Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri!
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Əminəm ki, ölkələrimiz arasında mövcud dostluq əlaqələri gələcəkdə daha da möhkəmlənəcəkdir.
Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, dost Azərbaycan Respublikasının xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Mətndə deyilir:
"Zati-aliləri!
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Suverenlik illərində böyük uğurlar qazanan Azərbaycan bu gün dünya arenasında müstəqil, sülhsevər xarici siyasət yürüdən, Yer kürəsinin müxtəlif guşələrində tərəfdaşları ilə əməkdaşlığı fəal inkişaf etdirən və beynəlxalq təhlükəsizliyin, sabitliyin möhkəmlənməsinə mühüm töhfə verən nüfuzlu dövlət kimi tanınır.
İcazə verin, Təşkilatımız çərçivəsində məhsuldar əməkdaşlığa və onun fəaliyyətinə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirim. Azərbaycan artıq yeddi ildən çoxdur ki, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində dialoq üzrə tərəfdaşdır, onun tədbirlərində fəal iştirak edir və Təşkilatın inkişafına öz layiqli töhfəsini verir.
Zati-aliləri, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji, nəzərdə tutulan planlarınızın reallaşmasını, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".
***
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri!
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi, ölkənizin daha də inkişafı naminə ən xoş arzularımı çatdırmaq istərdim.
Fürsətdən istifadə edərək, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcəyinə qəti inamımı bildirirəm.
Zati-aliləri, Sizə dərin ehtiramımı çatdırıram".
***
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri Prezident İlham Əliyev!
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.
Ulu Tanrıdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah nəsib etməsini diləyirik.
Zati-alinizə ən yüksək ehtiramımı çatdırıram".
***
San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Skarano və Adele Tonnini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.
Məktubda deyilir:
"Zati-aliləri!
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və şəxsən öz adımızdan səmimi təbriklərimizi çatdırmaq istərdik.
Zati-aliləri, bu əlamətdar bayram münasibətilə Sizin şəxsi uğurlarınız və bütün Azərbaycan xalqının firavan gələcəyi ilə bağlı ən xoş arzularımızı bildirir, yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik".
***
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri!
Ukrayna xalqı adından və şəxsən öz adımdan Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Ölkələrimiz arasında münasibətlər dərin tarixi köklərə malikdir və qarşılıqlı etimada, hörmətə, səmərəli əməkdaşlığa əsaslanır. Əminəm ki, biz Kiyev və Bakı arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə strateji tərəfdaşlığın mövcud potensialını birgə səylərlə maksimum dərəcədə həyata keçirə bilərik.
Bu il 100 illiyi qeyd olunan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir ki, müstəqillik yolu qədər çətin yol yoxdur. Eyni zamanda, bütün çətinliklərə baxmayaraq, ölkələrimiz bu yolda inamla irəliləyir. Dövlətimiz və bütün sivil dünya üçün bu çətin zamanda, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi dönəmində Azərbaycanın ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair ardıcıl mövqeyinə görə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi üzrə Ukraynanın dəyişməz mövqeyini də bir daha təsdiq edirəm.
Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, güclü və firavan Azərbaycanın inkişafı yolunda yeni nailiyyətlər, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram".
***
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Mətndə deyilir:
"Zati-aliləri!
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının hökuməti və xalqı adından Sizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.
Bu fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram".
***
Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Mətndə deyilir:
"Cənab Prezident!
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.
Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram".
***
İsveçrə Konfederasiyasının Prezidenti Alen Berse Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri!
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə İsveçrə Federal Şurası və İsveçrə vətəndaşları adından təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Man bu fürsətdən istifadə edərək, vətəndaşlarınıza və ölkənizə xoşbəxtlik və əmin-amanlıq dolu gələcək arzulayıram.
Əminəm ki, biz gələcək illərdə ikitərəfli əlaqələrimizi daha da genişləndirə biləcəyik.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".
***
Macarıstanın Prezidenti Katalin Novak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Mətndə deyilir:
"Hörmətli cənab Prezident!
İcazə verin, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan vətəndaşlarını təbrik edim.
Azərbaycan Respublikası ilə əlaqələr Macarıstan üçün xüsusi əhəmiyyət kəsb edir.
Cənab Prezident, şadam ki, Sizin bu ilin yanvar ayında ölkəmizə səfəriniz zamanı biz əlaqələrimizi genişləndirilmiş strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişik.
Sizi əmin edə bilərəm ki, Macarıstan ölkələrimiz arasında əməkdaşlığın daha dinamik inkişafına sadiq qalır. Sentyabrda keçiriləcək beşinci Budapeşt Demoqrafik Zirvə toplantısına dəvətimə verdiyiniz cavaba və Azərbaycanın görüşdə yüksək səviyyədə təmsil olunacağını təsdiqlədiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.
Cənab Prezident, Sizə möhkəm cansağlığı və məsul vəzifənizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram".
***
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Cənab Prezident!
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına İtaliya Respublikasının adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.
Rusiya-Ukrayna müharibəsi ilə xarakterizə olunan həssas bir dövrdə çoxsaylı görüşlərimiz zamanı da təsdiq etdiyimiz kimi, Bakı və Romanı birləşdirən möhkəm əlaqələrin davamlı olaraq güclənməsini qeyd etmək mənim üçün xüsusi məmnunluq mənbəyidir.
Xalqlarımızı birləşdirən həqiqi dostluğa əsaslanaraq, əminliklə bildirirəm ki, biz qarşılıqlı maraq doğuran bütün sahələrdə çoxölçülü strateji tərəfdaşlığımızı dərinləşdirmək üçün bundan sonra da bütün imkanlardan istifadə edə biləcəyik.
Bu kontekstdə İtaliya Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da inkişafına güclü dəstəyini davam etdirəcəkdir.
Cənab Prezident, Sizə səmimi dostluq ruhunda şəxsi rifah, dost Azərbaycan xalqına firavan gələcək arzularımı çatdırıram".