19 May 2023 14:25
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edib.

Teleqraf.com xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Səfir, ilk növbədə, Azərbaycanda Ulu Öndərin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi bir dövrdə ölkəmizə gəlməsindən böyük məmnunluq hissi keçirdiyini bildirdi. O qeyd etdi ki, görkəmli şəxsiyyət Heydər Əliyevin və Prezident İlham Əliyevin baxışları belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan çiçəklənən, multikultural və çox güclü iqtisadiyyata malik ölkə qurmaq yolundadır.

Hazırda Azərbaycanın Qoşulmama Hərəkatına, Hindistanın isə Böyük 20-liyə və Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik etdiyini vurğulayan səfir məmnunluq hissi ilə bildirdi ki, ölkəsi Azərbaycanın ilk 5 ticarət tərəfdaşı sırasındadır və ötən il qarşılıqlı ticarətin 155 faiz artması bunun yaxşı göstəricisidir.

Sridharan Madhusudhanan bildirdi ki, Hindistanın da güclü iqtisadiyyata malik olması nəzərə alınaraq ölkələrimiz üçün iqtisadi əməkdaşlığın genişlənməsi baxımından böyük potensial var. O, bu xüsusda neft sənayesi və əczaçılıq sahələrini qeyd etdi.

Eyni zamanda, səfir Azərbaycanda hökm sürən multikulturalizmin Hindistan üçün çox cəlbedici olduğunu dedi, humanitar sahədə də əlaqələrimizin genişləndirilməsinin önəmini bildirdi.

Diplomat turizm sahəsində əməkdaşlığa toxunaraq, Azərbaycana xeyli sayda hindistanlı turistin səfər etməsinin, xalqlarımız arasında əlaqələrin qədim tarixə malik olmasının, ölkəmizdə çox sayda tarixi abidənin mövcudluğunun turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirdi. Səfir paytaxtımızda qədim, tarixi binalarla yanaşı, modern üslubda inşa edilmiş tikililərin də xoş təəssürat hissi doğurduğunu dedi.

Sridharan Madhusudhanan informasiya texnologiyaları, energetika, təhsil, ekologiya və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı.

Prezident İlham Əliyev Ulu Öndərin müasir Azərbaycan dövlətçiliyinin banisi və ölkəmizin inkişafının təminatçısı olduğunu vurğulayaraq qeyd etdi ki, Ümummilli Lider prezidentlik fəaliyyətinə başlayarkən Azərbaycanın torpaqları ermənilər tərəfindən artıq işğal olunmuşdu, bu işğalın nəticəsində bir milyon soydaşımız tarixi yurdlarından didərgin düşmüşdü, işğal altında olan ərazilərimiz darmadağın edilmişdir. Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyümüzün və müdafiə qabiliyyətimizin təmin edilməsi, güclü dövlət və iqtisadiyyat qurmaq idi. Dövlətimizin başçısı vurğuladı ki, iki il yarım əvvəl Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və beləliklə, Ümummilli Liderin arzu və tapşırıqları həyata keçirildi.

Azərbaycan Prezidenti qeyd etdi ki, 30 illik işğal dövründə xalqımız humanitar fəlakətlə üzləşmişdir, bir milyon soydaşımız evsiz-eşiksiz qalmışdır. Bu fakt Azərbaycanın inkişafı üçün böyük əngəllər törədirdi. İndi - torpaqlarımızın işğaldan azad edildiyi bir dövrdə ölkəmiz bütün sahələrdə böyük potensiala malikdir. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, Vətən müharibəsində əldə olunan Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır və bu, özünü bütün sahələrdə göstərir.

Azərbaycan Prezidenti, eyni zamanda, vurğuladı ki, bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd etdi ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır. Azərbaycan Prezidenti vurğuladı ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik məsələsinə toxunaraq ölkəmizin sədrliyi dövrünün bu Hərəkatın instutisional inkişafı üçün çox səmərəli bir dövr olduğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, məlum olduğu kimi, bununla bağlı Azərbaycanın irəli sürdüyü bir sıra mühüm təşəbbüslər uğurla həyata keçirilib. Azərbaycan Prezidenti bundan sonra da Qoşulmama Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın güclənməsinin, ölkələrin ərazi bütövlüyü və suverenliyinin, məlum Bandunq prinsiplərinə sadiqliyin davam etdirilməsinin vacibliyini vurğuladı.

Prezident İlham Əliyev Hindistanın Qoşulmama Hərəkatının əsasını qoymuş dövlətlərdən biri olduğunu xatırladaraq, bu təsisatın yarandığı dövrdən bəri müxtəlif inkişaf yolu keçməsinə baxmayaraq, onun gələcəkdə qlobal siyasətdə mühüm amilə çevrilməsinin önəmini bildirdi.

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanın uzun illər bu təşkilatda dialoq tərəfdaşı olduğunu, ötən il isə bu təşkilatın Özbəkistanda keçirilmiş sammitində yüksək səviyyədə iştirakımızı önəmli hadisə kimi dəyərləndirdi.

Söhbət zamanı mədəniyyət, nəqliyyat, o cümlədən Şimal-Cənub dəhlizi sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər də müzakirə olundu.

***

11:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər