1 Oktyabr 09:09
2 024

Xalq artisti Brilliant Dadaşova Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Brilliant xanım, cəbhə bölgəsində baş verən prosesləri necə qiymətləndirirsiniz?

- 30 ildir ki, bizim torpaqlarımızı zəbt ediblər. Tez, ya gec biz öz torpaqlarımızı qaytarmalıyıq. Cənab Prezidentimiz İlham Əliyev peşəkar siyasətçidir və çox gözəl siyasət yürüdür. Xarici kanalları, o cümlədən Rusiya televiziyalarını izləyirəm. Oradakı ekspertlərin də mülahizlərindən görürük ki, cənab prezident doğrudan da düzgün yol seçib. Ermənilərə kömək edən böyük dövlətlər və qüvvələr indi əl-qolsuz dayanıblar. Artıq ermənilərə kömək etmirlər. Bu, bizim ölkə rəhbərimizin tərəfindən aparılan düzgün siyasətinin nəticəsidir.

- Ermənilər Tərtər və müxtəlif istiqamətlərdə mülki əhaliyə atəş açıb. Ermənilərin təxribatı nəticəsində mülki vətəndaşlarımızın həyatını itirdiyinə dair xəbərləri narahatlıqla izləyirik...

- Ötən gün Paşinyanın çıxışını dinləyirdim, deyir ki, Dağlıq Qarabağda yaşayan erməniləri atəşə tutublar. Amma təəssüf edirəm ki, Rusiya telekanalından sual verən olmadı ki, siz bir milyon azərbaycanlını vətənlərindən silahsız çıxarmısınız. Vətəndaşlarımız nə deyib oradan çıxıblar? İndi deyirsiniz ki, Qarabağda yaşayanları Azərbaycan nəzərə almır. Biz də bunun əleyhinəyik. Hətta prezidentimiz Qarabağda yaşayan ermənilərə xitabən deyir ki, döyüş bölgələrindən uzaqda dayanın, siz bizim vətəndaşlarımızsınız.

Amma Paşinyana demək lazımdır ki, siz bizim vətəndaşlarımızı başını sığallaya-sığallaya qovmusunuz? Güllə, atəş aça-aça insanlarımızı vətənlərindən didərgin salmısınız. Allaha çox şükür ki, bizim çox gözəl siyasətimiz var. Onlara kömək edən böyük bir dövlət bizim nə qədər haqlı olduğumuzu görür.

- Hazırda cəbhə bölgəsində əməliyyatlar davam edir. Müşahidələrinizə əsasən cəmiyyətdə ab-hava necədir?

- Bir gözümüz ağlayır, bir gözümüz sevinir. Böyük bacımın oğlu müharibəyə getmişdi və "kontuziya" almışdı. O vaxt Azərbaycanın siyasəti düzgün deyildi. Və ona görə böyük bir dövlət onlara kömək edirdi. Bacım oğlu aylarla xəstəxanada qaldı, başını narkozsuz tikmişdilər. Xalam oğlu könüllü olaraq Ağdama getdi və şəhid oldu. Biz bunları artıq yaşamışıq. Ölkə daxilində parçalanma meydana gəlmişdi. Azərbaycan vətəndaş müharibəsinin astasanasında idi. Biz çox çətin vəziyyətdə idik. Ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gəldi və ölkəmizdə vəziyyət yaxşılaşdı. Ulu öndərin siyasətinə heç dünya liderləri də müdaxilə edə bilməzdi. Heyf ki, o, bu günləri görmədi. Bu gün baş verənlər ulu öndərin uğurlu siyasətinin davamıdır.

Türkiyə açıq-aşkar bəyan etdi ki, qardaşlarımızın yanındayıq. Bu, bizim prezdentimizin düzgün, doğru siyasətinin nəticəsidir. Rusiya belə Ermənistana yardım etmədiyini bəyan etdi. Doğrudan da bu böyük nailiyyətdir. Rusiya bilir ki, Azərbaycanın heç kimin torpağında gözü yoxdur, heç kimə hücum etmir. Xalqını, məcburi köçkülərini öz evinə qaytarmaq istəyir. Xalqımız illərdir ki, bunu gözləyir. Azərbaycanın heç kimin torpağında gözü yoxdur. Bunu cənab prezidentimiz dünyaya sübut etdi. Diplomatiya və hərbi sahəni də çox gözəl bilir.

- Üstünlük bizim tərəfimizdədir, uğurların davamını necə gözləyirsiniz?

- Biz öz torpaqlarımızı təmizləyirik. Qalib gələcəyik. Dünya da qonşularımızın yalanından boğaza yığılıb. Mən Nikol Paşinyanın başında çatışmazlıq hiss edirəm. Xalqının da arasında Paşinyana qarşı narazılıq var. Çünki onlar qırılmaq, ölmək istəmirlər. Xalqı da görür ki, bu insan düzgün siyasət aparmır. İki ildir ki, hakimiyyətə gəlib və siyasətdə olduqca səriştəsizdir. Bunu da dünyaya göstərdi. Gec, ya tez haqq-ədalət öz yerini tutacaq.


Müəllif: Rəqsanə Həsənova