Azərbaycan Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib.
Teleqraf.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Dəyişikliklə “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nda səhiyyə, rifah və xidmət ixtisasları qrupuna yeni ixtisas əlavə olunub. Həmin ixtisas optometriyadır.
Qeyd edək ki, optometriya, gözlərin və əlaqəli strukturların qüsur və ya anormallıqlar üçün müayinəsini əhatə edən ixtisaslaşmış bir sağlamlıq peşəsidir.
Optometristlər adətən hərtərəfli ilkin göz baxımı təmin edən səhiyyə mütəxəssisləridir. Onlar göz sahəsində ixtisaslaşmış, göz xəstəlikləri olan xəstələrin görmə keyfiyyətini yaxşılaşdırmaq üçün çalışan tibb işçiləridir. Optometrist peşəsi oftalmoloqla qarışdırılır. Halbuki ikisi çox fərqli peşələrdir. Optometristlər həm də xəstələrə kontakt linzaları və eynəkləri tövsiyə etmək və satmaq hüququ olan insanlardır. Optometristlər çox vaxt özəl praktikada işləməyə üstünlük verirlər.
Optometristlərin əsas vəzifəsi görmə keyfiyyətini yaxşılaşdırmaqdır. Lakin onların vəzifələri bununla məhdudlaşmır.