4 May 2023 01:00
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Konfransı açan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Sabahınız xeyir. Əziz qonaqlar, Qarabağa xoş gəlmisiniz, Şuşaya xoş gəlmisiniz. Sizi burada görməyə çox şadam.

Əvvəla müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu konfransı təşkil etdiyi üçün mən ADA Universitetinə təşəkkürümü bildirmək istəyirəm. Məni bu konfransa dəvət etdilər və mən burada - Qarabağda görüşməyə qərar verdim.

Mən ADA Universitetinin təşkil etdiyi bir çox tədbirlərdə olmuşam, Bakıda beynəlxalq ekspertlərlə, ictimai xadimlərlə görüşmüşəm, lakin burada belə bir görüş ilk dəfədir ki, keçirilir. Ümid edirəm ki, Azərbaycana ziyarətinizdən, Şuşaya səfərinizdən məmnun qalacaqsınız. Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var. İndi isə Şuşa demək olar ki, sıfırdan yenidən qurulur.

Bu il Ulu Öndərimizin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində biz müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil edirik. Biz Heydər Əliyevin 100 illik yubileyini, sadəcə, rəsmi xarakter daşıyan tədbirlərin keçirilməsi ilə qeyd etmək istəmirik. Biz bunu xüsusi diqqət tələb edən real məsələlərin müzakirəsi ilə qeyd etmək istəyirik, çünki regiondakı geosiyasət dəyişib və konfransın mövzusu da bu məsələni əhatə edir.

Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində onun tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir. Beləliklə, əlbəttə ki, onun xatirəsinə həsr olunmuş tədbirlər il ərzində davam edəcək. Biz bu məkanda əsasən Azərbaycanın gələcək inkişafı ilə bağlı olan fikir və ideyaların mübadiləsini aparmaqla praktiki addımları müzakirə etmək istəyirik və regional inkişaf proseslərinə də nəzər salmalıyıq. Çünki biz regionda baş verən proseslərə göz yuma bilmərik. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq. Görüşün Şuşada keçirilməsinin əlbəttə ki, hamımız üçün xüsusi mənası var. Yeri gəlmişkən, keçən ili mən “Şuşa İli” elan etmişdim, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi. Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi. Amma mən bilirəm, siz bizim görüşdən sonra şəhərə ekskursiya edəcəksiniz və özünüz görəcəksiniz ki, işğal dövründə Şuşa demək olar, tamamilə dağıdılmışdır. Bu, bir daha onu göstərir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır.

Əgər bu belə olsaydı, onlar onu saxlayardılar, şəhəri dağıtmazdılar, onu inkişaf etdirərdilər. Sizin gördükləriniz və ya görəcəklərinizin əksəriyyəti, binalar ya son iki il yarım ərzində bərpa olunub, ya da sıfırdan tikilib. Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Biz bununla fəxr edirik, biz buna sevinirik. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir. Bütün dünya azərbaycanlıları bizim Qələbəmizlə qürur duyurlar. Bu, ədalətin, tarixi ədalətin bərpa olunmasının, beynəlxalq hüququn qələbəsi idi. Buraya səfər etdiyiniz üçün bir daha sizə təşəkkürümü bildirirəm. Hava o qədər də mülayim deyil, lakin Şuşa belədir. Havanı heç vaxt proqnozlaşdırmaq olmur. Burada tufan qopa bilər, yağış yağa bilər və sonra da qəflətən Günəş çıxa bilər. Ümid edirəm ki, səfərinizdən məmnun qalacaqsınız. Təşəkkür edirəm.

x x x

ADA Universitetinin rektoru Hafiz Paşayev: Cənab Prezident, çox sağ olun. Dünən Bakıda, bizim universitetdə çox faydalı müzakirələrimiz oldu. Bu mövzunu müzakirə etmək və Ümummilli Liderimizin 100 illik yubileyini qeyd etmək üçün altmışdan çox elm adamı və politoloq Bakıya gəlib. Bizim çox yaxşı müzakirələrimiz olub. Özüm də daxil olmaqla biz möhtəşəm şəhərdə, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada olmaq fürsətinə görə çox sevinirik. İndi biz burdayıq, çox xoşbəxtik. Konfransın altmış iştirakçısından ən azından yarısı ilk dəfədir ki, bizim tədbirdə iştirak edir. İcazənizlə müzakirəyə keçmək istərdik. Əvvəlcə sual vermək üçün sözü ABŞ-ın Prinston Universitetindən olan Maykl Reynoldsa vermək istəyirəm. Onun sualı var.

ABŞ-ın Prinston Universitetinin Yaxın Şərq Araşdırmaları üzrə professoru Maykl Reynolds: Bəli, təşəkkür edirəm. Cənab Prezident, ötən ilin aprel ayında Siz burada, Şuşada, zənnimcə Dünya Azərbaycanlılarının Beşinci Qurultayında çıxış edirdiniz və dediniz ki, əgər Ermənistan və Azərbaycan arasındakı danışıqlar sülh sazişi və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanınması ilə nəticələnməzsə onda Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və bunu rəsmi şəkildə bəyan edəcək. Bu gün bir çoxumuz müəyyən sülh sazişinin imzalanmasına, Ermənistan və Azərbaycan arasında olan vəziyyətə dair həll yolunun tezliklə tapılmasına ümid edirik. Ola bilsin ki, indi biz danışarkən Vaşinqtonda bu məsələ üzərində işləyirlər. İkinci Qarabağ müharibəsinin bitməsindən iki il yarım keçir və hələ də münaqişənin yekun həllinə nail olunmayıb. Ermənistan Azərbaycanla razılaşmaqdan imtina edərsə, Azərbaycanın masa üzərində hansı imkanları var və müzakirə predmeti olmayan hansısa imkanlar varmı?

Prezident İlham Əliyev: Mən dəfələrlə bu məsələyə dair fikrimi bildirmişəm. Demişəm ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər. Yeri gəlmişkən, nəticə nöqteyi-nəzərindən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi. Bəli, işğal dövründə Minsk qrupu Azərbaycanda çox populyar deyildi. İndi isə o artıq fəaliyyətini dayandırdığı üçün biz yəqin ki, bu məsələni dərindən müzakirə etməməliyik. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi. Onlar, sadəcə, bu taktikadan istifadə edirlər, prosesi ləngidirlər, bir addım irəli, iki, üç və ya hətta beş addım geriyə atırlar. Onlar vəziyyətin olduğu kimi qalmasını və onu dondurmaq istəyirdilər. Onlar düşünürdülər ki, işğalı legitimləşdirə biləcəklər. Düşünürdülər ki, biz öz ərazi bütövlüyümüzlə bağlı bir kompromisə gedəcəyik. Hesab edirdilər ki, onların beynəlxalq sponsorları həmişə onların yanında olacaq və onlar üçün mübarizə aparacaqlar. Lakin bu, səhv hesablanmış bir addım idi. Onlar yanlış idilər.

Beləliklə, indi nə baş verə bilər. Eyni hadisə baş verə bilər. Onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər. Möcüzəni, dəyişiklikləri gözləyirlər. Hesab edirəm ki, onlar imkanları əldən verəcəklər. Çünki demək olar ki, otuzillik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər. Mən erməni həmkarımla danışıqlarımda çalışıram ona izah edim ki, ilk növbədə sülh sazişi onların marağına xidmət edir. Kommunikasiyaların açılması onların marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salsanız görərsiniz ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur.

İkinci Qarabağ müharibəsi bitəndə heç də çoxu sonra nəyin baş verəcəyini bilmirdi. Çünki üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil. Beləliklə, sonra nəyin baş verəcəyi böyük sual işarəsi idi. Beləliklə, biz təşəbbüs göstərdik, biz inteqrasiya olunmuş Cənub Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə baxışı irəli sürdük. Buna görə biz sülh danışıqlarına başlamaq təşəbbüsünü irəli sürdük. Bütün istiqamətlərdən səs çıxmadı. Biz müəyyən vaxt gözlədikdən sonra tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdük. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən yəqin ki, onlar üçün çətin idi. Sonra isə bizdə Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən yenə də uzun fasilə oldu.

Biz onlara sülh sazişinin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərdik. Onlar öz qeydlərini bildirdilər. Biz onların sonuncu şərhini qırx gündən çoxdur ki, gözləyirdik. Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq. Bu da Vaşinqtondakı görüşdən əvvəl idi, çünki onlar onsuz da Vaşinqtondakı görüşün mənasız olduğunu başa düşdülər. Lakin bizim bu şərhlərdə gördüklərimiz yenə də Azərbaycana qarşı ərazi iddialarıdır. ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarımda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, burada ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır.

Buna görə biz onların konstruktivliyinə ümid edirik. Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət, - söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, - dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaqdır. Ümid edirəm ki, Vaşinqton danışıqları hətta nəticə verməsə belə, biz tərəqqinin əlamətlərini görə biləcəyik.

Hafiz Paşayev: İndi isə sözü Ceymstaun Fondundan Vladimir Sokora vermək istəyirəm.

ABŞ-ın Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokor: Cənab Prezident Azərbaycan NATO-ya üzv ölkə və regional güc olan Türkiyə ilə NATO çərçivəsindən kənar ikitərəfli müttəfiqlik qurub. Bu, bütün postsovet kontekstində Azərbaycanın təkrarolunmaz nailiyyətidir. Bu münasibətlərdə hərbi və təhlükəsizlik sahəsində müttəfiqlik var. Bu müttəfiqlik bir çox strateji tərəfdaşlıqlardan daha da yaxındır. Bu müttəfiqlik onun nə qədər önəmli olmasına baxmayaraq, təkcə şəxsi münasibətlərə yox, ortaq milli maraqlara söykənir. Bir çoxlarımız bu müttəfiqliyin Türkiyədə seçkilərin nəticəsindən asılı olmayaraq davam etməsinə və daimi xarakter almasına əmin olmaq istəyirik. Eyni zamanda, Türkiyənin paralel olaraq bir neçə mübahisəli hadisələrdə iştirak etməsi və bunların hamısının Türkiyə ehtiyatlarına dair iddialarının olduğunu nəzərə alaraq bir çoxlarımız əmin olmaq istəyirik ki, Azərbaycanın Türkiyənin öz milli prioritetləri arasında ən yüksək prioritet daşıdığına dair güclü arqument irəli sürmək mümkündür. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox sağ olun. Bu məsələ ilə bağlı sizin baxışlarınızla tamamilə razıyam. Yeri gəlmişkən, Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsi burada, Şuşada, bu binadan bir neçə metr aralıda imzalanmışdır. Bu, tarixi hadisə idi. Buna baxmayaraq, Azərbaycanla Türkiyə arasında münasibətlər de-fakto müttəfiq münasibətləri idi və biz bunu xüsusi olaraq son iyirmi ildə nümayiş etdirmişdik. Prezident Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi son iyirmi ildə bizim münasibətlərimiz mənim onunla birgə səylərimiz nəticəsində təkcə qardaş xalqlar arasında deyil, eyni zamanda, müttəfiqlər arasında olan münasibətlərə çevrilmişdir. Biz bunu dəfələrlə nümayiş etdirmişik. Buna görə, əlbəttə ki, bu, regional inkişafın önəmli amilidir və siz Azərbaycanın Türkiyənin hərbi müttəfiqi olmasından dolayı olaraq NATO-nun hərbi müttəfiqinə çevrilməsini söyləməklə tamamilə haqlısınız. Yeri gəlmişkən, keçmiş Sovetlər İttifaqına daxil olan müxtəlif ölkələrdə Avratlantik inteqrasiyaya və əməkdaşlığa gedən yola dair müəyyən miskonsepsiya mövcud idi. İstər bu NATO, istərsə də Avropa İttifaqı olsun. Bəli, Azərbaycan rəsmi olaraq istənilən növ razılaşmalara daxil olmadı. Biz hətta “Şərq tərəfdaşlığı” Proqramına üzv olan bəzi dövlətlərdən fərqli olaraq Avropa İttifaqı ilə Assosiasiya sazişinə imza atmadıq. Lakin biz bunu onlarla yaxın olmaq istəmədiyimizə görə etmədik. Biz vahid əməkdaşlıq formatına malik olmaq istəmirik. Fikrimcə və mən bunu tam səmimiyyətlə deyirəm assosiasiya sazişi, sözün əsl mənasında, saziş deyil. Bu, sadəcə, bir sözdür. Bu, həmin formata qoşulmuş ölkələrə təqdim olunmuş, sadəcə, təlimatlardan ibarət bir siyahıdır. Bu, onların seçimidir və biz ona hörmətlə yanaşırıq. Lakin bu, bizim seçimimiz deyil. Biz fərqli yolu seçmişik və biz Avropa İttifaqına üzv olan doqquz dövlət ilə strateji tərəfdaşlıq sazişini və bəyannaməsini imzalamışıq. Beləliklə, bu, üzv dövlətlərin üçdəbirini təşkil edir. Fərqi yoxdur, strateji tərəfdaşlıq haqqında imzalanmış və ya qəbul edilmiş bəyannamələr assosiasiya sazişindən daha böyük dəyərə malikdir.

Eyni fikri NATO-ya da şamil etmək olar. Bəzi ölkələr NATO-ya yaxın görünə bilərlər, bəzi ölkələr NATO-ya üzv olmaq hədəfini elan ediblər. Mən “Şərq tərəfdaşlığı” Proqramına üzv olan ölkələri nəzərdə tuturam. Bəzi ölkələr bunu artıq əlli ildən çoxdur ki, bəyan ediblər. Yeri gəlmişkən, NATO on beş il bundan əvvəl Ukraynaya və Gürcüstana NATO üzvlüyünü vəd etmişdir. Bu, mənim xatirəmdədir. Mən NATO-nun Buxarestdəki Zirvə görüşündə iştirak edirdim və Ukrayna ilə Gürcüstan bəzi aparıcı Avropa ölkələrinin rəhbərləri tərəfindən NATO-ya üzvlük üçün tədbirlər planına qəbul edilməmişdir. Lakin bunun əvəzində elan olunmuşdur ki, onlar üzv olacaqlar. Nə zaman? Bunu heç kim söyləmədi, 15 il keçib. Onlar olduqları yerdədirlər. Lakin biz ordusunun gücü baxımından NATO-nun ikinci dövləti ilə saziş imzaladıq və bu ciddidir. Beləliklə, biz əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçmişik. Azərbaycanla Türkiyə arasındakı gələcək münasibətlərə gəlincə, mən tamamilə əminəm ki, hər iki ölkə nəinki təkcə bu müttəfiqliyin formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdir. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. İstər bu hərbi komponent, enerji, kommunikasiyalar, istərsə də ticarət və s. sahələr olsun. Mən çox nikbinəm və düşünürəm ki, Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək.

Hafiz Paşayev: Marqarita Asenova, Ceymstaun Fondundan.

ABŞ-ın Ceymstaun Fondunun baş elmi işçisi Marqarita Asenova: Cənab Prezident bu gün bizə vaxt ayırdığınız və bizimlə görüşmək üçün Şuşaya gəldiyinizə görə çox sağ olun. Mənim regionda təhlükəsizliklə və inkişafetmə potensialı olan hadisələrlə bağlı sualım var. Rusiyanın disinteqrasiyasının potensial uğursuzluğu Azərbaycana və Qafqaza ciddi təsir edə bilər. Moskvanın özündən diqqəti yayındırmaq üçün Azərbaycanın qonşusu olan Dağıstan və Çeçenistanla problemlər törətməsi mümkün ssenarilərdən biridir. Mənim sualım isə ondan ibarətdir ki, Azərbaycan belə bir ssenariyə necə hazırlaşa bilər və bu işdə Bakının tərəfdaşları kim olacaq?

Prezident İlham Əliyev: Əvvəla, zənnimcə, biz Rusiyanın, Sizin dediyiniz kimi parçalanacağı vaxtı görməyəcəyik. Biz Rusiya üçün bu ssenarini proqnozlaşdırmırıq. Biz Rusiyanın və bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik və hesab edirəm ki, istənilən ölkənin, xüsusilə qonşunuzun parçalanması, əlbəttə, sizin üçün potensial təhlükə törədə bilər. Qonşularımıza, tarixi qonşularımıza, Dağıstan və Çeçenistandakı qardaşlarımıza gəldikdə, bizim onlarla tarixə, ortaq tarixə və qardaşlığa əsaslanan münasibətlərimiz var. Cənubi Qafqazda Azərbaycan bütün dönəmlərdə - Sovet İttifaqı dönəmində, Çar Rusiyası dönəmində və ondan əvvəl həmişə Şimali Qafqaz xalqlarına tarixi əlaqələr, dini əlaqələr, qohumluq əlaqələri kimi bir çox əlaqələr baxımından ən yaxın olmuşdur. Beləliklə, biz həmişə Dağıstan və Çeçenistandakı qardaşlarımızın öz böyük potensialını tam həyata keçirmək imkanında olduqlarını istəmişik. Bu gün bizim çox fəal qarşılıqlı əlaqə formatımız var. Bu iki respublikadan Azərbaycana və Azərbaycandan oraya müxtəlif səviyyələrdə çoxlu nümayəndə heyətləri gəlir. Biz əməkdaşlıq haqqında sazişlər imzalamışıq və sadəcə, bu yaxınlarda Dağıstanla bir neçə illik proqram imzalanmışdır. Beləliklə, Qafqaz mürəkkəb bir ərazidir, təəssüf ki, Balkan ölkələri kimi. Balkan ölkələri və Qafqaz dünyanın ən gözəl guşələrindən biridir, lakin ən mürəkkəb və faciəvi tarixə malik olanlar da onlardır. Biz Şimali Qafqazda qardaşlarımızın faciəvi tarixini bilirik. Onlar da Cənubi Qafqazda olan azərbaycanlıların faciəvi tarixini bilirlər. Biz heç vaxt bu tarixi unutmuruq. Çünki onu unutsaq bizim gələcəyimiz olmaz və addımlarımızı vaxta və əmələ görə qiymətləndirə bilməyəcəyik. Lakin bu, eyni zamanda, bizi birləşdirən məsələdir. Əlbəttə ki, Azərbaycan və Rusiya arasında münasibətlərdə Azərbaycanla Şimali Qafqaz respublikaları arasında kommunikasiyalar həmişə vacib amil rolunu oynayıb. Bunu həm Moskvada, həm də Bakıda yaxşı başa düşürlər və çoxsaylı yüksək səviyyəli təmaslarda biz həmişə Şimali Qafqazda və Cənubi Qafqazda, xüsusilə Azərbaycanda sabitlik və sülhün vacibliyini qeyd etmişik. Beləliklə, Qafqazda ayırıcı xətlər, inzibati sərhədlər, dövlət sərhədləri olsa da belə, Qafqaz vahid bir orqanizmdir. Siz bədəni ikiyə ayıra bilməzsiniz. Hesab edirəm ki, bu gün təhlükələrin qarşılıqlı anlayışı və potensialı daha çox nəzərəçarpandır. Buna səbəb geosiyasi vəziyyətin dəyişməsidir və Şimali Qafqazda da sabitlik üçün Azərbaycanın artmaqda olan əhəmiyyətidir.

Hafiz Paşayev: Növbəti sual, Birləşmiş Krallıqdan Con Roberts.

Böyük Britaniyanın “Methkins” şirkətinin enerji təhlükəsizliyi üzrə mütəxəssisi Con Roberts: Cənab Prezident, bu gün buraya gəldiyiniz üçün çox sağ olun. Mənim belə bir sualım var. Sizin, fikrinizcə, Qazaxıstanın Rusiya ərazisindən enerji ixracı marşrutları ilə bağlı problemləri nə dərəcədə ciddidir? Qazaxıstana alternativ enerji marşrutlarını tapmağa kömək etmək üçün Azərbaycan nə edə bilər?

Prezident İlham Əliyev: Məndə olan məlumata görə, Qazaxıstanın ənənəvi marşrutlarla öz karbohidrogen ehtiyatlarını ixrac etməsi üçün heç bir problemi yoxdur. Bilirəm ki, boru kəmərlərində və ya terminalda bəzi texniki problemlər var idi, lakin onlar öz həllini tapmışdır. Bu gün yenə də Qazaxıstan nefti ənənəvi marşrutlarla ixrac olunur. Lakin, eyni zamanda, mənim ötən ay Qazaxıstana rəsmi səfərim zamanı biz enerji sahəsində də əməkdaşlıq perspektivlərini müzakirə etdik. Bu məsələni müzakirə etmək üçün Qazaxıstandan Azərbaycana və əks istiqamətdə bir neçə nümayəndə heyəti səfərdə olmuşdur. Azərbaycanın boru kəməri infrastrukturu vasitəsilə Qazaxıstandan neftin nəqlinə başlanılması barədə razılıq əldə olundu. Beləliklə, proses sadəcə bu yaxınlarda başlayıb və 1,5 milyon ton neftin təchizi və onun Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Aralıq dənizinin sahilinə nəqli üçün müqavilə imzalanmışdır. Qazaxıstan neftinin Azərbaycandan nəql edilərək həcmini artırmaq üçün planlar da var və danışıqlar indi davam edir. Bizim boru kəməri infrastruktur buna imkan verir. Bakı-Tbilisi-Ceyhanla neft nəqlinin həcminin artırılması ilə əlaqədar olaraq problem yekun məhsulun keyfiyyəti ilə bağlı ola bilər. Çünki Qazaxıstan nefti “AzeriLight” markasından fərqlidir və əgər Bakı-Tbilisi-Ceyhan vasitəsilə böyük neft həcmi nəql olunarsa biz keyfiyyətdə itirəcəyik. Çünki Bakı-Tbilisi-Ceyhanla ixrac etdiyimiz “AzeriLight” markalı neft hətta “Brent” markalı neftdən də dəyərlidir. Lakin digər variantlar da var. Ceyhandakı yekun məhsulun keyfiyyəti dəyişərsə, biz əlbəttə ki, müəyyən kommersiya şərtləri üzərində çalışa bilərik. Yaxud Bakıdan Gürcüstanın Supsa dəniz limanına gedən boru kəmərimiz boş olarsa, biz bu boru kəmərindən istifadə edə bilərik, çünki Qara dənizdə böyük bazar var. Mən bəzi Qara dəniz ölkələrində Qazaxıstanın neft emalı müəssisələrinə malik olduğunu bilirəm. Beləliklə, biz həmişə Xəzərin o tayında olan qonşularımızın öz ixracı üçün Azərbaycanın infrastrukturundan istifadə etməsi ilə bağlı planlarını dəstəkləmişik. Yeri gəlmişkən, uzun illər ərzində Türkmənistan nefti Azərbaycan ərazisindən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəql olunur. Beləliklə, bütün bunlar kommersiya məsələləridir. Hesab edirəm ki, biz müəyyən geosiyasi dəyişiklikləri, siyasi üstünlükləri axtarmamalıyıq. Bilirsiniz əgər Rusiya daha sərfəli olduğu üçün neftini Bakı-Tbilisi-Ceyhanla nəql etməyə qərar verərsə, əlbəttə ki, onlar bunu edəcəklər. Beləliklə, bu gün biz Rusiyadan, Türkmənistandan, Qazaxıstandan olan neftin nəqli üçün tranzit ölkəsiyik. Neftin həcmi artarsa bu, bizi yalnız sevindirər. Gələcəkdə daha çox tranzit haqlarını kim istəməz ki? Söhbət təkcə neftdən getmir. Yeri gəlmişkən, biz uranyumun ixracı üçün Qazaxıstana vacib nəqliyyat imkanını təmin edirik. Bu, təkcə Qazaxıstan üçün yox, həm də uranyumu alan iki ölkə üçün də mühüm əhəmiyyət kəsb edir. Bir çox digər yüklər də var-Türkmənistandan neft-kimya, gübrə məhsulları. Yeri gəlmişkən, biz Asiyadan daha çox yük həcmini gözlədiyimiz üçün dəniz ticarət limanımızın tutumunu artırırıq.

Hafiz Paşayev: Vasa Laslo, Macarıstanın Beynəlxalq Əlaqələr İnstitutunun tədqiqatçı professoru.

Vasa Laslo: Təşəkkür edirəm, Zati-aliləri. Burada olduğuma və dəvətə görə bir daha təşəkkür edirəm. Mənim sualım daha çox regionun iqtisadi məsələləri ilə əlaqədardır. Mərkəzi Asiya ölkələrinin öz bazarları və iqtisadiyyatları arasında bir növ əməkdaşlıq qurmaqla bağlı bəzi fikirləri var. Sözsüz ki, bu, gələn ilin işi deyil. Lakin ən azı onlar bu barədə düşünürlər. Əgər bu, həyata keçsə, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həmin iqtisadi birliyə qoşulacaqmı? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: “Əgər”lə olan suallara cavab vermək həmişə çətindir. Əgər nə isə baş versə, nə edərdiniz? Əgər bu, baş versə biz nə edəcəyimizə baxarıq. Ona görə də düşünürəm ki, hadisələri qabaqlamamalıyıq. Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır. Bu il ötən ay mən Tacikistan və Qazaxıstanda rəsmi səfərdə oldum. Martda Özbəkistan və Türkmənistan prezidentləri Azərbaycanda səfərdə oldular. Mən, həmçinin ötən ilin sonunda Qırğızıstanda rəsmi səfərdə oldum. Ötən il mən Özbəkistana 3 dəfə səfər etdim. Beləliklə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında dialoqun necə fəal olduğunu görə bilərsiniz. Bu, çox müsbət dinamikadır. Düşünürəm ki, ümumilikdə, nəsə olacağı təqdirdə nə ola biləcəyindən asılı olmayaraq, zənnimcə, Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir. Bunun niyə belə olduğu başa düşüləndir. Burada artıq müasir nəqliyyat infrastrukturuna malik dost ölkə var, istər dəmir yolu, dəniz limanları olsun, Xəzərdə ən böyük donanma, eləcə də yeri gəlmişkən, Qara dənizdə gəmilərin sayının artması olsun. Biz regionda ən böyük hava daşımaları şirkəti və Şərq-Qərb, Şimal-Cənub kimi dəhlizlərə çıxışla Qara dənizdə nəqliyyat mövcudluğumuzu fəal şəkildə artırmağa başlamışıq. Sözsüz ki, bu, böyük imkandır. Sözsüz ki, biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik. Formal nöqteyi-nəzərdən bunun necə tərəfdaşlıq olacağı o qədər də əhəmiyyətli deyil. Biz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq. Qeyd etdiyim kimi, Tacikistanla çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu, bir növ bu günün reallığıdır. Əlbəttə, bunu daha da fəallaşdırmaq vacibdir, baxmayaraq ki, sizə deyə bilərəm, son iki ildə mənim Mərkəzi Asiyadan olan tərəfdaşlarla qarşılıqlı əlaqələrim və qarşılıqlı səfərlər misli görünməmiş dərəcədə yüksəkdir. Düşünürəm ki, bu, sizin “nə isə baş versə, nə baş verər” sualınızın qismən cavabıdır.

Hafiz Paşayev: Brenda Şafer. ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbi. Buyurun.

ABŞ-ın Hərbi Dəniz Donanması Ali Məktəbinin professoru Brenda Şafer: Prezident Əliyev, bizimlə görüşdüyünüzə görə təşəkkür edirik. Burada, Şuşada olmaq şərəfdir. Düşünürəm ki, bu, əlbəttə, bizim hamımızın arzusudur. Qeyd etdiyiniz kimi, beynəlxalq hüquq Şuşanın statusunu, Qarabağın statusunu aydın müəyyənləşdirmişdi. Lakin Azərbaycan Sizin rəhbərliyinizlə BMT-nin qətnamələrini özü icra etməli oldu. Mənim bununla bağlı iki sualım var. Birincisi, ərazi bütövlüyü prinsipi ilə bağlıdır. Biz bu prinsipin Ukraynaya, Gürcüstana birmənalı olaraq şamil edildiyini eşidirik. Hətta ABŞ-ın bu yaxınlarda açıqlanmış Təhlükəsizlik Strategiyasında deyilir ki, ABŞ Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü təşviq etməlidir və Ermənistanla Azərbaycan arasında sülhü təşviq etməlidir. Bu sözlər açıq-aşkar sizin ərazi bütövlüyünüzü təşviq etmir. Bizə bunun niyə belə olduğunu izah edin. Niyə bu prinsip müəyyən ölkələrə şamil edilir, digər ölkələrə şamil edilmir? Bunun nəticələri nədən ibarətdir? Əgər daha bir sual verə bilsəm, enerji hesablamaları, enerji siyasəti çox çətindir. Texnologiya, geosiyasət, iqtisadiyyat, qanunlar var və bunları başa düşmək çox çətindir. Lakin Azərbaycan hər zaman bunu düzgün yoluna qoyub. BTC-də əlavə tutumu təmin edərkən, insanlar bu qədər poladı israf etməyə nə ehtiyac var deyirdilər, indi isə Mərkəzi Asiyadan neft nəql olunur. Prezident Heydər Əliyev söyləmişdi ki, Mərkəzi Asiya nefti gələcək. Bu, onun bəyanatlarından biri idi. İnsanlar bunun sonuncu qaz kəməri olduğunu deyəndə, Cənub Qaz Dəhlizi miqyası dəyişdirilə bilən əlavə tutum yaratdı. 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizində kommersiya əməliyyatları başlayanda insanlar, ölkələr artıq əlavə qaz üçün növbəyə dayanmışdılar. Enerji proqnozlarının Azərbaycanın doğru olaraq etdikləri kimi olması üçün nələrə diqqət yetirməliyik? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Birinci suala gəlincə, bilirsiniz ki, mən amerikalı tərəfdaşlarımıza bu sualı neçə dəfə verdiyimi özümdən soruşuram. Niyə? Ancaq heç vaxt heç bir cavab almamışam. Çünki Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var və müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdi var. Biz hər zaman ABŞ prezidentlərinin rəsmi bəyanatlarında, Gürcüstan, Moldova və Ukrayna liderlərinə məktublarında ərazi bütövlüyünə dəstəklə bağlı çox açıq sözlər eşitmişik. Azərbaycana gəldikdə isə, onlar sanki bunu söyləyirlər, lakin, eyni zamanda, sülh yolu ilə nizamlanma. İşğal dövründə bu, daha ədalətsiz və haqsız idi. Əlbəttə ki, biz buna daha çox həssas yanaşırdıq. İndi biz daha az həssasıq, çünki biz beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi görmüşük, Təhlükəsizlik Şurasının qətnamələrini icra etmişik. Biz bunu özümüz etmişik. Ona görə də, qeyd etdiyim kimi, buna çox diqqət yetirmirik. Lakin, əlbəttə, biz düşünürük ki, ədalətsizlik aradan qaldırılmalıdır və təkcə keçmiş Sovet İttifaqı ölkələrinə münasibətdə deyil, bütün digər ölkələrə münasibətdə də vahid standart yanaşma şamil edilməlidir. Siyasətdə üstün münasibətə heç bir haqq qazandırıla bilməz, hansısa ölkələr daha yaxındırsa, hansısa ölkələr o qədər də yaxın deyilsə. Baxmayaraq ki, de-fakto kimin yaxın olduğu da sual altındadır. Həmçinin düşünürəm ki, erməni lobbisinə bütün istinadlar, müəyyən mənada haqq qazandırmalar və ya üzrxahlıqlar da həddən artıq şişirdilib. Bu, mövqeyini açıq şəkildə ifadə etmək istəməyənlər üçün çox yaxşı bəhanədir. Söhbət təkcə ABŞ-dan getmir. Fransaya da baxın. Vəziyyət daha pisdir. Dünyada heç bir ölkənin, o cümlədən Ermənistanın tanımadığı qondarma “Dağlıq Qarabağ”ı Fransa parlamentinin iki palatası tanıyıb. Ona görə də onların real siyasət adlandırdıqları budur. Bir daha erməni lobbisi tərəfindən hər hansı haqq qazandırma şişirdilib. Hələ də sual olunur? Bu, niyə baş verir? Bizim cavaba ehtiyacımız var. Lakin mən bir daha demək istərdim ki, indi bu cavab əvvəl olduğu qədər mühüm deyil. Brenda, siz çox yaxşı xatırlayırsınız ki, biz Azadlığa Dəstək Aktına 907-ci düzəlişə necə həssas yanaşırdıq. Mən Prezident olmayanda, bundan əvvəlki vəzifədə azı ildə iki dəfə Vaşinqtona səfər edirdim. O vaxt səfir Paşayev də çox yaxşı xatırlayır ki, biz bu düzəlişin aradan qaldırılması xahişi ilə Ağ evdə, Milli Təhlükəsizlik Şurasında, Senatda, Konqresdə neçə qapını döymüşük. Bu, baş vermədi. Düşünürəm ki, Azərbaycanda heç kim 907-ci düzəlişi xatırlamır. Çünki birincisi, bizim artıq bu yardıma ehtiyacımız yoxdur. İkincisi, bu, Prezident Klinton tərəfindən müvəqqəti olaraq ləğv edilmişdi və ondan sonra gələn prezidentlər bunu davam etdirirlər. Bu, faktiki olaraq onu göstərir ki, məsələ həll olunub. Qərb ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstəyin açıq şəkildə ifadə olunmasına gəlincə, düşünürəm ki, bunun vaxtı gələcək, faktiki olaraq artıq gəlir. Vacib olan isə odur ki, Ermənistan özü indi Ermənistanın Qərbdəki bəzi dostlarından daha açıq şəkildə deyir ki, onlar bunu de-fakto tanıyırlar, çünki ötən ilin oktyabrında onlar Praqa Bəyannaməsini, yenə də ötən ilin oktyabrında Soçi Bəyannaməsini imzalayıblar. Orada razılaşıblar ki, 1991-ci il Almatı Bəyannaməsi normallaşma üçün əsas kimi götürülməlidir. Almatı Bəyannaməsi faktiki olaraq keçmiş respublikaların sərhədlərini müəyyənləşdirib və onları rəsmi sərhədlər hesab edib. Bu, o deməkdir ki, onlar artıq razılaşıblar ki, Qarabağ Azərbaycandır. Bu yaxınlarda mən dedim ki, onlar, sadəcə, sonuncu sözü deməlidirlər. Onlar A deyiblər, B deməlidirlər. Onlar mənim söylədiyimi söyləməlidirlər – Qarabağ Azərbaycandır! Mən bunu gözləyirəm. Ümidvaram ki, o gün gələcək.

