29 Sentyabr 09:55
1 384

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanın birgə bəyanatı təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, bu, eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin, siyasi həmrəyliyin təcəssümüdür. Bu gün Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbləri ölkə siyasətçilərini birləşdirir. Azərbaycan xalqı yekdilliklə Prezidentin yanındadır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın 27 sentyabr tarixli bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, siyasi partiyala rəhbərlərinin Ermənistanın işğalçı siyasətini qınaması və ali baş komandanın yanında olduqlarını bəyan etməsi təbii ki, təqdirəlayiqdir:

“Ölkənin siyasi partiyalarının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Birgə bəyanat ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır.

Haqqında danışdığımız bəyanatda ölkənin siyasi partiyaları beynəlxalq hüququn aliliyinin bərqərar olunmasını tələb edərək BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadıqlarını bir daha vurğuladılar və haqlı olaraq Azərbaycana qarşı tətbiq olunan ikili standartlarına son qoyulmasını tələb etdilər. Prezident İlham Əliyev dəfələrlə həm BMT, həm də digər tribunalardan beynəlxalq aləmə xəbərdarlıq etdi, onları Ermənistanın təxribatları haqqında məlumatlandırdı, işğalçı dövlətin yeni müharibəyə hazırlıq gördüyünü bildirdi. Ölkə başçısı dünya birliyini, beynəlxalq təşkilatları bu müharibənin qarşısını almağa səslədi. Lakin Ermənistana dünya birliyi tərəfindən lazımi təzyiq göstərilmədi. Ermənistan yeni-yeni təxribatlar həyata keçirməkdə davam etdi. Nəticədə, Azərbaycan tərəfi mülki əhalini qorumaq üçün əks-həmləyə başladı. Hansı ki, belə bir əməliyyat üçün ölkəmizin əlində kifayət qədər hüquqi əsas mövcuddur”.

Politoloq bildirib ki, Azərbaycan tərəfinin ölkəmizə qarşı nəinki öz ərazisindəki, hətta kənardakı təhdidləri belə susdurmaq haqqı var:

“Onu da qeyd edim ki, hakimiyyət-xalq, xalq-ordu birliyi ordumuzun qələbəsinə təsir göstərən əsas amillərdən biridir. Ölkəmizdə güclü ordu və vahid komandanlıq mövcuddur. Bu gün Azərbaycan xalqı Azərbaycan ordusunun, ali baş komandanın yanındadır və ordumuz qısa zamanda işğaldakı bütün torpaqları azad edəcək”.


Müəllif: Aysel Azad