11 Mart 2023 13:25
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com-un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Çin Xalq Respublikasının Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Səsvermənin yekdil nəticələri Sizin şəxsinizə olan böyük inam və etimadın, həyata keçirdiyiniz siyasi xəttə dəstəyin təzahürü, Çinin hərtərəfli inkişafı və rifahı yolunda genişmiqyaslı fəaliyyətinizə və xidmətlərinizə verilən yüksək qiymətdir.

Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. Biz Azərbaycan ilə Çin arasında tarixi ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş münasibətlərə xüsusi əhəmiyyət veririk. Dövlətlərarası əlaqələrimizin gündən-günə yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması və yeni məzmun kəsb etməsi məmnunluq doğurur.

Daim genişlənən siyasi dialoqumuz, iqtisadiyyat, nəqliyyat, logistika, infrastruktur, investisiya, enerji və digər sahələrdə uğurlu əməkdaşlığımız, “Kəmər və yol”, “Orta dəhliz” layihələri çərçivəsində tərəfdaşlığımız, Çin şirkətlərinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində fəal iştirakı sıx münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Çin əlaqələrinin bütün sahələrdə dərinləşdirilməsi, əməkdaşlığımızın genişləndirilməsi, regional iqtisadi tərəfdaşlıq üçün geniş perspektivlər açan infrastruktur layihələri çərçivəsində qarşılıqlı fəaliyyətimizin daha da inkişaf etdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Hörmətli cənab Sədr, bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, Çin Xalq Respublikasının dost xalqının firavanlığı naminə məsul fəaliyyətinizdə daim müvəffəqiyyətlər diləyirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər