27 May 2023 20:24
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də mayın 27-də Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib.

Teleqraf.com xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Sonra Azərbaycan Prezidenti hərbi hospitalda yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 3,6 hektar ərazidə salınan Kəlbəcər hərbi hospitalı sülh dövrü üçün 180 çarpayılıqdır. Döyüş vəziyyəti zamanı çarpayı sayını 300-dək artırmaq mümkündür. Müasir, tam rəqǝmsal, süni intellektə əsaslanan tibbi cihaz və avadanlıqlarla təchiz olunan hərbi hospitalda poliklinika, terapiya, cərrahiyə, anesteziologiya-reanimasiya bölmələrindən ibarət birinci müalicə korpusu, yoluxucu xəstəliklər və dəri xəstəlikləri bölmələrindən ibarət ikinci müalicə korpusu, qərargah binası, eləcə də daimi tibbi oksigen təminatı üçün stansiya, camaşırxana-qazanxana, nəzarət-buraxılış məntəqəsi və yeməkxana tikilib.

Poliklinika bölməsində ixtisaslar üzrə oftalmoloq, otoronolarinqoloq, kardioloq, stomatoloq, nevroloq, psixiatr, fizioterapevt və digər kabinetlər açılıb. Təcili yardım otağında ilkin yardım göstərmək üçün hər cür şərait mövcuddur.

Hospitalda iki əməliyyat otağı fəaliyyət göstərir. Müalicə korpuslarında hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, o cümlədən onların müayinə və müalicəsi üçün bütün şərait yaradılıb. Laboratoriya bölməsi ən yüksək standartlara cavab verir. Burada müasir laborator müayinə üsulları tətbiq edilməklə klinik, biokimyəvi və mikrobioloji analizlərin aparılması mümkündür.

Kəlbəcər hərbi hospitalı, həmçinin bioloji təmizləmə qurğusu, ehtiyat generator, cərrahi əməliyyatların fasiləsizliyi üçün UPS, mərkəzləşdirilmiş su, istilik və digər kommunikasiya sistemləri ilə tam təchiz olunub.

Bundan əlavə, hərbi hospitalın avtomobil parkında reanimobillər, yolsuzluq şəraitində təxliyə üçün ambulanslar, çöl şəraitində hərbi qulluqçulara tibbi xidmət göstərilməsi üçün avtomobillər var. Hərbi hospitalın ətrafındakı ərazidə yaşıllaşdırma və abadlıq işləri də görülüb.


Müəllif: Teleqraf.com