Enerji təhlükəsizliyinə gəlincə, siz tamamilə haqlısınız. Biz həmişə planlarımızı gələcəyi nəzərə alaraq tənzimləmişik, çünki mənim atamın baxışı belə olub. Siz tamamilə haqlısınız. Bakı-Tbilisi-Ceyhanın tutumu 50 milyon tondur. Yeri gəlmişkən, bu, heç vaxt belə olmayıb, bəlkə bir il buna yaxın olub. Bizim “Şahdəniz”də kondensatımız var. Ümidvaram ki, bu il “Abşeron”dan və bir çox başqa yataqlardan kondensat hasil edəcəyik. Yeri gəlmişkən, gələcək qaz istehsalımıza və nəqlinə gəlincə, tezliklə bir neçə yeni yataq işə salınacaq. Qeyd etdiyim kimi, 300 milyard kubmetr həcmində “Abşeron”, minimum o həcmdə AÇG-dən “dərin qaz”, iş artıq başlayıb və bir neçə digərləri. Beləliklə, kəmərdə hətta bizim gözlədiyimizdən daha çox kondensat olacaq. Düşünürəm ki, gün gələcək Bakı-Tbilisi-Ceyhan Azərbaycandan olan neft və kondensat, həmçinin Mərkəzi Asiyadan neft sayəsində tam gücü ilə işləyəcək. Təbii qazla bağlı vəziyyət də eynidir. Siz faktiki olaraq bilirsiniz ki, TANAP-la TAP-ın diametrləri fərqlidir. Bu, həm də ona görə belədir ki, TAP-da biz səhmlərin əksəriyyətinə sahib deyilik. TAP-da cəmi 20 faizə sahibik. Ona görə də, belə demək mümkündürsə, mən tərəfdaşlara diktə edə bilməzdim ki, bizim daha böyük tutuma ehtiyacımız var. TANAP-da biz səhmlərin əksəriyyətinə sahibik. Beləliklə, TANAP 16 milyard kubmetr, TAP isə 10 milyard kubmetrdir. Hazırda biz bunu iki dəfə genişləndirmək üçün işlər görürük. Çünki böyük tələbat var və qaz buradadır.

Uzun illər bundan əvvəl Azərbaycanın nefti yoxdur deyənlər, indi Azərbaycanın qazı yoxdur deyirlər. Bu yaxınlarda mənə məlumat verildi ki, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Simson Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırıb. Bu, doğrudur. Bu yaxınlarda mən söylədim ki, biz maksimum bir neçə ilə 10 ölkəni, o cümlədən 8 Avropa ölkəsini qazla təchiz edəcəyik. Beləliklə, bu, onu göstərir ki, bizim layihələri təkcə kommersiya nöqteyi-nəzərindən deyil, həm də strateji nöqteyi-nəzərdən planlaşdırmağa ehtiyacımız var. Bu kompleksi davam etdirməyə ehtiyacımız var. Çünki investisiya yatıran şirkətlər, borc verən banklar, sözsüz ki, onlar sizin bugünkü potensialınıza, bəzi perspektivlərinizə baxırlar və düşünürlər ki, diametr belə olmalıdır, potensial belə olmalıdır. Biz isə strateji nöqteyi-nəzərdən baxırıq. Ehtiyatlara malik olub, onları nəql etmək imkanımızın olmamasındansa, yaxşı olar ki, potensialımız olsun və biz ondan tam şəkildə istifadə etməyək. Əminəm ki, bərpaolunan enerji layihələri ilə bağlı vəziyyət də bu cür olacaq. Qara dəniz kabeli ilə bağlı ilkin hədəf 1 qiqavat idi, Azərbaycan layihəyə qoşulanda biz onu 4 qiqavatadək artırdıq. Çünki biz Azərbaycanda 25 qiqavat günəş və külək enerjisi istehsal olunması ilə bağlı artıq beynəlxalq şirkətlərlə müqavilələr və anlaşma memorandumları imzalamışıq. Beləliklə, bu aparıcı şirkətlərlə anlaşma memorandumları faktiki olaraq müqavilə deməkdir. Beləliklə, 25 qiqavat burada, Xəzər dənizində, quruda istehsal olunacaq və bizim tutuma, ötürməyə ehtiyacımız var. Əgər hər kəs bizim bu gün nələri təşviq etdiklərimizə qulaq asdısa, düşünürəm ki, Avropanın enerji təhlükəsizliyi daha yaxşı qorunacaq. Təşəkkür edirəm.

Hafiz Paşayev: Cənab Prezident, 907-ci düzəlişi mənə xatırlatdığınıza görə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Siz də unutmuşdunuz.

Hafiz Paşayev: Bu, Vaşinqtonda fəaliyyət göstərdiyim illərdə mənim sevimli mövzum idi. Mən xatırlayıram ki, mərhum Prezident Heydər Əliyev...

Prezident İlham Əliyev: Yeri gəlmişkən, yəqin ki, xatırlayırsınız, yollarda 60 kilometr, 100 kilometr kimi nişanlar olur, bizdə 907-nin üzərindən xətt çəkilmişdi.

Hafiz Paşayev: Bu, qısaqol köynəklər idi.

Prezident İlham Əliyev: Qısaqol köynəklər.

Hafiz Paşayev: Mən xatırlayıram ki, mərhum Heydər Əliyev Konqres üzvlərinə, çox sayda üzvə necə hərarətlə izah etməyə çalışırdı ki, buna haqq qazandırmaq olmaz. Bütün bu izahlara baxmayaraq, bəzi üzvlər yenə də israr edirdilər ki, siz ermənilərin tələblərinə qarşı çox nəzakətli olmalısınız.

Prezident İlham Əliyev: Ola bilsin ki, biz 907-nin nə olduğunu bir qədər izah etməliyik. Çünki düşünürəm ki, auditoriya, hər kəs başa düşmür. “Azadlığa dəstək aktı” Sovet İttifaqının süqutundan sonra yeni yaranmış respublikaları dəstəkləmək üçün ABŞ Konqresi tərəfindən qəbul edilmişdi. Konqresdə ermənipərəst lobbi düzəliş etdi. Bu, 907-ci düzəliş idi ki, Azərbaycanı bu hüquqdan, ABŞ-ın birbaşa yardımından məhrum etmişdi. Çünki ən maraqlısı budur, guya Azərbaycan Ermənistanı blokadada saxlayırdı. Manipulyasiyanın dərəcəsini təsəvvür edə bilirsinizmi? Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilmişdi və Ermənistan sərhədinə birləşdirilmiş ərazilər – Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, hamısı işğal altında idi. Bizim ərazimiz işğal altında ola-ola, biz necə Ermənistanı blokadada saxlaya bilərdik? Məhz buna görə biz bunun ədalətli olmadığını izah edə bilmədiyimizə görə tamamilə məyus olmuşduq. Lakin buna baxmayaraq, görürsünüz, cənab səfir, indi biz 907-nin nə olduğunu izah etməli oluruq. Heç kim onu xatırlamır.

Hafiz Paşayev: Lakin bu, hələ də ABŞ-ın qanunudur. Hələ də bizə münasibətdə ədalətsizlik var, hələ də ikili standartlar var. Düşünürəm ki, bu fakt onunla bağlıdır ki, ABŞ-da hələ də bu qanun var.

Prezident İlham Əliyev: Ən mühümü reallığı yerində dəyişməkdir və davam etməkdir.

Hafiz Paşayev: Tamamilə doğrudur. Növbədə Neyl Melvindir, Böyük Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun beynəlxalq təhlükəsizlik araşdırmaları üzrə direktoru. Buyurun.

Neyl Melvin: Təşəkkür edirəm. Cənab Prezident, Azərbaycan həm də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvü olmaqla, uzun müddət Avropa təhlükəsizliyinin bir hissəsi olub. Siz artıq bu gün Avratlantik inteqrasiya ilə əlaqədar uzunmüddətli yanaşmanız barədə danışdınız. Lakin Avropanın təhlükəsizliyi dəyişir. Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropanın təhlükəsizliyini dəyişdirir. Bir vaxtlar Rusiyanın da daxil olduğu kollektiv layihə Rusiyanın qarşısını almaq, onu çəkindirmək üçün layihəyə çevrilir. Rusiya Avropanın təhlükəsizliyi üçün təhdiddir. Bu, bizim Avropanın yenidən silahlanması, Qara dənizdə təhlükəsizlik mühitinin transformasiyası kimi gördüyümüz Vilnüs-NATO sammiti ilə daha da aydın görünəcək. Mənim sualım belədir. Azərbaycanın tranzit ölkə, enerji ölkəsi olaraq roluna dair açıqladığınız planları nəzərə alsaq, Siz xüsusilə Qərb ictimaiyyətinin Rusiyaya münasibətdə mövqeyindəki dəyişiklik nəticəsində yeni çağırışlar görürsünüzmü və bu yeni şəraitdə Azərbaycanın öz xarici siyasətinin bəzi aspektlərinə düzəlişlər etməli olacağı gözlənilirmi?

Prezident İlham Əliyev: Əlbəttə ki, bu qarşıdurmanın necə başa çatacağını, Rusiya-Ukrayna müharibəsinin nə vaxt və necə başa çatacağını, bu müharibə başa çatandan sonra geosiyasi vəziyyətin necə olacağını proqnozlaşdırmaq çətindir. Çünki gec-tez müharibə başa çatacaq. Baxmayaraq ki, biz müharibənin aparılma tərzinin dəyişdiriləcəyini istisna edə bilmərik. Lakin yenə də bu barədə danışmaq hələ tezdir. Beləliklə, hər şey bundan asılı olacaq. Lakin tamamilə aydındır ki, dünya heç vaxt Rusiya-Ukrayna müharibəsinə qədər olduğu kimi olmayacaq. Bu, tamamilə aydındır. Düşünürəm ki, bir çox Avropa ölkəsi, NATO üzvləri üçün aydındır ki, onlar təhlükəsizlikləri və müdafiə qabiliyyətləri ilə bağlı daha ciddi tədbirlər görməli idilər. Çünki onlar özləri rəhbərlik səviyyəsində etiraf ediblər ki, özlərini müasir silahlar, sursatlarla təchiz etmək üçün kifayət qədər iş görməyiblər. Ola bilsin, onlar görüblər ki, malik olduqları ilə bağlı bəzi statistik məlumatları doğru deyil. Bu, bəzən baş verir. Beləliklə, düşünürəm ki, bu geosiyasi dəyişiklik Avropanın, dünyanın hərbiləşməsinə gətirib çıxaracaq. Bu, bir tərəfdən təhlükəli ola bilər, bir növ təhrik rolunu oynaya bilər, digər tərəfdən düşünürəm ki, çəkindirmə amili ola bilər. Biz Azərbaycanda uzun illər əvvəl dərk etdik ki, bizə heç kim kömək etməyəcək. Bizim beynəlxalq hüququn üstünlük qazanacağı ilə bağlı bütün illüziyalarımız yoxa çıxdı, dərhal yox, amma danışıqlar prosesi ərzində. Biz dərk etdik ki, əgər güclü Ordumuz olmasa, gənc nəsli təkcə torpaqları uğrunda deyil, həm də öz şərəfləri uğrunda mübarizə aparmaları üçün hazırlamasaq həmişə işğal altında olacağıq, həmişə şikayət edəcəyik. Biz şikayətlənməkdən bezmişdik, indi qoy başqaları bizdən şikayət etsin. Azərbaycanda bu, belə oldu. Düşünürəm ki, Azərbaycanın nümunəsi dəyərlidir. Bilirəm ki, bizim döyüşləri necə aparmağımız, xüsusilə Şuşanın azad edilməsi beynəlxalq hərbi akademiyalarda qiymətləndirilir. Siz Şuşaya yaxınlaşanda yəqin gördünüz ki, qayalıqdır, sadəcə qaladır. Onu fəth etmək çox çətindir. Şuşa Azərbaycanda hakimiyyətdə olan və ya hakimiyyətə gəlməyə çalışan bir çoxlarının xəyanəti nəticəsində işğal olunmuşdu. Ona görə də Şuşanın azad edilməsi həqiqətən də bizim ruhumuzun nümayişidir. Düşünürəm ki, geosiyasi dəyişikliklərin sizə problem yaratmaması, əksinə, sizin üçün imkanlar yaratması sizdən, sizin strategiyanızdan, sizin vəziyyəti doğru təhlil etməyinizdən və həmçinin sizin prinsipial siyasətinizdən asılıdır. Çünki əgər ölkələr manevr etməyə başlasalar, məsələn, bizim hazırda Ermənistanda şahidi olduqlarımız kimi, bu, manevr etmək cəhdidir, iki stulda deyil, düşünürəm ki, minimum 4 stulda oturmaq cəhdidir. Bu isə mümkün deyil. Azərbaycana gəlincə, istər regional inkişafla bağlı siyasətimiz olsun, istər beynəlxalq məsələlərlə bağlı, ölkələrin ərazi bütövlüyü ilə bağlı siyasətimiz olsun, tamamilə aydındır, hazırkı vəziyyətin maraqlarından tamamilə kənardır. Zənnimcə, Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq. Biz artıq bunu görürük. Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi başa düşməyə, təkcə başa düşməyə deyil, açıq şəkildə qəbul etməyə yaxınlaşması da qismən geosiyasi dəyişiklik, qismən də “kimsə gəlib onların yerinə döyüşəcək” illüziyalarının çökməsi ilə əlaqədardır. Əlbəttə ki, Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün hazırda Azərbaycanın enerji ehtiyatlarına əvvəllər olduğundan daha çox ehtiyac var. Mən ölkəmizin perspektivləri ilə bağlı bədbin fikirdə deyiləm, daha çox nikbin fikirdəyəm, lakin həmişə realist olmağa çalışıram.

