Nazirlər Kabineti “Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formalarının təsdiq edilməsi haqqında” 23 avqust 2000-ci il tarixli qərarında dəyişiklik edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, “Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formaları”na 1-1 nömrəli forma əlavə edilib.
Bundan başqa, Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 11 sentyabr 2000-ci il tarixli qərarında dəyişiklik edib. Ə.Əsədovun imzaladığı müvafiq qərara əsasən, bundan sonra notariat hərəkətlərinin aparılması zamanı Konstitusiya, "Notariat haqqında" qanun, digər qanunları, habelə "Notariat haqqında" qanuna zidd olmayan Nazirlər Kabineti və Ədliyyə Nazirliyi ilə yanaşı ölkə Prezidentinin də öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar və Təlimat rəhbər tutulacaq.
Bundan başqa, ərizə yazılı formada bilavasitə notariusun yanında imzalanaraq veriləcək, notarius tərəfindən ərizə üzərində tarix və onun yanında verildiyi qeyd edilməklə imzalanacaq, həmçinin şəxsi gerbli möhürlə təsdiq ediləcək və bununla bağlı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmayacaq.