“Türkiyənin Azərbaycana satdığı Pilotsuz Uçan Aparatlar (PUA) Ermənistan ordusuna qarşı keçirilən əməliyyatlarda güclü təsirlərə malikdir. Ermənilərin iyul ayında Tovuz təxribatından sonra Türkiyə və Azərbaycan arasında keçirilən hərbi təlimlər hər şeyi əvvəldən başlatdı. Azərbaycanın gəldiyi nöqtə də göz önündədir. Ermənistan bundan sonra hücum etmək istəsə, iki dəfə düşünəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahın Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general İsmayıl Haqqı Pekin deyib.
General Ermənistanın Tovuz təxribatından sonra Azərbaycan ordusundan ağır zərbə aldığını bildirib:
“Dağlıq Qarabağ ətrafındakı 7 kənd işğaldan azad edilib. Bu, Azərbaycan xalqının özünə olan inamını gücləndirdi. Həm meydanda, həm də masada uğur qazanmaq lazımdır. Baş verənlər bundan sonra Ermənistanı daha ehtiyatlı addımlar atmağa sövq edəcək”.
Pekinin sözlərinə görə, ABŞ, Fransa və Rusiyadan ibarət olan Minsk qrupu 30 ildir münaqişənin həllini təxirə salır və baş verənlər Qərbə o qədər də təsir etmir: “Halbuki onlara lazım olan neft və təbii qaz buradan gedir. Bölgədə insan haqları pozulur, bir millətin torpaqları işğal olunur, demoqrafik xəritə qanunsuz şəkildə dəyişdirilir. Minsk qrupu buna göz yummaqla məşğul idi”.
General Ermənistanın iqtisadi və hərbi gücünün zəif olduğuna diqqət çəkib:
“Hazırda Ermənistanın başında Paşinyan dayanır. Ermənistanın 3 milyon əhalisi var, iqtisadiyyatı çökmüş durumdadır, sağ-soldan gələn yardımlarla dolanırlar. Sərhədlərini Rusiya qoruyur. Hava hücumundan müdafiə sistemlərinə Rusiya nəzarət edir. Ermənistan eyni zamanda mafiya ölkəsidir. Ölkəni bir neçə mafiya ailəsi idarə edir”.
İsmayıl Haqqı Pekin hesab edir ki, Ermənistan bu hücumlarla Azərbaycanı test edir:
“Türkiyənin bölgədə başı qarışıb – Şərqi Aralıq dənizi, Suriya, Liviya və İraq əməliyyatları davam edir. Avropa İttifaqından sanksiyalar gözlənilir. ABŞ-la yaşanan anlaşılmazlıqlar var. Ermənistan bunları nəzərə alaraq, 28 il əvvəl olduğu kimi istədiyini edə biləcəyini düşündü. 28 il əvvəl Dağlıq Qarabağı işğal edərkən, buna bənzər durumdan faydalandılar. İndi də eyni şeyi etməyə çalışırlar. Hesab edirəm ki, Azərbaycan geri çəkilməsə, masada da özünə güvənsə, bölgədə bir daha belə halların yaşanmasının qarşısını alacaq”.