Hafiz Paşayev: Təşəkkür edirəm. Arian Starova, Albaniya.

Albaniya Beynəlxalq Araşdırmalar İnstitutunun İdarə Heyətinin üzvü Arian Starova: Cənab Prezident, burada olduğuma, Sizin fikirlərinizi bölüşdüyümə görə çox şadam. Buna görə Sizə təşəkkür edirəm. Mənim iki sualım var. Əslində, ikinci suala Siz müəyyən cavabı verdiniz. Ola bilsin ki, bir qədər dəyişdirmək istərdim. Birinci sualım belədir. Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün gələcəyi barədə nə düşünürsünüz? İkinci sualım, Rusiyanın Ukraynada müharibəsi ilə əlaqədardır. Siz söylədiniz ki, onun sonunu proqnozlaşdırmaq çətindir. Mən sualı fərqli tərzdə verərdim. Sizcə bu münaqişə necə bitə bilər? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: “Bir kəmər, bir yol” təşəbbüsü həmişə Azərbaycan tərəfindən dəstəklənib. Azərbaycan beynəlxalq konfransa dəvət almış və orada yüksək səviyyədə iştirak etmiş məhdud sayda ölkələrdən biri idi. “Bir kəmər, bir yol” təşəbbüsünə həsr olunmuş bu konfrans Çində 2019-cu ilin yazında keçirildi. Azərbaycan xüsusilə indi bu layihənin mühüm hissəsi hesab olunur. Biz çox nikbin fikirdəyik. Nikbinliyi artıran, ilk növbədə, odur ki, biz öz üzərimizə düşən işi çox yaxşı yerinə yetirmişik. Artıq qeyd etdiyim kimi, nəqliyyat infrastrukturunu müasirləşdirmək və daha çox imkanlar yaratmaq üçün onu tamamilə müasirləşdirmişik və hələ də son tamamlama işlərini görürük. Eyni zamanda, Mərkəzi Asiya tərəfindən bizim infrastrukturumuzu istifadə etməyə böyük maraq var və həmçinin demək istərdim ki, ötən ilin sonunda Çin, Qırğızıstan, Özbəkistan və Xəzər arasında yeni dəmir yolu əlaqəsinin qurulmasına başlanılıb. Bu layihə bir neçə il müzakirə mərhələsində idi. Buna artıq rəsmi olaraq başlanılıb və bu, onu göstərir ki, əgər başlayıbsa, deməli, işləyəcək. Mütləq, daha çox yük daşınacaq. Hazırda biz Xəzərin şərq sahillərində və ümumiyyətlə Mərkəzi Asiyada tərəfdaşlarımızla birlikdə vahid tariflərin müəyyən olunması üzərində, bu yolun təkcə nəqliyyat təhlükəsizliyi baxımından deyil, həm də kommersiya baxımından əhəmiyyətli olması üzərində işləyirik və bu, mümkündür. Əgər bu layihələrdə iştirak edən hər bir ölkə ədalətli şəkildə davransa və biz vahid tariflərin müəyyənləşdirilməsinə, eləcə də gömrük idarəçiliyinə dair razılığa gəlsək, bu, həm də bürokratik prosedurları məhdudlaşdırmaq üçün, birgə əməliyyatların elektron formalarının daha çox olması baxımından olduqca vacibdir.

Rusiya-Ukrayna müharibəsinə gəlincə, siz heç kimin cavab verə bilməyəcəyi sualı verdiniz. Ola bilsin mən bilirəm ki, kimsə bunun nə vaxt başa çatacağını bilə bilər, lakin bu, heç bir halda Azərbaycan deyil. Mənim tərəfimdən hər hansı proqnozlar vermək məsuliyyətsizlik olardı. Əlbəttə ki, dünyanın əksər ölkələri kimi biz bu müharibənin mümkün olduğu qədər tez bitməsini istəyirik. Lakin, eyni zamanda, biz realist olaraq başa düşürük, ola bilsin ki, onu mümkün olduğu qədər tez zamanda başa çatdırmaq mümkün olmayacaq. Bu, həmin ölkələrin insanları üçün, Avropa üçün və dünya üçün böyük faciədir.

Hafiz Paşayev: Təşəkkür edirik.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Hafiz Paşayev: Nigar Göksel. Beynəlxalq Böhran Qrupunun Türkiyə üzrə direktoru.

Nigar Göksel: Təşəkkür edirəm, cənab Prezident. Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda olması sülh razılaşmasına dair, bu istiqamətdə mümkün güclü irəliləyişə dair ümidləri artırdı. Lakin söylədiklərinizdən belə nəticəyə gəldim ki, Siz bununla bağlı çox nikbin fikirdə deyilsiniz. Mən, həmçinin belə qənaətə gəldim ki, Siz xarici aktorların sülh razılaşmasının əldə olunmasında çox müsbət rol oynamasına heç də böyük ümidlər bəsləmirsiniz. Mənə maraqlıdır deyə bilərsinizmi, həqiqətənmi hansısa xarici aktor sülh razılaşmasına fəal şəkildə mane ola bilər, pozucu rol varmı? Mən ABŞ-la İran, ola bilsin ki, ABŞ ilə Rusiya arasında qarşılıqlı əlaqələr barədə düşünürəm. Bu güclər arasındakı gərginliklər Cənubi Qafqazda özünü necə göstərir, Ermənistanla sülh razılaşmasının əldə olunması imkanlarına necə təsir göstərə bilər?

Prezident İlham Əliyev: Nikbinliyim qeyd etdiyim kimi, bir neçə gün əvvəl aldığımız şərhlərə görə azdır. 40 gündən çox gözləyəndən sonra biz gördük ki, demək olar, şərhlərin 95 faizi əvvəlkilərin eynidir. Yenidən Azərbaycanın ərazi bütövlüyünü sual altına almaq cəhdləri, yenidən Ermənistanla Azərbaycan arasında sülh razılaşmasına hansısa yollarla qondarma “Dağlıq Qarabağ”ı daxil etmək cəhdləri, yenidən bizim terrorizm, ekstremizm, radikalizm və separatizmə qarşı birgə mübarizəyə dair təklifimizi rədd etmək cəhdləri, hamısı qaldı, yalnız separatizmin üstündən Ermənistan xətt çəkdi. Bu, o deməkdir ki, onlar yenidən Azərbaycanda separatizmə rəvac verəcəklər. Bu, bizim nikbinliyimizi azaltdı. Amma yenə də baxarıq, çünki danışıqların bu raundu əvvəlkindən fərqlidir. Artıq bir neçə gün davam edib və ola bilsin ki, daha bir neçə gün davam edəcək. Bizim fikrimiz ondan ibarət idi ki, onlar müəyyən nəticələrə gəlməlidirlər, əks halda bu, böyük məyusluq olar. Eyni zamanda, düşünürəm ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır. Rusiya-Ukrayna müharibəsindən əvvəl biz keçmiş Minsk qrupu həmsədrlərinin yenidən iştirakla bağlı cəhdlərinin şahidi olduq. Lakin qətiyyətlə buna qarşı çıxdıq. Çünki bizim mövqeyimiz bundan ibarət idi ki, Minsk qrupu uğursuzluğa düçar oldu, 1992-ci ildən 2020-ci ilədək heç bir nəticə əldə etmədi. Nəticə faktiki olaraq neqativ idi. Çünki işğal dövründə qondarma danışıqların sonunda biz aydın başa düşdük ki, Minsk qrupunun həmsədrləri, sadəcə olaraq, vəziyyəti dəyişməz olaraq saxlamaq, başqa sözlə, status-kvonu saxlamaq istəyirdilər ki, bu da onlar və Ermənistan üçün rahat idi. Lakin bizim üçün rahat deyildi. Ona görə də biz status-kvonu dəyişdik. Onlar planlaşdırırdılar ki, səylərini birləşdirib Azərbaycanı inandırsınlar ki, Minsk qrupu müəyyən formada fəaliyyətini davam etdirməlidir. Bunun necə olacağını soruşanda mən dedim ki, biz adəti üzrə fəaliyyət göstərmək üçün heç bir imkan görmürük, bu, başa çatıb, keçmiş Minsk qrupunun həmsədr ölkələri kömək etmək istəyirlərsə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım edə bilərlər. Mən söylədim ki, Qarabağ münaqişəsi həll olunub, Madrid prinsipləri adlandırılan prinsiplərin böyük əksəriyyəti Azərbaycan tərəfindən həyata keçirilib. Ona görə də, əgər siz kömək etmək istəyirsinizsə, əsas diqqəti sülh razılaşması üzərində cəmləşdirin və Ermənistanı konstruktiv olmağa inandırın. Əgər bu ölkələrin hansısa, mən sözsüz ki, ABŞ və Rusiyanı nəzərdə tuturam, çünki Fransa birtərəfli qaydada ermənipərəst mövqe tutandan sonra o, faktiki olaraq özünü istənilən növ vasitəçilikdən məhrum etdi. Bu, açıq-aşkardır. Yeri gəlmişkən, söhbət təkcə Qarabağda separatizmin qondarma şəkildə tanınmasından getmir, həm də BMT-də, Frankofoniyada, digər formatlarda çox açıq anti-Azərbaycan bəyanatlar, davranışlar, siyasətçilərin açıq bəyanatları Fransanı vasitəçilikdən təcrid etdi, çünki vasitəçi olmaq ən azı özünü neytral kimi göstərməkdir. Əgər siz qəlbən neytral deyilsinizsə, ən azı özünüzü neytral kimi göstərməlisiniz. Onlar bunu belə etməyə çalışmalıdılar. Hazırda biz ABŞ, Rusiya tərəfindən bu səyləri görürük. Siz ola bilsin bilirsiniz ki, iki ölkə – Ermənistan və Azərbaycan nazirləri arasında danışıqların növbəti raundunun bu ay Rusiyada keçirilməsi nəzərdə tutulub. Avropa formatı var ki, Prezident Şarl Mişel ölkə liderləri səviyyəsində bir neçə dəfə görüş təşkil edib. Beləliklə, düşünürəm ki, bu, davam etdirilə bilər, lakin yenə də zənnimcə, iki ölkə arasında birbaşa danışıqlar daha səmərəli, faydalı olar. Düşünürəm ki, biz bu istiqamətdə getməliyik. Əlbəttə ki, əgər Ermənistan bunu etməyə hazır olsa.

Hafiz Paşayev: Devid Merkel. ABŞ Beynəlxalq Məşvərətçilər Sammitinin icraçı direktoru.

Devid Merkel: Cənab Prezident, Sizi yenidən görmək çox xoşdur. Heydər Əliyevin 100 illiyi ərəfəsində burada iştirak etmək mənim üçün həqiqətən də şərəfdir. Mənim Prezident Heydər Əliyevlə zaman keçirmək imkanım olub. Sizinlə ilk dəfə görüşmək şərəfinə Yeni Azərbaycan Partiyasının qurultayında nail olmuşam. Mənim bir xahişim və bir sualım var. Mən Sizinlə Qarabağda şəkil çəkdirmək və Sizdən, səfirdən və digər azərbaycanlı dostlarımdan çox eşitdiyim 907-ci düzəlişlə bağlı Konqresdəki dostlarıma göstərmək istərdim. Sualım İranla bağlıdır. Qərb mətbuatında Azərbaycanla İran arasında artan gərginliklə bağlı çox müzakirələr aparılır. Hətta Ermənistan, Rusiya və İranın bir tərəfdə, Türkiyə, Azərbaycan və İsrailin isə digər tərəfdə olması ilə bağlı fikirlər var. Qonşularınızdan biri ilə əlaqələrlə bağlı fikirlərinizi deyə bilərsinizmi?

Prezident İlham Əliyev: Biz hər zaman bu əlaqələri inkişaf etdirməyə çalışmışıq və demək olar ki, 20 il ərzində Prezident olaraq mən dəfələrlə İranda rəsmi səfərdə olmuşam. İranın əvvəlki prezidentləri dəfələrlə Azərbaycana səfər edib. Bizim çox fəal ticarət əlaqələrimiz olub. Biz nəqliyyatla bağlı məsələlərdə, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı fəal işləmişik və düşünürdük ki, bu əlaqələrin böyük potensialı var. Çünki qonşularla yaxşı əlaqələrin olması hər zaman yaxşıdır, xüsusilə tarixdə xatırlanası çox məqam olanda.

