27 Sentyabr 2020 15:07
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəhrəman Ordumuz səhər saatlarından etibarən düşmənin təxribatının qarşısını almaq üçün əks-hücum əməliyyatları həyata keçirir.

Təbii ki, ordumuzun gücünə, əzminə arxayınıq, Qələbə üçün dua edirik və əminik ki, işğal altında olan torpaqlarımız bu antiterror əməliyyatları sayəsində tam azad olacaq. Bu əminliyi bizdə dövlət başçımız, ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyev yaradıb.

Hamı kimi, mən də az öncə cənab Prezidentin xalqa müraciətinə həyəcanla qulaq asdım. Amma Prezidentimizin çıxışına baxdıqca həyəcanım qürurla əvəzləndi. Çünki Ali Baş Komandanımın özgüvəni, ön cəbhə, Ordu və Qarabağla bağlı əmin və arxayın, rahat danışığı inanılmaz hisslər yaratdı.

Prezidentin sözlərini, ifadələrini hamınız eşitmisiniz, əlbəttə. Mən o sözlər haqda danışmayacam. Mən Prezidentimizin, Ali Baş Komandanın “bədən dili”nə toxunmaq istəyirəm.

Bəzən siyasətçi ekstremal situasiyada bədən dili ilə bir ordunun gördüyü işi görür!

Mən Prezidentin çıxışında bunu gördüm: arxayın, QƏLƏBƏYƏ – bu xalqın illərlə gözlədiyi QƏLƏBƏYƏ tam əminlik və QÜRUR!

Budur Prezidentimizin “bədən dili”!

Mən təbii ki, hazırda erməni mediasını da ciddi izləyirəm və Ermənistan baş nazirinin açıqlamalarından daha çox, “bədən dili”ni müşahidə edirəm.

Yox, Paşinyanın heç bir “bədən dili” yoxdur: adam büsbütün həyəcan, çaşqınlıq içindədir. Hətta bu çaşqınlıq səsində belə hiss edilir.

Təbii ki, düşmən ölkənin rəhbəri ilə öz Prezidentim arasında heç vaxt müqayisə aparmaram. Çünki bu, mümkün deyil, yerlə göy arasındakı fərq qədərdir.

Nikol Paşinyanın necə həyəcan və narahatlıqla rabitəsiz çıxışlar etdiyini, özü-özünü ardıcıl təkzib etdiyini, hətta qorxduğunu müşahidə edirəm.

Təəccüblənmirəm. Adam “biz hələ bunu müzakirə etməliyik” deyə səfərbərliklə bağlı qərarının olmadığını bildirir, üstündən yarım saat keçməmiş Ermənistanda hərbi vəziyyət elan olunduğunu bəyan edir.

Nə qədər absurddur: Azərbaycan Ermənistan ərazilərinə müdaxilə etməyib, öz torpaqlarında təxribatın qarşısını almaq üçün əməliyyat həyata keçirir. Ermənistan niyə səfərbərlik elan edir? Niyə Ermənistanda fövqəladə vəziyyət elan olunu?

Azərbaycan axı Ermənistana hücum etməyib.

Və yaxud heç kəsə sirr deyil ki, Dağlıq Qarabağda hazırda təxminən 45-50 min civarında erməni yaşayır. Mütləq əksəriyyət isə yaşlı insanlardır. Bədnam “dqr”in bədnam Arutyunyanı “səfərbərlik” elan edib. “Ordu”suna kimi toplayacaq? Onun üçün kimlər döyüşəcək: qocalar, yoxsa qadınlar?

Yəni Ermənistan rəhbərliyi normal ağla və məntiqə sığmayan hərəkətləri ilə özünü dalana dirəyib.

Azərbaycan isə çağdaş tarixinin ən şərəfli anlarını yaşayır. Artıq qəhrəman Ordumuzun ilk uğurları ilə bağlı sevindirici məlumatlar alırıq. Biz əminik ki, Ordumuz bu tarixə Tam Qələbə möhürünü vuracaq. Çünki reallıq və Ali Baş Komandanın əzmi məhz bunu ifadə edir.

Mən ölkəmizdəki bütün siyasi qüvvələri Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə çağırmıram – buna ehtiyac görmürəm. Çünki bütün xalq, hətta xaricdə yaşayan bütün soydaşlarımız Prezidentimizin, Ali Baş Komandanımızın, Ordumuzun yanında olduğunu hər vəchlə nümayiş etdirir.

Təsadüfü deyil ki, bir-birinin ardınca siyasi partiya liderləri də bəyanatlar yayıb, Ali Baş Komandanın əmrinə hazır olduqlarını bildirirlər.

Azərbaycan xalqı öz Liderinə inanır. Bu inamı görmək üçün Orduya yazılmağa can atan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edən gənclərimizin, bu qurumun qarşısında növbə yaradan cəngavər oğullarımızın sayına, siyahısına baxmaq kifayət edir.

Mən hələ 2013-cü ildə Prezident İlham Əliyevin Qarabağda Qələbə paradının müəllifi olacağı ilə bağlı “Qarabağı O qaytaracaq” adlı yazı yazmışdım.

Bu gün o Gündür.

Qəzamız mübarək olsun!


Müəllif: Aynur Camalqızı

Oxşar xəbərlər