23 İyun 2023 15:41
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

- Əziz hərbçilər.

Mən sizi və Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm.

Hərbçilər: Sağ ol.

Prezident İlham Əliyev: Bu bayram günü ərəfəsində ölkəmizdə növbəti komando hərbi hissəsi açılır. Bu, çox əlamətdar hadisədir. Bildiyiniz kimi, Vətən müharibəsindən sonra mənim göstərişimlə Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Beləliklə, biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq.

İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir.

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Təbii ki, işğal dövründə ordu quruculuğu bizim üçün bir nömrəli vəzifə idi və Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır.

Ancaq buna baxmayaraq, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir.

Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, əminəm ki, yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir.

Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür.

Bununla bərabər, digər xüsusi təyinatlı qüvvələrdə şəxsi heyətin say tərkibi genişləndirilir, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılmışdır. Mən artıq qeyd etdim, müharibə dövründə Müdafiə Nazirliyinin xüsusi təyinatlıları xüsusi qəhrəmanlıq və peşəkarlıq göstərmişlər. Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb və bütün bu böyük qüvvə bir məqsəd güdür, ərazimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və əgər bizim təhlükəsizliyimizə təhdid olarsa, düşmən qüvvələrə sarsıdıcı zərbələrin endirilməsi. Bu gün deyəndə ki, İkinci Qarabağ müharibəsindən sonra Ordumuz daha da güclənib, o cümlədən mən bunu nəzərə alıram.

Onu da bildirməliyəm ki, uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın. Bizim uğurlu iqtisadi siyasətimizi, ölkəmizin artan gəlirlərini nəzərə alaraq, bu yaxınlarda dövlət büdcəsinə əlavələr edilmişdir. Onsuz da bu ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Ancaq buna baxmayaraq, biz əlavə vəsaiti əldə edən kimi büdcənin artırılmasına yeni böyük məbləğdə vəsait ayırdıq və burada iki əsas istiqamət müəyyən edilmişdir - birincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi, hərbi potensialımızın gücləndirilməsi. Yəni, təkcə bu fakt özlüyündə onu göstərir ki, bizim üçün bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir.

Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir. Məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Yəni, bizim ölkəmiz, sözün əsl mənasında, müstəqil ölkədir, çünki müstəqil siyasət aparmaq iqtidarındadır və bizə bu gücü verən, ilk növbədə, bizim hərbi potensialımızdır.

Biz İkinci Qarabağ müharibəsinə hazırlaşırdıq və bunu gizlətmirdik. Mən işğal dövründə dəfələrlə deyirdim ki, bizim üçün birinci vəzifə ərazimizin bərpasıdır, ərazi bütövlüyümüzün təmin edilməsidir. Deyirdim ki, əgər danışıqlar nəticə verməsə, biz güc tətbiq edərək öz tarixi torpaqlarımızı azad edəcəyik. Əfsuslar olsun ki, mənim sözlərimə bəziləri laqeyd yanaşdı. Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, onlar bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaq. Biz onların məkrli planlarını alt-üst etdik. Müharibəyə hazırlaşdıq, düşmənə elə sarsıdıcı zərbə vurduq ki, düşmən bu günə qədər özünə gələ bilmir.

İkinci Qarabağ müharibəsindən sonra biz hərbi Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirməli idik. İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də biz olduq. Bu gün regionda proseslər yenə də bizim təkliflərimiz əsasında cərəyan edir. Əgər Vətən müharibəsindən sonrakı birinci ayları götürsək, görərik ki, yenə də Ermənistanın havadarları bizə köhnə tezisləri qəbul etdirməyə çalışırdılar. Biz isə bunu qətiyyətlə rədd etdik və bu gün hər kəs görür ki, vaxtilə erməni işğalını əbədiləşdirmək üçün səylər göstərmiş Minsk qrupu artıq gündəlikdə yoxdur, tarixin arxivindədir. Hər kəs görür ki, vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr artıq tamamilə fərqli açıqlamalar verirlər. Görürük ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: “Qarabağ Azərbaycandır!” Yəni, bütün bunlar bizim son iki il yarım ərzində apardığımız siyasətin nəticəsidir. Bu məsələlər elə-belə yaranmır. Azərbaycan-Ermənistan şərti sərhəd istiqamətində baş vermiş hadisələr, ermənilərin yaşadıqları Qarabağ bölgəmizdə hərbi əməliyyatlar və iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir. Yəni, biz bütün addımlarımızı vahid proqram əsasında atmışıq. Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi.