Lakin, əlbəttə ki, işğal vaxtı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə gəldikdə, İrandan bizim daha çox gözləntilərimiz var idi və onlar Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyiblər, BMT-də və İslam Əməkdaşlığı Təşkilatı daxilində ölkəmizin ərazi bütövlüyünün lehinə səs veriblər. Bunu tam şəkildə açıq deməliyik. Bununla belə, təbii ki, Azərbaycanda yaşayan insanlar kimi, biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik. Siyasətçi olaraq anlayırıq ki, hər ölkənin xarici siyasətində prioritetlər var. İran və Ermənistan qonşudurlar. Azərbaycanda bir çox insanlar gözləyirdilər ki, işğal vaxtında Türkiyənin, Səudiyyə Ərəbistanının, Pakistanın göstərdiyi kimi eyni münasibət olsun. Əslində, həmin ölkələr işğal səbəbindən Ermənistanla heç diplomatik münasibətlər qurmayıblar. Beləliklə, mən, sadəcə, Azərbaycanda xalqın düşündüyünü qeyd edirəm. İnsanlar hesab edirdilər ki, İranın da həmin üç ölkə sırasında olması, həmrəyliyi nümayiş etdirməsi daha təbii olardı. Xüsusən də qeyd edək ki, Ermənistan İran ərazisindən daşımalar, eləcə də hərbi sursat və avadanlığın daşınması üçün fəal şəkildə istifadə edirdi. Bununla belə, münasibətlərimiz çox güclü idi. Biz Xəzər dənizi razılaşması üzərində digər Xəzəryanı dövlətlərlə razılığa gəldik. Bu isə asan deyildi. Ölkələr arasında razılığa gəlmək üçün təxminən 30 il vaxt tələb olundu. Bir çox razılaşma olmayan məqamlar var idi. Mən təfərrüatlara varmaq istəmirəm. Yekun nəticədə biz Aktauda, Qazaxıstanda sazişi imzaladıq. Bu isə, həmçinin mühüm işarə oldu. Biz Xəzərdə sərhədlərin və resursların bölünməsi üzərində artıq razılığa gəldik. Lakin, əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən sonra bu gərginliyə gətirib çıxaran bir sıra addımlar atıldı və əlbəttə ki, əgər siz həmin addımların xronologiyasına nəzər yetirsəniz, görəcəksiniz ki, bunları Azərbaycan başlamamışdır. Niyə də biz bunları başlamalıyıq? Qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış və məsələ dayanır. Bizim heç bir ölkə, xüsusən də qonşu ölkə ilə hər hansı problemin olmasına ehtiyacımız yoxdur. Lakin hər şey Laçın ilə Xankəndi arasında kameraları quraşdırdıqdan sonra baş verdi. Biz İran yük maşınlarının, dövri olaraq, Qarabağa hərəkət etdiyini ifşa etdik. Bu, tamamilə qanunsuz idi, çünki İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu cür işlərlə məşğul olmalı deyildi. Biz vəziyyəti monitorinq etməyə başladıq və düşündük ki, bəlkə bu, anlaşılmazlıq nəticəsində olub, yaxud İrandan Ermənistana gələn sürücülər yolu səhv salaraq təsadüfən Qarabağa daxil olublar. Bəlkə işlər bu cür baş verib. Sonra biz gördük ki, bu, artıq tendensiya halını alır. Beləliklə, mənim göstərişimlə köməkçim İran səfirini özəl görüşə dəvət edərək xahiş etdi ki, bunun dayandırılması xahişimizi öz rəsmilərinə çatdırsın, çünki belə hallar münasibətlərimiz üçün və istənilən baxımdan yaxşı deyil. Gözləyirdik ki, bu, dayanacaq. Əfsuslar olsun, dayanmadı. Bir sözlə, İrandan Azərbaycana qeyri-qanuni daşımalar davam etdi. Onda biz rəsmi addım atmağa məcbur olduq. Biz diplomatik nota verdik. O, çap edildi. İran səfiri Xarici İşlər Nazirliyimizə dəvət olundu və məsələ ictimai qaydada açıqlandı. Onunla əlaqədar narazılığımızı bildirdik. Bu, adi diplomatik prosedurdur. Xüsusi bir şey yoxdur. Düşündük ki, bu cür mesaja cavab olar. Lakin, əfsuslar olsun ki, daşımalar dayanmadı və hətta daha intensiv forma aldı. Onların gördüyü işlər və hər bir şey sənədləşdirildi, çünki bizim orada kameralarımız quraşdırılıb. Onlar saxta erməni nəqliyyat nişanlarını taxırdılar, lakin yük maşınlarının üzərində hər bir yazı ərəb əlifbası ilə qalırdı. Bir sözlə, biz buna son qoymalı idik. Həmin yük maşınından ikisi saxlanıldı, sürücülər həbs olundu. Göndəriş sənədlərində isə gördük ki, nəqliyyat vasitəsi İran şəhərlərinin birindən yollanır və çatacaq yeri Stepanakert, Ermənistan göstərilib. Bunu təsəvvür edə bilərsinizmi? Bütün bunlar sənədlərdə yazılıb. Onlar bizdədir. Bu, sadə söz deyil. Yazılıb: Stepanakert. Birincisi, bu, Stepanakert deyil, Xankəndidir. İkincisi isə bu, Ermənistan deyil. Bütün bunlar İranın bəzi dairələrində çox əks-səda yaratdı. İttihamlar, hədələr və başqa məqamlar oldu.

Lakin hesab edirik, biz düz etdik. Müəyyən müddətdən sonra həmin sürücülər, təbii ki, buraxıldı və bəli, düzünü desək, bu hərəkətlər dayandırıldı. Biz ərazi bütövlüyümüzü qorumaq məqsədilə bu cür tədbirə əl atmalı idik. Sonra bizə qarşı mətbuatda çoxsaylı hücumlar oldu, siyasətçilər və parlament üzvləri bəyanatlarla çıxış etdilər. Lakin biz buna o qədər də əhəmiyyət vermədik, çünki nə isə baş verəndə, narazı qalan şəxs öz narazılığını bəzən bildirmək istəyir. Bu, o dərəcədə də əhəmiyyətli deyil. Onlar hətta bizim sərhədə yaxın hərbi təlimlər təşkil etməyə başladıqda, biz bunu da emosional addım kimi dəyərləndirdik. Əlbəttə ki, bunu anlamaq çətin idi, çünki işğal vaxtında onlar heç zaman bu yerlərdə hər hansı hərbi təlimlər keçirməmişdilər. Həmin iki hərbi təlim çox düşmən xarakterli media kampaniyası, bəyanatlar, təhqirlər, ittihamlar, hədələr və sair məsələlərlə müşayiət olundu. Beləliklə, hər zaman olduğu kimi, biz cavab tədbirləri gördük və onların sərhədinə yaxın iki hərbi təlim keçirdik. Birini bizim xüsusi təyinatlılarımızla birgə etdik. Yeri gəlmişkən, Şuşanı azad etmiş xüsusi təyinatlarla birgə etdik. İkinci təlimi isə müttəfiqimiz Türkiyə ilə, “F-16” qırıcıları və Türkiyənin xüsusi təyinatlıları ilə birgə keçirdik. Bu, sadəcə, gücün nümayiş etdirilməsi deyil, özümüzü müdafiə etmək bacarığımızdan xəbər verən mesaj idi. Səmimi desəm, bir Prezident kimi düşündüm ki, bu, müəyyən çətinliklər yarada bilər, lakin bununla belə, biz hər zaman hər hansı narazılığın diplomatik yolla həllini istəyirdik. Mənim iranlı həmkarımla bəzi beynəlxalq tədbirlərdə bir neçə görüşüm olub. Bunlar Bakı və Tehranda deyil, Türkmənistan və Qazaxıstanda olub. Mənə belə gəldi ki, biz hər şeyi aydınlaşdırdıq və anlaşılmazlıq keçmişdə qaldı. Lakin biz işlərin yenidən başlanmasında münasib addım atmağa çox yaxın olduğumuz zaman, Azərbaycanın Baş nazirinin müavini, birgə iqtisadi komissiya həmsədrinin səfəri o vaxt Tehrana artıq planlaşdırılmışdır, çünki İran öz həmsədrini dəyişmək üzrə idi. Beləliklə, gündəliyimizdə bir çox məsələlərin olduğunu nəzərə alaraq, biz öz həmsədrimizi görüşə göndərmək qərarına gəldik. Bu halda səfirliyimizə qarşı terror aktı törədildi və beləliklə, o, hər şeyi, demək olar ki, heçə endirdi, onun videogörüntüsü var. Mən çox təfərrüatlara varmaq istəmirəm. Hər kəs onun nə terror aktı olduğunu görə bilər. Bu, diplomatlarımızı və onların ailə üzvlərini qətlə yetirmək məqsədilə qəsdən təşkil olunmuş terror aktı idi. Çünki həmin binada nəinki bizim səfirliyimiz, o cümlədən ailələrin yaşadığı mənzillər də yerləşir. Bir sıra ölkələrdə bizim təhlükəsizlik əməkdaşlarımız var, lakin yalnız İranda onlara silah gəzdirməyə icazə vermirlər. Bir sözlə, həmin şəxs səfirliyə daxil olduğu zaman təhlükəsizlik əməkdaşlarımız silahsız idi. Onun əlində “Kalaşnikov” avtomatı var idi. O, girən kimi atəş açdı, birini qətlə yetirdi, digərlərini yaraladı. Yalnız bir cəsur əməkdaş əliyalın olaraq, onu silahsızlaşdırdı və sıxıb çölə çıxara bildi. Sonra 40 dəqiqə ərzində nə polis, nə təhlükəsizlik əməkdaşı, heç kəs görsənmədi. Qırx dəqiqə ərzində o, yenidən soxulmağa cəhd etdi. “Kalaşnikov” avtomatından atəş açırdı, gətirdiyi çəkicdən istifadə edirdi. Daha sonra “Molotov kokteyli” də gətirmişdi. Qapını çəkiclə sındıraraq içəri daxil oldu və həmin yaralı əməkdaş yenidən onu sıxaraq çölə çıxara bildi. Sonra həmin şəxs polisə yaxınlaşır. Çöldə də kameramız var. O, istifadə etdiyi “Kalaşnikov” avtomatını və “Molotov kokteyli”ni verir. Bunun əvvəlcədən təşkil olunmadığı ilə bağlı şübhə qalırmı? Bundan əlavə, elə həmin gün bu şəxs mətbuata çıxır və müsahibə verir. Bunu necə təsəvvür edirsiniz? Digər ölkənin səfirliyinə soxulmuş, bir nəfəri qətlə yetirmiş, ikisini yaralamış şəxs deyir ki, o, müəyyən səbəblərə görə bu əməli törədib. İki gün sonra isə hər hansı hüquqi prosedur olmasın deyə İranda elan edilir ki, o şəxs ruhi xəstədir. Bu, necə ola bilər? Ruhi xəstəlik cəmi iki gün ərzində müayinə edilərək təsdiqlənə bilməz. Lakin bu, hələ əhvalatın sonu deyil. Bəli, biz öz diplomatik heyətimizi, səfirlik işçilərini tam şəkildə çıxardıq. Hazırda Tehrandakı səfirliyimiz bağlıdır. Bu, mənim qərarımdır, çünki mənim üçün insanlarımızın təhlükəsizliyi və həyatı daha vacibdir. Onlar düşündüyü kimi deyil. Əfsuslar olsun ki, məsələ bununla bitmədi. Sonra Azərbaycanın parlament üzvünün birinə qarşı terror aktı törədildi və xoşbəxtlikdən Allah onu qorudu. O, sağ qaldı. Yenə də “Kalaşnikov” avtomatından ikimetrlik məsafədən altı dəfə atəş açıldı. O, ciddi şəkildə yaralandı. Bir neçə gündən sonra həmin qrup yaxalandı. Bizim hüquq-mühafizə qurumlarımız çox səmərəli işləyir. Biz gizləndiyi yerdən asılı olmayaraq, hər kəsi tapıb, məsuliyyətə cəlb edə bilirik. Onlar artıq “Kalaşnikov” avtomatını gizlətdiyi yeri də söylədilər, silah tapıldı. Bütöv dəstə ifşa edildi və ifadə verdilər ki, onlar göstərişləri İrandan alıblar. Bu əməl “qırmızı xətti” keçmək deməkdir. Bu, ciddidir, terror hesab edilir. Hesab edirik ki, bu terror hökumət səviyyəsində təşkil olunub. Bu əməlin kiminsə törətdiyi ilə bağlı verilmiş hər hansı bəyanatı biz tamamilə yersiz hesab edirik. Xeyr. Buna görə, biz tələb edirik: birincisi, Azərbaycandan olan və İranda özünə sığınacaq tapmış bəzi terrorçuların ekstradisiyası baş tutsun. Biz səfirliyimizə qarşı törədilmiş terror hücumunun şəffaf araşdırılmasını tələb edirik. Beləliklə, təsəvvür edə bilərsiniz ki, Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir. Proqnozlaşdırma çox mürəkkəbdir. Biz İran rəsmilərindən bəzi məktublar almışıq. Bəzi telefon danışıqları olub ki, münasibətlər normallaşsın. Lakin birmənalı olaraq, tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər yox, bu, belə də qalacaq. Bir daha deyirəm ki, bu, bizim seçimimiz deyil. Lakin İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik.

Hafiz Paşayev: Cənab Prezident, icazənizlə tədbirimizi davam etdirək.

Prezident İlham Əliyev: Bəli, buyurun.

Hafiz Paşayev: Sağ olun. Növbəti çıxış edən Viktor Kipiani, Gürcüstanın “Geocase” təşkilatının sədri.

Viktor Kipiani: Çox sağ olun, Prezident Əliyev. Zati-aliləri, Şuşada olmaqdan məmnunam. Bizimlə görüşə vaxt ayırdığınıza görə minnətdaram. Siz Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru kəmərlərini bir neçə dəfə qeyd etdiniz. Şübhəsiz, həmin layihələr yaxşı regional əməkdaşlığın əsasını qoydu, onun faydası bu günə qədər hiss olunur və ümidvarıq ki, gələn onilliklər ərzində də davam edəcək. Əslində, bu, prezidentlər Heydər Əliyevin və onun həmkarı Şevardnadzenin böyük irsidir. Buna görə, biz çox minnətdar olmalıyıq. Həmin layihələr, eləcə də regional əlaqələrin genişləndirilməsində növbəti mərhələ baxımından, “Orta Dəhliz” və Qara dəniz bölgəsini götürsək, - Siz də onlara söhbət zamanı toxundunuz, - Bakının gözlədiyi nəticələr nədən ibarətdir? Bununla bərabər, bu layihələrlə bağlı fikirlərinizi, tərəfdaşlardan gözlədiyiniz nəticələri bölüşsəydiniz minnətdar olardım. Bu çərçivədə tərəfdaşların gözlədiyi nəticələrdən bəhs etdikdə, keçmişdə və hazırda şahidi olduğumuz və gələcəkdə şahidi olacağımız hər hansı transsərhəd layihənin uğur modeli üçün müstəsna əhəmiyyət kəsb edən Azərbaycan ilə Gürcüstan arasında məhsuldar əməkdaşlıq ortaya çıxır. Bir daha çox sağ olun, minnətdaram.

Prezident İlham Əliyev: Mən sizinlə tam razıyam. Prezident Heydər Əliyev və Prezident Eduard Şevardnadze ölkələrimiz arasında güclü tərəfdaşlığın və əməkdaşlığın bünövrəsini qoydular. Bildiyiniz kimi, onlar sovet dönəmində Azərbaycana və Gürcüstana rəhbərlik edirdilər. Əslində, onlar Gürcüstanla Azərbaycan arasında bugünkü tərəfdaşlığın formatının əsasını qoydular. Təbii ki, bu, Bakı-Supsa boru kəməri ilə başladı. 1990-cı illərin sonunda Prezident Şevardnadze və Prezident Əliyevin iştirakı ilə Supsada məlum açılış mərasimi oldu. Sonra onlar birgə Bakı-Tbilisi-Ceyhanın əsasını qoydular. Bakı-Tbilisi-Ceyhanın 2006-cı ildə istismara verilməsi, təəssüf ki, onların iştirakı olmadan baş tutdu.

Bir sözlə, bu gün münasibətlər həmin əsaslar üzərində uğurla inkişaf edir. Bilirsiniz, bu yaxınlarda, yəni, ötən ay Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlmişdi. Altı ay əvvəl mən Gürcüstanda oldum. Beləliklə, biz hər zaman əlaqədəyik və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə birgə çalışırıq. Yüksək səviyyəli rəsmilər arasında qarşılıqlı anlaşma var ki, biz öz məqsədlərimizə yalnız birgə işləyərək nail ola bilərik. Biz Avropadakı tərəfdaşlarımızla münasibətdə və regionda daha güclü ola bilərik. Buna görə Gürcüstan və Azərbaycan arasında daşımalar, enerji və bir çox digər sahələrdə qarşılıqlı əlaqə və tərəfdaşlıq enerji və daşımalar təhlükəsizliyinin vacib meyarıdır. Həmin iki mühüm məsələ qeyd edilən səfərlərimizdə, o cümlədən digər yüksəkrütbəli rəsmilərin qarşılıqlı səfərlərində nəzərdən keçirilmişdir.

Orta Dəhlizə gəldikdə, ola bilsin, bilirsiniz ki, hazırda Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır. Gürcüstan ərazisində ötürmə qabiliyyətinin 5 milyon tona qədər artırılmasına biz təxminən 140 milyon dollar ayırdıq. Ümid edirik, bu gündən etibarən maksimum bir il ərzində biz buna nail olacağıq. Eyni zamanda, biz Gürcüstanın mövcud və planlaşdırılan dəniz limanlarının potensialı baxımından gələcək əməkdaşlığı fəal şəkildə qiymətləndiririk. Mən müəyyən nəticələrin əldə edilməsini qabaqlamaq istəməzdim. Biz böyük potensialı ciddi şəkildə görürük və qiymətləndiririk, çünki Orta Dəhlizlə Xəzər vasitəsilə Gürcüstanın dəniz limanlarına, sonra isə Türkiyəyə böyük yük axınını öncədən görə bilirik. Reallıq belədir.

Qara dənizin dibi ilə kabelə gəldikdə, bilirsiniz ki, layihənin texniki-iqtisadi əsaslandırılması bir müddət əvvəl başlayıb. Bununla belə, biz dörd ölkədən ibarət daha geniş format yaratmışıq - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya. Həmin layihənin Məşvərət Şurasının ilk iclası fevralda Bakıda, ikinci toplantısı isə bu yaxınlarda - ötən ay Tbilisidə keçirilib. Biz bu layihəyə daha böyük perspektivdən baxırıq və onu sadəcə “Qara dəniz kabeli” kimi deyil, Xəzərdəki külək enerjisi stansiyalarından Avropaya enerjini ötürən vasitə kimi qəbul edirik. Həmin layihə bütövdür və Cənub Qaz Dəhlizindən fərqlənir, çünki Dəhliz bir-biri ilə bağlı üç müstəqil boru kəmərindən ibarət olan hissəli layihədir. İndi isə biz mənbədən ümumiləşdirilmiş layihələrə keçmək istəyirik və bu halda mənbə, həmçinin Gürcüstanda olacaq və oradan yekun istiqamətlərə gedəcək. Bu cür rəsmi əməkdaşlığı başladıqdan sonra biz Avropanın layihəyə qoşulmaq istəyən bir sıra digər ölkələrindən bəzi mesajlar almağa başladıq. Beləliklə, düşünürəm ki, layihə qlobal xarakter ala bilər.

Neft və qaz sahəsində işləyirik, indi isə elektrik enerjisini ötürək və onun kabelini çəkək. Niyə də yox? Avropa İttifaqı bunu qəti şəkildə dəstəkləyir və həmin dəstək nikbinliyimizi artırır. Çünki Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayen ötən ilin dekabrında Buxarestdə imzalanma mərasiminin şahidi oldu. Bir sözlə, onun iştirakı Avropa İttifaqının layihədə ciddi şəkildə iştirak edəcəyindən xəbər verir. Bu, ola bilsin, gələn onilliklərin layihəsidir, çünki istər hidro, istər külək enerjisi sahəsində həm Gürcüstanda, həm də Azərbaycanda, o cümlədən Qarabağda böyük potensial var. Artıq dediyim kimi, biz 25 qiqavat enerjini istehsal etmək məqsədilə bərpa edilən enerji sahəsində məşhur olan bir neçə əsas beynəlxalq şirkətlə müqavilə və anlaşma memorandumları imzalamışıq. Onun təxminən 500 meqavatı üçün artıq tikinti işləri gedir. 230 meqavatlıq güclərin açılışını biz bir neçə ay ərzində planlaşdırırıq. 700 meqavatdan artıq günəş və külək enerjisini biz ola bilsin, maksimum 2025-ci ilə qədər təmin edəcəyik. Qalan güclərin yaradılması plandadır. Bir sözlə, gələcəyimizin böyük üfüqləri var və biz hər zaman bir yerdə olmalıyıq.

Hafiz Paşayev: Növbəti sual verən Birləşmiş Ştatların “İrs Fondu”nun (The Heritage Foundation) nümayəndəsi Viktoriya Koutsdur.

Viktoriya Kouts: Cənab Prezident, həm Bakıda, həm də Şuşada səmimi qəbula görə minnətdaram. İnanılmaz fürsət yarandı. Əgər Devidin 907-ci düzəlişlə bağlı təhlilini anlasam əla olardı, çünki özüm həmin məsələnin məngənəsində qalmışam. Atanızın və Sizin rəhbərliyinizlə Azərbaycanı yeni əsrə gətirən yola nəzər salsaq və 2024-cü ildə başlayacaq yeni dövrə baxsaq, siz “Bir kəmər, bir yol” təşəbbüsünü qeyd etdiniz. Bu məsələ, həmçinin sənədlərdə yazılır və bəzən Birləşmiş Ştatlar ilə Çin Xalq Respublikası arasında güclü gərginlik yaradır. Burada toqquşmalar da ola bilər. Fikrimcə, bizim üçün heç də təəccüblü deyil ki, Azərbaycan kimi ölkələr həm Şərq, həm də Qərb istiqamətlərinə nəzər salır. Biz, həmçinin eyni qaydada ABŞ olaraq həm Sakit okeanın, həm də Atlantik okeanının sahillərinə baxırıq. Seçim baxımından Birləşmiş Ştatları tərəfdaş kimi götürsəniz, irəliyə doğru addımlayan Azərbaycana gəldikdə, məncə biz daha çox sizinlə fəal işləməliyik və Çin Xalq Respublikasına aid xoşagəlməz məsələlər barədə mülahizə irəli sürməkdən çəkinməliyik. Bu, mənim rəyimdir və onu məhz burada səsləndirirəm.

Münasibətlərimizdə 907-ci düzəlişi lazımsız və xoşagəlməz meyar kimi götürsək, biz enerji super gücü statusunu qazanmaq məqsədilə ABŞ olaraq Azərbaycan tərəfindən tərəfdaş kimi seçilmək üçün nə etməliyik? Sizin fikrinizcə, Birləşmiş Ştatların hökumətinin və özəl sektorumuzun ən yaxşı iştirakı hansı formada ola bilərdi?

Prezident İlham Əliyev: Əslində, tam əminliklə düşünürəm ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyi həqiqətən böyük təəssürat bağışlayır. İndicə müzakirə etdiyimiz 907-ci düzəlişə, eləcə də Azərbaycanın ərazi bütövlüyünə aid məsələlərin və bəzi ifadələrin həssas olmasına gəldikdə, deməliyəm ki, bu, heç də həll oluna bilməyən ziddiyyətlərin mövcudluğundan xəbər vermir. Əksinə, Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var. Əvvəlcə, enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, Birləşmiş Ştatlar enerji təchizatı marşrutlarının şaxələndirilməsində və Avropa Komissiyasının, qeyd etdiyim kimi, bu gün pan-Avropanın qaz təchizatçısı olan Azərbaycanı hər zaman dəstəkləyib. Həmin illəri yaxşı xatırlayıram, çünki 1990-cı illərdə mən SOCAR-da işləyirdim və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin həyata keçirilməsində ABŞ-ın dəstəyinin nə dərəcədə vacib olduğunu çox yaxşı bilirəm. Həmin boru kəmərinə qarşı çıxan şəxslər də az deyildi. Çox güclü ermənipərəst kampaniya aparıldı. Əgər səhv etmirəmsə, onlar hətta “BTC Campaign” adlı QHT də yaratmışdılar. Onlar hər ünvana məktub göndərirdilər. Yeri gəlmişkən, əfsuslar olsun ki, həmin məktubların bəziləri işlədi. Məsələn, Dünya Bankı Bakı-Tbilisi-Ceyhanın tikintisinə vəsaitin ayrılmasını bir il yubatdı, guya ətraf mühitlə bağlı narahatlıqlar var idi. Onlar bundan bəhanə kimi istifadə edirdilər ki, layihə ətraf mühitə ziyan vuracaq. Halbuki Bakı-Tbilisi-Ceyhan təxminən 20 ildir ki, istismar olunur və bir damcı neft belə düşüb ətraf mühitə ziyan vurmayıb. Başqa sözlə desək, Birləşmiş Ştatlar bizə həmin çətinlikləri dəf etməkdə yardımçı oldu.

Əgər qaz haqqında danışsaq, bəli, hər zaman amerikalı tərəfdaşlarımızla zarafat edirik ki, Azərbaycan qazının zərrəsi də ABŞ bazarına çıxmayacaq. Lakin Birləşmiş Ştatların Cənub Qaz Dəhlizi ilə bağlı Azərbaycanın planlarına verdiyi dəstək çox əhəmiyyətli oldu. Həmin dəhlizin icrasında bir çox maneələr oldu, özü də gözlənilməz mənbələrdən. Məncə bu, artıq sirr deyil, lakin bəhanə yenə də ətraf mühitlə bağlı idi. Bu dəfə Bakı-Tbilisi-Ceyhandakı kimi tısbağalardan söhbət getmirdi. Zeytun ağacları dillərində idi. Görürsünüz, onlar necə də “yaradıcı” yanaşırlar. Əslində, Bakı-Tbilisi-Ceyhanda tısbağaların qayğısına qalan eyni qrup insanlar idi. İtaliyada zeytun ağaclarına gəldikdə, biz öz araşdırmamızı apardıq və Cənub Qaz Dəhlizinə qarşı həyata keçirilən bu kampaniyanın arxasında kimlərin durduğunu müəyyənləşdirdik. Əfsuslar olsun ki, bizim İtaliyanın əvvəlki hökumətləri və bəzi yerli orqanları ilə yazışmamızda çətin vaxtlar da oldu. Bütün əlaqələri izlədik, çünki layihənin reallaşmaması üçün bu kampaniyanın arxasında kimin durduğunu bilməli idik və tapdıq. Lakin bunu demək istəmirəm və bəlkə də söyləmək tez olardı. Ancaq vaxt gələcək və hər şey aydın olacaq. Bununla belə, sonra nə baş verdi və mən televiziyada onun şahidi oldum. Əvvəlcə deməliyəm ki, İtaliya Prezidenti cənab Sercio Mattarella böyük dəstək verdi və o, prosesi irəliyə doğru aparmaq üçün ciddi işlər gördü. Çünki İtaliyada və Aralıq dənizi regionundakı digər ölkələrdə bir sıra zeytun ağaclarının yerinin dəyişdirilməsi dövri əsaslarla baş verir. Beləliklə, bu halda həmin zeytun ağacları, əfsuslar ki, narahatlıq mənbəyi oldu. Yeri gəlmişkən, onlar köçürüldü və əminəm ki, həmin ağaclara indi heç bir təhlükə yoxdur. Sonra Birləşmiş Ştatların ovaxtkı Prezidenti Donald Tramp İtaliyanın Baş naziri ilə mətbuat konfransında açıq dedi ki, siz layihəni dəstəkləməlisiniz. Bu, dönüş nöqtəsi oldu və zeytun ağaclarının yerdəyişməsi ilə bağlı bütün narahatlıqlar dərhal aradan qalxdı və bizə yaşıl işıq yandırıldı. Birləşmiş Ştatlar bu cür işləyir. Burada indi söylədiyimi bəlkə ilk dəfədir ki, deyirəm. Düşünürəm ki, nəyə görə bunu sirr kimi saxlamalıyıq? İkimənalılıq nə üçün qalsın? Xeyr.

Bizim Birləşmiş Ştatlarla çox dərin münasibətlərimiz var və xüsusən də indi mən Prezident Baydendən bir neçə çox müsbət məktub almışam. Ukraynaya humanitar yardımımızla əlaqədar mən Prezidentdən və Dövlət katibi Blinkendən ictimaiyyətə açıqlanan mesajlar almışam. Azərbaycan Türkiyə ilə birgə Əfqanıstandan ən son çıxan iki ölkədən biri oldu və biz Əfqanıstanda lap əvvəlcədən olmuşuq. 2003-cü ildən bəri biz İraqda olduq və qayıdışla bağlı Birləşmiş Ştatlardan aldığımız mesaja qədər orada qaldıq. Tanınma prosesi başladıqdan əvvəl biz hətta Kosovoda olduq. Təhlükəsizlik, enerji, ticarət və hazırda bərpaolunan enerji sahələrində, ümid edirik ki, Amerika şirkətləri Azərbaycanın bərpaolunan enerji mənbəyinə çevrilməsi kimi böyük layihədə iştirak edəcəklər. Çünki Azərbaycanda külək və günəş enerjisinin təsdiqlənmiş ehtiyatları 200 qiqavata yaxındır. Beynəlxalq Maliyyə Korporasiyasının təsdiqlədiyi kimi, onun 157 qiqavatı Xəzərin bizə aid olan hissəsində külək enerjisinin həcmini əks etdirir.

Bəlkə də mən bir daha təfərrüatlara keçirəm, lakin heç kəs düşünməsin ki, 907-ci düzəliş və bəzi digər məsələlər təsir edir. Onlar xırda məsələlərdir. Bəlkə əvvəllər bu, daha həssas məsələ idi, amma indi o, xırda görünür. Lakin biz hər zaman daha geniş miqyasda baxmalıyıq. Müəyyən məyusedici məqamlar ola bilər. Əlbəttə, təəssüf edirik ki, erməni ailəsi olan senator Menendez hər zaman Azərbaycana hücum çəkir. O, erməni lobbisi deyil, anti-Azərbaycan lobbisidir. Təəssüf edirik ki, Adam Şif kimi insanlar Azərbaycanla bağlı ədavət dolu fikirlər yayır. İndi isə, o, “Dağlıq Qarabağı” tanımaq üçün “qətnamə” çıxarmağa çalışır. Əgər qəbul olunsa, həmin “qətnamə”nin dəyəri Fransa Senatının və Məclisinin qəbul etdiyi “qətnamə”lər qədər olacaq. Bir sözlə, biz bu insanları tanıyırıq və bilirik ki, onları erməni lobbisi maliyyələşdirir. Bilirik, çox güman ki, bu cür işbirliyinin kökü heç də saf deyil. Bu, mümkündür. Lakin Menendez, Şif və ya Şerman kimi adamların olması münasibətlərimizə təsir etməməlidir. Yeri gəlmişkən, Amerika səfiri Mətyu Brayzə ilə bir hal yaşandı. O, sonuncu görüşdə iştirak etmişdir. Ermənipərəst senatorlar onun təyin olmasına imkan vermədi, çünki o, çox ermənipərəst deyildi və onun həyat yoldaşı türkdür. Siyasi vicdanın səviyyəsini təsəvvür edin. Belə çıxır ki, əgər insanın yoldaşı türkdürsə, o, Azərbaycanda səfir ola bilməz?! Mətyu Brayzənin diplomatik karyerası heç oldu. Bu insan Dövlət Departamenti üçün ən azı bir neçə onillik xidmət etmişdir. Bir insan - həmin ermənipərəst şəxs onun karyerasını heçə endirdi. Bu məsələni biz, əlbəttə ki, nəzərə alırıq, lakin nə Menendez, nə Şif, nə də ki, onlar kimi hər hansı digər insan ABŞ ilə Azərbaycan arasındakı münasibətlərə təsir edə bilməyəcək. Münasibətlərimiz çox tarazlıdır, möhkəmdir, qarşılıqlı hörmətə əsaslanır və əminəm ki, bu, gələcəkdə də belə olacaq.

Hafiz Paşayev: Mahmud Həsən xan, Pakistanın Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzi. Buyurun.

Mahmud Həsən xan: Bizim Sizə və Azərbaycan xalqına xüsusi bağlılığımız, hörmət və ehtiramımız var. Biz həqiqətən Azərbaycanın tam sosial-iqtisadi transformasiyası və Qarabağın uğurla azad edilməsi ilə bağlı strateji düşüncələrinizi yüksək dəyərləndiririk. Geosiyasətə aid bir çox sualların verildiyini nəzərə alaraq, mənim sualım geoiqtisadiyyatla bağlıdır.

Zati-aliləri, Azərbaycanın Zəngəzur dəhlizi məsələsinin həllində Çinin diplomatik yardımına ehtiyacı varmı? Çünki bu dəhlizlərin bir çoxu “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsidir. Bununla yanaşı, Çin Səudiyyə Ərəbistanı və İran arasında anlaşmanın əldə edilməsində vasitəçi oldu və bu hadisə regionun iqtisadiyyatına və geosiyasətinə təsir göstərəcək. Siz bu baxımdan böyük Avrasiya məkanında Azərbaycanın rolunu necə görürsünüz? Bununla yanaşı, dollardan istifadənin azaldılması meyillərinə, Şanxay Əməkdaşlıq Təşkilatının genişlənməsinə və BRICS-in getdikcə artan dinamikasına münasibətinizi bilmək istərdim. Təşəkkürlər.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Əvvəlcə bildirmək istərdim ki, Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir. Biz Pakistan xalqına, indiki və keçmiş hökumətlərinə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı hər zaman göstərilən dəstəyə görə minnətdarıq. İstər işğal dövründə, istərsə də müharibə zamanı və ondan sonrakı dövrdə Pakistanın Prezidenti, Baş naziri və digər yüksəkrütbəli məmurları Azərbaycanı dəstəkləmişlər. Sizdən xahiş edirəm ki, bütün qardaşlarımıza bizim təşəkkürümüzü bildirəsiniz. Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı işğal səbəbindən Ermənistanla diplomatik münasibətlər qurmayan dünyanın üç ölkəsidir. Biz bunu çox yüksək qiymətləndiririk.

Zəngəzur dəhlizi və Çinin vasitəçiliyi sualınıza gəldikdə, hesab edirəm ki, bu dəhlizin böyük potensialı var və mən artıq bu haqda danışdım. Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun davamı, “Bir kəmər, bir yol” layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər. Çünki Naxçıvan ərazisindən İranın dəmir yolu ilə bağlantısı var və bu marşrutla Fars körfəzi istiqamətində yüklər daşına bilər. Zəngəzur dəhlizi, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, hesab edirəm ki, bu layihənin qlobal səviyyədə əhəmiyyəti var. Çünki biz daha böyük həcmdə yüklərin olmasını gözləyirik və marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bizə gəldikdə, biz işğal dövründə ermənilər tərəfindən sökülüb daha sonra satılan, Füzulidən Zəngilana və demək olar ki, Ermənistanla sərhədə qədər uzanan dəmir yolunun inşasını gələn il bitirəcəyik. Ermənistan ərazisindən keçən 40 kilometrdən bir az artıq olan dəmir yolu xətti inşa edilsə, bu, beynəlxalq layihə olacaq. Ermənistan bu layihə qarşısında süni maneələr yaradacaqsa, onlar bundan yalnız uduzacaqlar. Çünki bu gün bizim Gürcüstan, Türkiyə və Rusiya vasitəsilə Qara dəniz limanlarına çıxışımız var, digər tərəfdən İran ərazisindən də istifadə edilir. Ermənistanın isə belə fiziki bağlantıları yoxdur.

Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin normallaşdırılması məsələsində Çinin rolu ilə əlaqədar sualınıza gəldikdə deyə bilərəm ki, biz Çinin rolunu çox yüksək qiymətləndiririk. Yeri gəlmişkən, Azərbaycan və Çin arasında əla münasibətlər var. Mən Çinin Prezidenti Si Cinpinlə dəfələrlə görüşmüşəm və görüşlərin birində o, məni Çinin yaxşı dostu adlandırıb. Bunun özü bizim əməkdaşlığımızın səviyyəsini nümayiş etdirməyə kifayətdir. Əlbəttə, biz Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik. Bu razılaşmanın mahiyyəti bizə məlum deyil. İstənilən halda bu, yaxşı hadisədir. Səudiyyə Ərəbistanı bizim üçün qardaş ölkədir və bu ölkə ilə gözəl münasibətlərimiz var. Biz onlara yalnız tərəqqi, sabitlik və inkişaf arzu edirik. Dediyim kimi, onlar bizə görə Ermənistanla diplomatik münasibətlər qurmayıb və bunun böyük əhəmiyyəti var. İran isə bizim qonşumuzdur və biz orada sabitlik və proqnozlaşdırıla bilinən vəziyyətin olmasını istəyirik. Bu baxımdan Çinin rolu yalnız yüksək qiymətləndirilməlidir.

Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə, mən təşkilatın Özbəkistanda baş tutmuş Zirvə toplantısında iştirak etmişəm. İlk dəfə idi ki, mən təşkilatın toplantısına dəvət edilmişdim. Bildiyiniz kimi, Azərbaycan təşkilatın üzvü deyil, heç müşahidəçi belə deyil. Azərbaycanın statusu dialoq üzrə tərəfdaşdır. Buna baxmayaraq, Azərbaycan dəvət edilmişdi və hesab edirəm ki, bu, bizim üçün olduqca vacib idi. Çünki Şanxay Əməkdaşlıq Təşkilatının bir çox üzvü ilə bizim çox yaxşı münasibətlərimiz var. Təşəkkür edirəm.

Hafiz Paşayev: Cənab Prezident, toplantımız artıq iki saatdır ki, davam edir.

Prezident İlham Əliyev: Sizin siyahınız var? Mən onu görməmişəm. Hər şey əlinizdədir.

Hafiz Paşayev: Siyahı böyükdür və bəzi yeni sual vermək istəyənlər də var.

Prezident İlham Əliyev: Yorulmamısınızsa, zənnimcə, davam edə bilərik.

Hafiz Paşayev: İlayda Nichar, Böyük Britaniyanın Xarici İnkişaf İnstitutu.

Böyük Britaniyanın Xarici İnkişaf İnstitutunun (ODI) qlobal risk üzrə eksperti İlayda Nichar: Cənab Prezident, bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm və burada olmağımdan məmnunam. Biz bir çox məsələlərə toxunduq və Orta Dəhlizi müzakirə etdik. Dünən rəqəmsal inkişaf və nəqliyyat naziri çıxışında Orta Dəhlizin yalnız problemlər yarananda istifadə edilməsi ideyasının yanlış olduğunu bildirdi. Sizin fikrinizcə, Orta Dəhlizin xarici tərəfdaşlar tərəfindən istifadəsi və inkişafı baxımından nələr edilə bilər? İcazənizlə, daha bir qısa sualım var. Türk Dövlətləri Təşkilatı ilə bağlı sual verildi, ancaq mən yenə soruşmaq istəyirəm. Müşahidəçi ölkələri və Şimali Kipri nəzərə alaraq, TDT-nin inkişafında Azərbaycan hansı rolu oynaya bilər?

Prezident İlham Əliyev: Orta Dəhliz layihəsi tərəfimizdən tam dəstəklənir və onun nəhəng potensialı var. Burada anlamaq lazımdır ki, biz yalnız yük daşımaları üçün tranzit marşrutu olmamalıyıq. Biz bu imkandan istifadə edərək, marşrutboyu biznes fəaliyyətini stimullaşdırmalıyıq. Orta Dəhlizin tərkib hissəsi olan ölkələr yalnız tranzitdən gəlirin əldə olunması ilə kifayətlənməməlidirlər. Bu fürsətdən yerli istehsalın stimullaşdırılmasında istifadə edilməlidir. Bizim Ələt Azad Ticarət Zonasının gələcək fəaliyyəti ilə bağlı böyük gözləntilərimiz var. Zonanın güclü qanunvericilik bazası var, qaydalar, fikrimcə, investorlar üçün cəlbedicidir. İlkin infrastruktur hazırda yaradılır. Biz bundan istifadə edərək, yeni istehsal sahələri və yeni biznes imkanları yaratmaq istəyirik. Azərbaycanda yaxşılaşan biznes mühitinin olması, vergi və gömrük sahələrində böyük islahatların aparılması və ümumilikdə, bizim bütün maliyyə sistemimizin şəffaflığı istiqamətində həyata keçirilən islahatlar hesab edirəm ki, böyük potensial yaradır. Bundan əlavə, coğrafi yerləşməmiz. Dediyim kimi, Azərbaycan təkcə Şərq-Qərb deyil, Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bütün nəqliyyat imkanlarımız var, infrastruktur tam müasirləşdirilib. Yəni, potensial böyükdür. Yenə də deyirəm, bu imkanlara daha geniş baxılmalıdır. Sadəcə, tranzit ölkəsi olmaq kifayət deyil.

Türk Dövlətləri Təşkilatına gəldikdə, Azərbaycan təşkilatın bütün fəaliyyəti dövründə fəal olub. Vaxtilə onun adı fərqli olsa da, biz çox fəal olmuşuq. Bəzi vaxtlarda müəyyən ölkələrin fəallığı dəyişib, bəziləri daha fəal, digərləri də fəal olub. Elə dövr olub ki, Zirvə toplantıları müntəzəm keçirilməyib. Lakin Azərbaycan hər zaman mühüm ölkə olaraq qalıb. Təsadüfi deyil ki, təşkilatın yaradılması haqqında bəyannamə 10 ildən artıq bundan əvvəl Naxçıvanda qəbul edilib. Təşkilatın adının dəyişdirilməsi onun, sadəcə, necə adlandırılması məsələsi deyil. Burada mahiyyətdən söhbət gedir və biz görürük ki, təşkilata üzv olan ölkələr səylərini səfərbər etməlidir. Biz təşkilatı daha vacib beynəlxalq oyunçuya çevirə bilsək hər kəs bundan faydalanar. Bizim geniş coğrafiyamız, bəzi ölkələrdə böyük təbii sərvətlər, o cümlədən enerji ehtiyatları, bəzi ölkələrin güclü hərbi imkanları var. Beləliklə, biz bütün bu səyləri birləşdirsək, əlbəttə ki, qlobal səviyyədə ciddi oyunçu görə bilərik. Hesab edirəm ki, təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır. Bir daha deyirəm, əhali, coğrafiya, nəqliyyat marşrutları, Avrasiya komponenti, enerji ehtiyatları var. Türkiyə NATO-nun ikinci böyük ordusuna malikdir. Azərbaycan öz hərbi imkanlarının olduqca yüksək olduğunu nümayiş etdirib. Bütün bu imkanları birləşdirsək, hər kəs bundan yalnız faydalana bilər. Hesab edirəm ki, nə qədər toplaşsaq, ünsiyyətdə olsaq, ölkələrimizdə daha yaxşı anlayış olacaq ki, bu, məhz belə olmalıdır. Bundan əlavə, mənim yanaşmam belədir ki, hər kəs öz ailəsində, öz ölkəsində yaşamalıdır. Düzdür, bu gün qlobal dünyada yaşayırıq və insanlar fərqli ölkələrdə yaşaya bilər. Bu, normaldır. Ancaq mənim şəxsi fikrimdir ki, insan vətənində, ailəsində yaşasa, daha yaxşı olar. Yəni, bu təşkilat da bizim ailəmizdir. Bu, hamımızın təbii məkanıdır. Şimali Kipr Türk Respublikasına gəldikdə, bilirsiniz ki, onlar müşahidəçi oldular. Biz bunu əvvəldən sona qədər dəstəkləyirdik və qardaşlarımızı təbrik edirik. Yeri gəlmişkən, bizə müəyyən yerlərdən, yəqin özünüz bilirsiniz haradan, bununla bağlı mesajlar gəldi. Bizim cavabımız isə o oldu ki, birincisi, onlar bizim qardaşlarımızdır, ikincisi isə onlar artıq İslam Əməkdaşlıq Təşkilatında müşahidə statusundadırlar ki, o təşkilatın daha çox üzvü var. Beləliklə, hesab edirəm ki, potensial var və mən beynəlxalq arenada gələcək əlaqələndirilmiş fəaliyyətlə bağlı daha çox anlaşmanın şahidiyəm.

Hafiz Paşayev: Söz Maykl Ritçiyə verilir.

Böyük Britaniyanın “Energy Intelligence” nəşrinin redaktoru Maykl Ritçi: Təşəkkür edirəm, cənab Prezident. Siz Cənub Qaz Dəhlizi ilə bağlı məni maraqlandıran bəzi məsələlər haqqında artıq danışdınız. Mənim fəaliyyət sahəm enerjidir. Siz ehtiyatlar və kommersiya faydası haqqında danışdınız. Mən icazənizlə, daha konkret olmaq istəyirəm. Avropa İttifaqının Prezidenti Ursula Fon der Lyayen ilə imzaladığınız Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumundan irəli gələrək, 2027-ci il üçün Azərbaycan Avropa İttifaqını nə qədər qazla təmin edə bilər? Bu, olduqca sıx zaman kəsiyidir, burada hər hansı bir dəyişiklik ola bilərmi? Nəzərə alsaq ki, Avropa İttifaqı tədricən ənənəvi yanacaq növlərindən istifadənin azaldılmasını hədəfləyir. Bu baxımdan Avropa İttifaqı qarşınızda hansı əlavə uzunmüddətli öhdəlik götürməlidir?

Prezident İlham Əliyev: Siz uzunmüddətli öhdəlik kimi çox vacib məsələyə toxundunuz. Rusiya-Ukrayna müharibəsi başlayandan biz bir çox ölkələrdən, 10-dan artıq dövlətdən müraciət almışıq. Müraciətlər təchizatın həcminin artırılması və ya təchizata başlamaq imkanları axtarılmasından ibarətdir. Əlbəttə, bunun üçün əlavə sərmayə lazımdır və bir sıra texniki məsələlər öz həllini tapmalıdır. Əlbəttə, biz həmin qaz qıtlığının hansı həcmdə olacağını və gələcəkdə təbii yanacaq növlərinə münasibətin necə olacağını bilməliyik. Bildiyiniz kimi, Avropa İnvestisiya Bankı artıq təbii yanacaqla bağlı layihələri maliyyələşdirmir. Bunu şərh etmək istəmirəm. Ancaq biz bunu nəzərə almalıyıq. Biz elə bir vəziyyətə düşmək istəmirik ki, planlaşdırmadığımız halda milyardlarla dollar sərmayə yatıraq və sonra bizə desinlər, bizim artıq hidrogenimiz var, təşəkkür və əlvida.

Bu səbəbdən, Avropa Komissiyası ilə enerji dialoqumuzun elementlərindən biri də məhz sizin çox doğru olaraq qeyd etdiyiniz məsələ ilə bağlıdır. Bizim proqnozlaşdırılmaya ehtiyacımız var. Biz yardım etməyə hazırıq, artıq bunu edirik və əlavə sərmayə yatırırıq. Biz Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra digər diplomatik addımlar atırıq. Əlbəttə, biz istəyirik Avropa Komissiyası bizim mövqeyimizi anlasın ki, gələcək fəaliyyətimizi planlaşdıra bilək. Ümumilikdə, bizim Avropa Komissiyası ilə bir çox sahələri əhatə edən enerji dialoqumuz var - təkcə qaz deyil, buraya bərpaolunan enerji və yaşıl hidrogen daxildir. Yəni, portfel olduqca genişdir. Konkret rəqəmlərə gəldikdə, Anlaşma Memorandumuna əsasən, biz 2027-ci il üçün qaz təchizatımızı iki dəfə artıracağıq. Bu, təqribən 20 milyard kubmetrdir. Hesab edirəm ki, bu, tamamilə realdır. Bu, real olmasa idi, biz onu imzalamazdıq. Hər hansı bir forsmajor baş verməsə, bu, tamamilə realdır. 2021-ci ildə bizim Avropa bazarına təchizatımız təqribən 8 milyard kubmetr idi. Bu il isə bu rəqəm 12 milyard kubmetr olacaq. Yəni, iki ildə 8-dən 12-yə qalxıb və belə iri addımlarla irəliləsək, 2027-ci ildə 20 milyarda çata bilərik.

Mənbə barəsində sual verə bilərsiniz. Sizə deyim ki, birincisi biz “Şahdəniz” yatağından əlavə qaz gözləyirik. Təqribən dörd ildən sonra, bəlkə də daha tez, biz “Şahdəniz” yatağının yeni fazasından əlavə qaz hasil edəcəyik. “Abşeron” yatağından bir neçə ildir ki, qaz gözləyirik və ümid edirəm ki, bu il buna nail olacağıq. İlk mərhələdə “Abşeron”dan 1,5 milyard kubmetr əldə edəcəyik, daha sonra isə ikinci mərhələnin nədən ibarət olacağına qərar verəcəyik - hansı bazara nəql edəcəyik, yerli, yoxsa xarici? Sizi çox detallarla yormaq istəmirəm. Əlbəttə, “Azəri-Çıraq-Günəşli” yatağının böyük potensialı var və BP və SOCAR artıq o layihədə fəal çalışır. Bu, nəhəng qaz-kondensat yatağıdır və onun minimum ehtiyatı 300 milyard kubmetrdir. Əlbəttə, “Ümid” və” Babək” yataqlarının böyük potensialı var. Orada SOCAR özü fəaliyyət göstərir, ancaq biz xarici tərəfdaşlarla işləməyə hazırıq. “Qarabağ” neft yatağımız var və orada da potensial var. Beləliklə, qazın mənbəyi bunlardır. Digər tərəfdən, əlavə həcm üçün idarəçiliyin səmərəliliyi, itkilərin azaldılması və qazpaylayıcı şəbəkəmizin müasirləşdirilməsi həyata keçirilir və əlbəttə ki, bərpaolunan enerji. Bu gün biz ən azı 5 milyard kubmetri enerji istehsalında istifadə edirik. Yəni, kifayət qədər bərpaolunan enerjimiz olsa, bu 5 milyard bazara çıxarıla bilər.

Lakin yenə də qayıdırıq bir məsələyə. Qazın nəqli üçün imkanlar olmalıdır. TAP genişləndirilməlidir. Onun səhmlərinin 20 faizi Azərbaycana məxsusdur, bir şirkətdən başqa digərlərinin də payı 20 faizdir. Burada TAP-ın genişləndirilməsinə dair birgə qərar verilməlidir. TAP genişləndirilməsə, qaz olmayacaq. Bu gün TAP maksimum həddə çalışır. TANAP-ı genişləndirmək daha asandır, çünki o layihədə Azərbaycan, Türkiyə və BP var. TAP-da isə daha çətindir. Trans-Balkan boru kəmərinə çıxışımız olmalıdır ki, bizim qazı gözləyən ölkələri təchiz edə bilək. Avropada interkonnektorlar vaxtında tikilsə, biz bu ilin sonunda Macarıstanı və Serbiyanı qazla təmin edə bilərik.

Bu il artıq Rumıniyaya qazın nəqli başlayıb. Yunanıstan, İtaliya və Bolqarıstana qaz nəql edilir, Albaniyada qazpaylayıcı şəbəkənin yaradılması layihəsinə sərmayə qoyuluşuna dair danışıqlar aparılır. Çünki Albaniya tranzit ölkəsi olmasına baxmayaraq, qazpaylayıcı şəbəkəyə malik deyil. Biz həmin şəbəkənin yaradılmasına böyük sərmayə yatırmağı planlaşdırırıq. Mən bir neçə gün əvvəl Sofiyada idim və “Həmrəylik Halqası” layihəsinin başlanılması tədbirində iştirak etdim. Artıq Slovakiya da bu prosesə qoşulur. Hazırda biz 6 ölkəyə qaz ixrac ediriksə, işlər qrafik üzrə getsə və fors-major halları olmasa, ölkələrin sayı bir ilə 10 ola bilər. Məhz bu səbəbdən komissar Simson deyir ki, Azərbaycan pan-Avropa təchizatçısı olacaq. Bu, hələ yekun deyil. Bazar olarsa və interkonnektorlar tikilərsə, bizə hələ də müraciət edən ölkələr var. Balkanlarda və Avropanın digər regionlarından adını çəkmədiyim ölkələr var ki, onlar da Azərbaycan qazını ala bilərlər. Beləliklə, geniş mənzərə aydındır, lakin bütün bu layihələr üçün əlaqələndirmə lazımdır. Biz vaxtında yaşıl enerji layihəsini icra etməsək, bu, digər layihələrin gecikməsinə səbəb olacaq.

ABŞ-ın “ALG Transportation” şirkətinin rəhbəri Fərhad Azima: Təşəkkür edirəm, cənab Prezident. Burada olmağın mənim üçün xüsusi əhəmiyyəti var. Bu məkanla bağlı mərhum Prezidentin arzusu Sizin tərəfinizdən reallaşdırıldı. Burada olmaq mənim üçün şərəfdir. Özbəkistan, Türkmənistan və Qazaxıstan qazının asanlıqla Xəzər dənizinin dibi ilə boru kəməri vasitəsilə Bakıya, oradan isə Avropaya nəqli üçün bütün imkanlar. Bu layihənin qarşısında duran maneələr hansılardır?

Prezident İlham Əliyev: Bunu demək çətindir, çünki adətən qaz infrastrukturunun inşası layihələrinin təşəbbüskarı və onları maliyyələşdirənlər həmin enerji resurslarının sahibi olan ölkələrdir. Nümunə olaraq bizi göstərmək olar. Biz resursların sahibiyik, biz Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı olmuşuq və onu tərəfdaşlarımızla birgə inşa etmişik və bu işdə beynəlxalq maliyyə qurumları bizə kömək ediblər. Bu, Bakıdan İtaliyaya qədər uzanan 3500 kilometrlik boru kəməridir və onun bir hissəsi dənizin dibi ilə keçir. Bu, milyardlarla dollarlıq mühüm sərmayədir və biz hələ mənfəət əldə etməmişik. Yəni, bu, uzunmüddətli sərmayədir və bu, strateji qərar idi. Bu olmasa idi, indi haqqında danışdıqlarımızın heç biri mümkün olmazdı. Yeri gəlmişkən, tarixi yaddaş üçün qeyd edim ki, Azərbaycan Cənub Qaz Dəhlizinin təşəbbüskarı olub. Buna qədər müxtəlif layihələrlə bağlı fərqli mülahizələr və müzakirələr olub. Mən şəxsən NABUCCO ilə bağlı 10-a yaxın beynəlxalq tədbir və konfransda iştirak etmişəm. Bəlkə bu da 907-ci düzəliş kimi hamının yadından çıxıb. Bu layihə baş tutmadı. Niyə? Çünki sual verilirdi ki, bunu kim maliyyələşdirəcək. Bu sual yaranan kimi hamı geri çəkilirdi. Beləliklə, biz Cənub Qaz Dəhlizinin təşəbbüskarı olduq, onu vaxtında inşa etdik və indi də onun bəhrəsini görürük.

Mərkəzi Asiya qazına gəldikdə, bu qərar təbii ehtiyatların sahibləri tərəfindən verilməlidir. Sahiblər haraya, hansı istiqamətdə ixrac etmək istəyirlər – Şərq, yaxud Qərb. Onlar Qərb və ya hər iki istiqaməti seçəcəklərsə, Azərbaycan olaraq biz buna vasitəçi olmaq üçün əlimizdən gələni edəcəyik. Biz texniki yardım göstərə bilərik. Xəzər dənizində yalnız bizdə olan boru inşa edən barjlarımızı təklif edə bilərik. Biz Səngəçal terminalına və boru kəmərləri sistemimizə çıxış təmin edə bilərik. Lakin bu qərar onlar tərəfindən verilməlidir və belə bir qərar olarsa, layihə ilə bağlı maliyyə paketi də onlar tərəfindən təşkil edilməlidir. Yəni, konsorsium yaradılmalı, korporativ sərmayə, kreditlər kimlər tərəfindən veriləcək – bütün bunlar layihənin mühüm parçasıdır. Yəni, bu, bir növ tətikdir və o sıxılmasa iş getməyəcək. Deyək ki, bütün sadaladıqlarım həll edildi və qaz Azərbaycanın sahillərinə çatdırıldı. Sonra o necə ixrac olunacaq, həcmlər nə qədər olacaq, sahiblər və istehlakçılar arasında kommersiya şərtləri nədən ibarət olacaq? Biz, sadəcə, tranzit ölkəsi ola bilərik və biz, əlbəttə ki, olduqca ədalətli tranzit ölkəsi olacağıq. Yeri gəlmişkən, neft və qaz satışından əldə etdiyimiz gəlirin fonunda tranzitdə əldə edə biləcəyimiz vəsait o qədər də böyük deyil. Yəni, bunun mühüm iqtisadi əhəmiyyəti yoxdur. Bu, sadəcə, enerji təhlükəsizliyinə töhfədir, Şərq və Qərbdə olan dostlarımız üçün vasitəçi olmaqdır. Bir sözlə, biz bu layihənin təşəbbüskarı və onu maliyyələşdirən ola bilmərik. Beləliklə, bu layihənin nədən baş tutmaması sualı mənə deyil. Bəlkə sizin qonşunuz cavab verə bilər.

Özbəkistan Ali Məclisinin Senatı sədrinin birinci müavini, Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin rektoru Sodiq Şafoyev: Möhtərəm cənab Prezident, Türk dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada Sizə minnətdarlığımı özbək dilində bildirmək istəyirəm. Biz bu gün böyük ilham aldıq. Dünən məndən soruşulanda ki, Sizə sual verəcəyəmmi, dedim mən dinləyəcəyəm. Mən bu toplantıya görə Sizə böyük təşəkkürümü bildirirəm. Biz Sizin baxışınızı, ilhamlandırmağınızı və dərin təhlilinizi yüksək qiymətləndiririk. Əminəm ki, hər birimiz üçün Sizin qiymətləndirməniz, proqnozlarınız və təhlilinizi dinləmək olduqca maarifləndirici oldu. İki gün öncə Daşkənddə bizim üçün də dahi dövlət xadimi olan Heydər Əliyevin yüzillik yubileyinə həsr edilmiş konfrans keçirdik. Şadam ki, referendumu müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Azərbaycanın Milli Məclisinin nümayəndə heyəti də həmin tədbirdə iştirak etdi. Mayın 10-na qədər Özbəkistanda Heydər Əliyevin irsinə həsr edilmiş silsilə tədbirlərin başlanğıcı olan bu konfransımızdan hasil olan əsas qənaətimiz ondan ibarət oldu ki, o, böyük nüfuza və zəngin təcrübəyə malik insan olub. O, bu gün hamımıza lazım olana – liderliyə sahib olub. Bu gün burada - Şuşada onun arzularının gerçəkləşdirildiyini görürük. Biz onun irsini gözəl və möhtəşəm Bakıda, Azərbaycanın qüdrətli Ordusunun gücündə və ruhunda, Şuşanın dirçəlməsində görürük. Bizə bunu görmək üçün fürsət yaratdığınıza görə təşəkkür edirəm. Heydər Əliyevin böyük mirası əbədi olsun, onun ideyaları Azərbaycana yeni-yeni zəfərlər gətirsin. Sizə bir daha minnətdarlığımı bildirirəm, cənab Prezident.

Prezident İlham Əliyev: Yəqin başa düşdünüz ki, bizim tərcüməçiyə ehtiyacımız yoxdur. Bizim dillərimiz və xalqlarımız o qədər yaxındır ki, biz bir-birimizi təkcə anlamır, həm də bir-birimizin nəbzini hiss edirik. Sözlərinizə görə çox təşəkkür edirəm. Bütün Özbəkistandakı qardaşlarımıza Heydər Əliyevin xatirəsinə ehtirama görə minnətdarıq. Mənim Daşkəndə rəsmi səfərim zamanı qardaşım Prezident Mirziyoyev ilə birgə biz Heydər Əliyevin onun adını daşıyan parkda ucaldılmış abidəsinin açılışını etdik. Bu, bizim dostluğumuzun və qardaşlığımızın bayramı idi. Biz buna görə minnətdarıq.

Bu fürsətdən istifadə edərək, Özbəkistan xalqını mühüm siyasi hadisə olan uğurlu referendumla bağlı təbrik etmək istəyirəm ki, bunun nəticəsində siyasi sistemin daha da inkişafı, iqtisadi və sosial tərəqqi üçün imkanlar yaranacaq. Bilirsiniz ki, mən və Prezident Mirziyoyev yaxın dostuq və nazirlərə demişik ki, biz təlimatlarımızın icrasına şəxsən nəzarət edəcəyik və bu, artıq baş verir. Vaxtınızı çox almaq istəmirəm, ancaq əməkdaşlığımızın mahiyyəti və ruhu unikaldır. Təqribən eyni dildə danışan və eyni dəyərləri paylaşan iki qardaş xalq arasında bu, məhz belə də olmalıdır. Təşəkkür edirəm və Qarabağa xoş gəlmisiniz deyirəm.

Hafiz Paşayev: Cənab Prezident, Siz vaxtınız baxımından çox səxavətlisiniz. Mən sualları bitirərək burada iştirak edən bir nəfəri qeyd etmək istəyirəm. Dünən o, özünün baxışı, Qarabağa dair hissləri və Heydər Əliyevlə görüşlərinə həsr olunmuş qısa film təqdim etdi. Həmin şəxs Tomas Qoltsdur və o bizimlədir. Səhhəti ilə bağlı bizim konfransa daha böyük töhfə verə bilməsə də, onun etdiyi çox dəyərli idi və biz ona Şuşaya, Qarabağa səfərə gəldiyinə görə təşəkkür edirik. Çünki mən xatırlamıram ki, hər hansı bir jurnalist və ümumiyyətlə amerikalı Qarabağı Amerika ictimaiyyətinə bu dərəcədə düzgün tanıtsın və reallığı çatdırsın. Biz çox minnətdarıq. Dediyim kimi, dünən filmin təqdimatı oldu. Bildiyiniz kimi, Heydər Əliyevin Naxçıvanda yaşadığı vaxtda Tomas oraya ilk səfər edənlərdən olub. Həmin filmdə arxa planda onun özü də var idi. Beləliklə, Tomas, bir daha sağ olun və məmnuniyyətlə sizinlə şəkil çəkdirərdik.

Prezident İlham Əliyev: Bəli, böyük məmnuniyyətlə. Mən cənab Qoltsu tanıyıram, biz bir neçə dəfə tədbirlərdə görüşmüşük. Mən onun ədalətin bərpa olması məsələsinə nə qədər sadiq olduğunu bilirəm və ədalətin bərpasının bir elementi də onun Şuşada olmasıdır. Bu, ədalətin təntənəsidir. Sizə bütün gördüyünüz işlərə görə və bu gün bizimlə olduğunuza görə çox təşəkkür edirəm.

Hər kəsə təşəkkür edirəm. Şəklə gəldikdə isə biz bir ailə fotosu və fərdi fotolar çəkdirə bilərik. Gəlin, bunu açıq havada edək və yaxşı yer seçək.

***

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev konfransda iştirak edib.

***

11:28

Mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans işə başlayıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər