28 Sentyabr 2020 18:14
2 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan əsgəri müharibədə öndədir və bizim çox güclü ordumuz var”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi deyib.

O, cəbhə bölgəsində baş verən proseslərə münasibət bildirib: “Artıq torpaqlarımızın müəyyən hissəsi düşməndən xilas edilib. Amma emosiyalarımızı qoruyub saxlamalıyıq. Çünki çox ağır döyüşlər qarşıdadır. Bəli, biz hamımız sevincli xəbər gözləyirik. Nə zaman Şuşaya, Kəlbəcərə bayrağımızı sansaq, o gün bayram edəcəyik. Azərbaycan əsgəri buna nail olacaq. İndi heç bir danışıqlara getmək olmaz.

Xocalı faciəsini yada salaq, Azərbaycanın nə qədər uşaqlarını, övladlarını tikə-tikə edən alçaq millətin hərəkətlərini xatırlayaq. Ona görə heç bir barışıq olmamalıdır, axıra kimi getmək lazımdır.

Bu gün Qarabağı, sonra öz tarixi torpaqlarımızı - Göyçə mahalını, Zəngəzuru, İrəvan xanlığını almaq lazımdır. Azərbaycan öz tarixi torpaqlarına yiyə çıxmalıdır. Əgər onlar böyük Ermənistan yaratmaq istəyirlərsə, bu alınmayacaq.

Şəhidlərimizə Allah rəhmət eləsin. Amma tövsiyə edirəm ki, “Biz şəhid olmağa hazırıq” şüarını dəyişək. Biz öldürməyə getməliyik, ölməyə yox. Müharibə itkisiz olmur. Bunu mərdi-mərdanə qarşılamaq lazımdır. Bu, insan həyatının ən yüksək zirvəsidir.

Hazırda əsas müharibə ilə yanaşı informasiya müharibəsi də gedir. Ermənilər bizi dünyaya vəhşi millət kimi tanıtmağa çalışırlar və bunu edirlər. Bütün dünyanı bizə qarşı çevirmək istəyirlər. Bizdən çox şey asılıdır. Biz informasiyalarda diqqətli olmalıyıq. Nə yaxşı ki, internet söndürülüb, çox aktiv deyil. Elə bilirsiniz ki, bizim içimizdə erməni casusları yoxdur? Var. Ona görə də vuruşan əsgərlərimizə kömək və dayaq olmalıyıq”.

Siyavuş Kərimi Türkiyənin ölkəmizə dəstəyindən də danışıb: “Ümumilli liderimiz Heydər Əliyev deyirdi ki, “Bir millət, iki dövlətik”. Onlar qardaşlıq missiyasına sadiq çıxırlar. Necə ki, Azərbaycan Türkiyənin çətin günündə yanında oldu. Bu gün isə Türkiyə Azərbaycanın çətin və narahat günlərində yanındadır. Halal olsun, qardaşlar!”


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər