Nazirlər Kabineti “Standartlaşdırma üzrə texniki komitələrin yaradılması və fəaliyyətinin təşkili Qaydaları”nı təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, iqtisadi fəaliyyətin hər növü üzrə bir texniki komitə yaradılacaq.
Texniki komitənin fəaliyyətinin təşkili və istiqamətləri, eləcə də onun sədrinin, müavininin, katibinin və üzvlərinin funksiyaları, kargüzarlığın aparılma qaydası, altkomitələrin yaradılması və onların fəaliyyətinin təşkili qaydası, həmçinin illik iş planının hazırlanması və razılaşdırılması proseduru müvafiq dövlət standartı və texniki komitənin əsasnaməsi ilə müəyyən edilir.
İş planının layihəsinə aşağıdakı məlumatlar daxil edilir:
- standartın beynəlxalq təsnifat kodu;
-standartın işlənilib hazırlanması üçün əsas;
- dövlət standartının və ilkin dövlət standartının layihələrinin adı;
- əsas normativ baza;
- işin yerinə yetirilməsi müddəti;
- maliyyə mənbəyi;
- sifarişi verən təşkilat;
- dövlət standartının potensial istifadəçiləri;
- təşəbbüslə çıxış edən şəxslər tərəfindən nəzərdə tutulan digər məsələlər.
***
Nazirlər Kabineti “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydası”nı təsdiqləyib
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə veriləcək 280 milyon kredit portfeli 168 milyon manata qədər dövlət zəmanəti ilə təmin edilir.