Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə imzaladığı Fərmanda deyilir.
Fərmana əsasən, katiblik Komissiyanın fəaliyyətini və iclasları ilə bağlı təşkilati məsələləri həll edir; komissiyanın müzakirəsinə çıxarılacaq məsələlərlə bağlı sənədləri hazırlayır, kargüzarlıq işlərini həyata keçirir, iclasların protokollarını tərtib edir, eləcə də iclasların yekun sənədlərinin layihələrini Komissiyanın sədrinə və üzvlərinə təqdim edir; aidiyyəti dövlət orqanlarından və qurumlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə və təşkilatlardan iclaslarda baxılan məsələlərlə bağlı məlumat, rəy və təkliflər alır; Komissiyanın qərarlarının icrası ilə əlaqədar tədbirlər görür, Komissiya tərəfindən həyata keçirilməli olan tədbirlərin monitorinqini aparır və nəticələri barədə aidiyyəti üzrə təqdim edilməsi üçün hesabatlar hazırlayır.