın informasiya kanallarında onları nümayiş etdirdim. Bu səfər məndə böyük hisslər doğurdu. Bu dağıntıları heç kəs təsəvvür edə bilmirdi.
Görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinin vacibliyi qeyd edilib, bu komissiyanın iclasının tezliklə keçirilməsinin qarşıya qoyulmuş vəzifələrin icrası baxımından önəmi vurğulanıb.
Söhbət zamanı Azərbaycanla İtaliya arasında enerji sahəsi ilə yanaşı bərpaolunan enerji, kənd təsərrüfatı texnikası, əczaçılıq sənayesi, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə fikir mübadiləsi aparılıb.
İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində hazırda mühüm rol oynayan TAP layihəsinin əhəmiyyəti və gələcəkdə onun ötürmə qabiliyyətinin artırılması məsələləri müzakirə olunub.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrin inkişafına İtaliyanın həmişə verdiyi dəstək yüksək qiymətləndirilib və Avropa İttifaqı ölkələri arasında İtaliyanın Azərbaycanın mühüm tərəfdaşı olduğu vurğulanıb.
Müzakirə edilən məsələlərin icrası üçün aidiyyəti nazirliklər səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə tapşırıqlar verilib.
***
12:23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.