Bu günlərdə işğal altında olan Cəbrayıl rayonunun Xələfli stansiyasında - qədim Diri kəndində, Araz çayının sol sahilində, İran İslam Respublikası ilə sərhəddə Diri dağlarının zirvələrindən birində yerləşən, XII əsrə aid Qız qalası tarixi-memarlıq abidəsinin düşmənlərimiz tərəfindən yerlə yeksan edilməsi xəbəri yayıldı.
Bu, çoxları üçün inandırıcı olmaya bilərdi. Ancaq ərazidə İran İslam Respublikasının Araz çayı üzərində həyata keçirdiyi su qovşağı tikintisi ilə əlaqədar aşağıda təqdim etdiyimiz foto-şəkillərdən də görünür ki, bu faktdır. Əvvəcə qala özülündən tamamilə dağıdılıb. Hələlik qala yeri və onun yaxın günlərə qədər ucaldığı dağ isə qalır.
Diqqətlə baxsaq aydın görərik ki, onun üstündə əvvəlkindən fərqli olaraq heç bir qala-filan yoxur. Biz müqayisə üçün Qız qalasının ərazinin erməni və himayədarları tərəfindən de-fako işğala məruz qalmazdan əvvəlki iki görüntüsünü vermişik.
Onlardan biri qalanın yandan, digəri isə arxadan və yuxarıdan dövrələmə görüntüləridir. Diqqətlə nəzərdən keçirsək, işğaldan az sonra qalanın yuxarı hissəsinin dağıdıldığını da görə bilərik.
Nəhayət, sonuncu təsvir Qız qalasının tariximizdən büsbütün silinməsini əks etdirən şəklidir. Yəni bu, qalanın dağıdılmasını sübuta yetirən gerçək təsvirdir. Qəribədir, sanki əlahəzrət tarix orta əsrlərə mənsub bu memarlıq abidəsinin aradan götürülməsinə de-yure şərait yaradıb.
Araz çayı üzərində su qovşağı tikintisinin aparıldığı bir vaxtda qala bünövrəsinəcən dağıdılır, xəzinə tapmaq sevdası düşmənlərimizə bizim mədəniyyət tariximizə bir daha zərbə endirmək şansı verir. Diqqətlə baxın, qalanın yan-yörəsindəki tikintiyə mane olacaq dağ silsilələri, təpəliklər hündürlüklərindən asılı olmayaraq ustalıqla təmizlənib. “Qala dağı” isə göz dağı kimi Qız qalasız qalıb.
Əslində, nəinki Qız qalası, heç onun zirvəsində qərar tutduğu bu dağ belə tikintinin aparılmasına mane olmur.
Layihə müəllifləri səbəb kimi yanlış olaraq burada inşa ediləcək “Qız qalası” və “Xudafərin” su qovşaqlarının və SES-in tikintisini göstərə bilərlər. Fikrimcə, bunun heç bir əsası yoxdur. Tarixi-mədəniyyət abidələri kimi nə Xudafərin körpüləri, nə də Qız qalası su qovşaqlarının inşasına və yerləşməsinə heç bir maneçilik törətmir. Ən əsası tarix-mədəniyyət abidəsidir deyə onlara toxunulmamalıydı.
Nəzərə alsaq ki, bu tarixi abidələr ermənilərin işğal etdikləri ərazidə yerləşir və işğalın ilk illərində Qız qalasının bir tərəfi düşmənlərimizin təcavüzünə məruz qalmış, partladılmışdı. Deməli, bu gün qalanın tamamilə yerlə yeksan edilməsində məqsəd tariximizi yaşadan abidələri məhv etmək olub. Bu iyrənc əməllərini ortaya qoyan erməni vandalları bir daha kimliklərini göstərdilər.
Bir məsələni xatırlatmaq istərdim. Məlumdur ki, bu tipli qalalar adətən müdafiə isehkamı xarakteri daşıyır. Söhbət nələrin və kimlərin müdafiəsindən gedir? Hansı tarixi şərait belə bir qalanın inşasını zəruri edib? Onu kim tikdirib? Görəsən, Araz çayının sahilində, Güney Azərbaycanla Quzey Azrbaycanın qovuşuğunda yerləşən Qız qalası niyə indiyənəcən (işğaldan öncəki dövrü nəzərdə tuturuq) tədqiq edilməyib? Ümumiyyətlə, buna cəhd olunubmu?
Bəlkə, vaxtında araşdırılsaydı tariximiz üçün yeni, sanballı, gərəkli materiallar əldə etmiş olardıq. Kim bilir, tariximizin hansı qatları elə bu cür qalalarda gizlənib, öz tədqiqatçılarını gözləyir…
Diri dağındakı qala artıq yoxdur. Bundan sonra daha ondan danışmamaq da olar. Ancaq ölkəmizin işğal altında olmayan bölgələrindəki Qız qalaları barədə düşünək bəlkə? Şübhə etmirəm ki, bu cür qalalar adlarına uyğun spesifik xarakerə malik olmuşlar və məhz ona görə də maraq doğurmaya bilməzlər...
Haqqında sözügedən qala kökündən dağıdılması ilə şübhəsiz, araşdırılmayan, bilinməyən bir çox gizlinləri özü ilə birgə əbədi yoxluğa çəkib apardı. Ondan bizə yalnız dildən-dilə dolaşan əfsanələr, rəvayərlər qaldı...
Gərək idi ki, XII əsrin bu daş yaddaşına vaxtında yiyə çıxaydıq, heç olmasa, araşdırıb onun gizlinlərini üzə çıxaraydıq. Belə bir baş ağrısı uzun illlər Xudafərin körpüləri ilə bağlı da yaranıb. Ancaq xalqımızın və dövlətimizin körpülərin mühafizəsi yönündə birlik nümayiş etdirməsi onların xilası ilə nəticələndi.
Digər tərəfdən, Xudafərin körpülərinin mühafizəsi problemi beynəlxalq səviyyədə həllini tapdığından onun dağıdılmasına risk edilmədi. Təbii ki, Azərbaycan dövlətinin bu istiqamətdə apardığı məqsədyönlü iş uğurla nəticələndi. Qız qalasına bu səviyyədə münasibət olmasa da, o respublikamızın mühafizə tələb edən tarixi abidələrindən biri kimi qeydiyyata alınmışdı.
Siz indi təsəvvür edin: Əgər göz qabağında olan Qız qalası dağıdılırsa, işğal olunmuş Qarabağ bölgəsinin, o cümlədən Cəbrayıl rayonunun gözdən uzaq, əl çatmayan, ün yetməyən yerlərdəki tarixi-mədəniyyət abidələrinin taleyi nə gündədir?! Sizcə, qarı düşmənlərimiz - erməni fəndgirləri, vandalları onları xarabazara çevirib, dəfinələri talayıb, yerində gələcək yalançı erməni tarixinə əsas verə biləcək simvollar qoymayacaqlarmı?
Düşünürəm ki, bu məsələni boş buraxmaq olmaz. Sözügedən su qovşağını inşa edənlər bu məsələyə mütləq cavab verməlidirlər.
Yusif Dirili (Mahmudov),
tarix üzrə fəlsəfə doktoru