Bu gün biz öz şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik. Bu gün biz bölgədə söz sahibiyik. Bəziləri, o cümlədən Ermənistan və onun bəzi xarici himayədarları bizi qisasçılıqda ittiham edirlər. Tamamilə yalan bir tezisdir. Mən demişəm və müharibə dövründə demişəm ki, biz düşməndən qisasımızı döyüş meydanında alacağıq, şəhidlərimizin qanını döyüş meydanında alacağıq və belə də oldu. Azərbaycan Ordusu mülki əhaliyə qarşı müharibə aparmamışdır, bunu hər kəs bilir və görür. Ermənistandan fərqli olaraq onların şəhərlərini “İsgəndər”, “Toçka” və “Elbrus” raketləri ilə dağıtmamışıq. Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir, Ali Baş Komandanın əmrlərini tam icra edir və icra edəcək. Ona görə bizi qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar. Biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin. Biz tələb edirik ki, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq. Əks təqdirdə bizim də addımlarımız adekvat olacaq. Yenə də deyirəm, biz qisasımızı döyüş meydanında aldıq. Ancaq bununla bərabər, biz erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq. İşğal dövründə bizim şəhərlərimiz yerlə-yeksan edilmişdir. Tarixi abidələrimiz dağıdılmışdır. Bizim müqəddəs ocaqlarımız təhqir edilmiş və dağıdılmışdır. Bunu edən bizim mənfur qonşularımız idi. Buna göz yuman beynəlxalq aləm, beynəlxalq ictimaiyyət və indi hər gün Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır. Onları bu ədalətsizliyə vadar edən nədir? İkili standartlar və rüşvət! Bunun başqa izahatı ola bilməz. Gedirlər, bizim sərhədimizə yaxın yerlərdə şəkillər çəkdirirlər, bizə hansısa mesajlar ünvanlayırlar. Hünərləri varsa gəlsin yaxınlaşsın bizim sərhədimizə. O vaxtlar artıq tarixdə qaldı. Yenə də onların ayağını biz qırdıq. Çünki İkinci Qarabağ müharibəsindən sonra biz bunu unutmamışıq. Bəzi Avropa ölkələrinin rəsmi nümayəndələri bizim ərazimizə, Xankəndiyə icazəsiz soxulmuşdular. Mən o vaxt demişdim ki, əgər bizim bundan xəbərimiz olsaydı, onları buraxmayacaqdıq. Bu gün də deyirəm, hünəriniz varsa gəlin, görək, sonra axırınız nə olacaq?

Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz. Yenə də deyirəm, biz haqq-ədaləti tələb edirik. Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz öz torpağımızda müharibə aparmışıq və bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq.

Bizim şərtlərimiz bundan ibarətdir. Ermənistan keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Mən dedim ki, bu sözlər kifayət deyil, daha dəqiq sözlər deyilməlidir və keçən ay artıq bir daha rəsmən nəinki ərazi bütövlüyümüz Ermənistan tərəfindən tanınıb, hətta Azərbaycan ərazisinin parametrləri də qeyd olunub. Yəni, bu, müsbətə doğru atılan bir addımdır. Ancaq bundan sonra həmin bu ifadələr kağız üzərində də olmalıdır və Ermənistan buna imza atmalıdır. Belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Əks təqdirdə, sülh olmayacaq.

Eyni zamanda, bizim şərtlərimizdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu, bizim haqlı tələbimizdir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürmüşdür. Ancaq bu günə qədər bu öhdəlik yerinə yetirilməyib. Digər şərtimiz odur ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarılmalıdır. Bu da Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biridir. Bu da icra edilmir.

