29 Sentyabr 12:23
22 413

Türkiyənin Pilotsuz Uçan Aparatları (PUA) üçüncü uğurlu imtahanını Dağlıq Qarabağda verdi.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzetində dərc olunan məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, bundan əvvəl İdlibdə Suriya ordusunun hava hücumundan müdafiə sistemlərini və mövqelərini yox edən PUA-lar Liviyada qiyamçı Haftar qüvvələrinə ağır zərbələr endirib:

“Azərbaycan Türkiyədən aldığı PUA-larla təcavüzkar erməni ordusunun hava hücumundan müdafiə sistemlərini tək-tək vurdu. Türk PUA-ları ilk olaraq Suriyada meydana çıxdı. Suriya hava məkanının bağlı olması səbəbindən PUA-lar xidmətə göndərildi. Türk dronları Suriya rejiminə ağır itkilər verdirdi.

Liviyada PUA-ların uğurlarının təsadüf olmadığı sübut edildi. Türkiyə və Liviya hökuməti arasındakı hərbi əməkdaşlıq müqaviləsi daxilində göndərilən PUA-lar təxribatçı Haftar qüvvələrinə böyük itki verdi. Haftar qüvvələrinin hücumları türk dronlarının sayəsində dayandırıldı, bunların nəticəsində Liviyadakı olayların gedişatı dəyişdi”.

Məqalədə vurğulanıb ki, Türkiyə istehsalı “Bayraktar TB2”lərin uğurlarının növbəti dəfə sübut olunduğu yer isə qardaş Azərbaycan oldu: “Ermənistanın təcavüzkar hücumundan sonra Azərbaycan Türkiyədən aldığı PUA-larla erməni ordusunun hava hücumundan müdafiə sistemlərini uğurla vurdu. PUA-lar vasitəsilə böyük üstünlük təmin edən Azərbaycan qüvvələri ermənilərə ağır itkilər yaşadır”.


Müəllif: Mənsur Rəğbətoğlu