Öncə onu demək istərdim ki, mən bir azərbaycanlı olaraq Prezident İlham Əliyevin “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırması zamanı qürur duydum. Çünki cənab prezident çox savadlı şəkildə, faktlara əsaslanaraq, düzgün olaraq qeyd etdi ki, son iki gündə hərbi əməliyyatlar Azərbaycan torpağında aparılır və bu hərbi əməliyyatların başlanması erməni tərəfinin hücumuna qarşı əks-hücum keçirmək məqsədi daşıyır.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib.
O qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın söylədikləri onun xislətindən irəli gəlir:
“Onlar hər zaman şər-böhtan, yalan yaymaqla özlərini məzlum göstərmək, özlərinə dəstək axtarmaq istəyirlər. Bununla da üçüncü dövlətləri, əsasən də Rusiyanı bu münaqişəyə cəlb etmək niyyətindədirlər. Amma bir reallıq ondan ibarətdir ki, bu gün müharibə Azərbaycan torpaqlarında – Qarabağda və digər işğal olunmuş ərazilərimizdə gedir. Cənab Prezidentin qeyd etdiyi kimi biz haqq yolundayıq, öz torpaqlarımızı müdafiə edirik. Qələbə bizimlədir, Qarabağ Azərbaycandır”.
Eldəniz Səlimov qeyd edib ki, Azərbaycanı sentyabrın 27-də hərbi əməliyyatların başlamasına cəlb edən səbəblər göz qabağındadır:
“Artıq neçə illərdir ki, torpaqlarımız işğal altındadır. Amma son hadisələr sentyabrın 27-də sübh tezdən başladı. Ermənilər tərəfindən atılan artilleriya atəşi nəticəsində bizim mülki vətəndaşlarımız arasında ölənlər və yaralananlar oldu. Buna görə də biz əks-hücum əməliyyatı həyata keçirməyə məcbur olduq. Çünki vətəndaşlarımızı, torpaqlarımızı qorumaq borcumuz idi. Genişmiqyaslı hərbi əməliyyatların baş vermə səbəblərinə gəldikdə isə son zamanlar erməni tərəfində çox ciddi hazırlıq işləri aparılırdı. Liviyanın paytaxtı Beyrutda baş verən partlayışdan sonra orada yaşayan erməni əsilli muzdluların Dağlıq Qarabağa və digər işğal olunmuş ərazilərə gətirilərək yerləşdirilməsi, bundan əlavə Suriyadan döyüşçülərin gətirilməsi barədə bizim xüsusi xidmət orqanlarımızın xəbəri var idi. Azərbaycan tərəfi bilirdi ki, Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Ona görə də növbəti erməni təxribatı zamanı hücuma keçməyə məcbur qaldı”.