Biz hələlik özümüzü təmkinlə aparırıq. Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq. Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə də deyirəm, biz tələsmirik. Bu gün biz azad edilmiş torpaqlarda geniş quruculuq işləri ilə məşğuluq. Biz keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarırıq. Biz Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahibik. Biz o mövqelərdə möhkəmlənirik. Strateji yüksəkliklərdə olmağımız bizə strateji üstünlük təmin edir. Yenə də deyirəm, biz son iki il yarım ərzində Ordumuzu böyük dərəcədə gücləndirmişik. Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır. Keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır. Onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu. Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə də oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Əziz hərbçilər, bildiyiniz kimi, Azərbaycan xalqı bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyini qeyd edir. Ulu Öndərin Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolu vardır. Hələ sovet dövründə Naxçıvanski adına hərbi məktəbin yaradılması məhz bu məqsədi güdürdü ki, Azərbaycanda peşəkar zabit təbəqəsi yaransın.

Ulu Öndərin doğum günündə, 100 illiyində mən Şuşada idim. Mən atamın doğum gününü Şuşada qeyd etmişəm və hesab edirəm ki, bu addımda böyük məna var. Şuşa Qarabağın tacıdır. Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur. Şuşa bizim gücümüzün, əyilməz ruhumuzun, qəhrəman hərbçilərimizin şücaətinin, qəhrəmanlığının təcəssümüdür.

Bu gözəl bayram ərəfəsində mən sizi bir daha qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik etmək istəyirəm. Azərbaycan Ordusuna yeni uğurlar, yeni qələbələr arzulayıram.

Yaşasın Azərbaycan Ordusu, Qarabağ Azərbaycandır!

***

15:05

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib.

Teleqraf.com xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi önünə gül dəstələri düzdü, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdi.

Sonra Prezident İlham Əliyev şəxsi heyətin atış vərdişlərini təkmilləşdirməsi üçün təyin olunmuş qapalı atış şəhərciyinə baxdı. Məruzə olundu ki, burada tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 25 metr uzunluğunda iki atış zolağı, həmçinin atışın nəticələri əks olunan monitor mövcuddur.

Dövlətimizin başçısı komandoların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi üçün zəruri trenajor və digər idman avadanlıqları ilə təchiz olunmuş qapalı idman zalına gələrək buradakı şəraitlə maraqlandı.

Hərbi hissədəki açıq idman şəhərciyində isə güc məşğələlərinin icrası üçün avadanlıqlar, dözümlülüyün artırılması məqsədilə maneələr zolağı, eləcə də futbol, voleybol, uzunluğa və hündürlüyə tullanma meydançaları yaradılıb. Ali Baş Komandan burada komandoların intensiv hazırlıq məşqlərini izlədi.

Sonra Ali Baş Komandan əsgər yataqxanasında yaradılan şəraitlə tanış oldu, oradakı silah otağı, əşya anbarı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı üçün ideoloji iş və digər inzibati otaqlara baxdı. Silah otağında Prezident İlham Əliyevə əksəriyyəti Azərbaycan istehsalı olan silah nümunələrinin taktiki-texniki xüsusiyyətləri barədə məlumat verildi.

Əşya anbarında nümayiş etdirilən müxtəlif hərbi geyim formaları arasında Azərbaycan Ordusunda yeni tətbiq olunacaq səhra geyim forması da təqdim edildi.

Sonra dövlətimizin başçısı hərbi hissənin sıra meydanına gəldi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə hərbi hissəyə Döyüş bayrağının təqdim edilməsi mərasiminə hazırlıq barədə məruzə olundu.

Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

X X X

Sonra komando hərbi hissəsinə Döyüş bayrağının verilməsi haqqında təqdimat oxundu.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Döyüş bayrağını hərbi hissənin komandirinə təqdim etdi.

Komando andiçmə mərasimindən sonra şəxsi heyət Döyüş bayrağı ilə təntənəli marşın sədaları altında tribunanın önündən keçdi.

Bundan sonra Ali Baş Komandana komando bölmələrinin silahlanmasında olan kiçik və iriçaplı silahlar, zirehli, avtomobil və xüsusi texnika, o cümlədən artilleriya, kəşfiyyat, mühəndis, rabitə və digər döyüş vasitələri, eləcə də zərbə dronları və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları nümayiş etdirildi.

Dövlətimizin başçısı dağçılıq qülləsi və kəşfiyyat cığırında komandoların nümunəvi məşqlərini izlədi.

Sonda əsgər yeməkxanasına baxış zamanı komandoların ərzaq payı normalarına uyğun ərzaq nümunələri nümayiş etdirildi.

***

12:18

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin (MN) komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər