Argentinanın nüfuzlu “La Nacion” qəzetində səfir Rəşad Aslanovun “Ermənistan münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların aparılmasında maraqlı deyil” sərlövhəli müsahibəsini dərc edilib.
Səfirlikdən Teleqraf.com-a bildiriblər ki, müsahibədə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycanın mövqelərini, habelə mülki yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq ölkəmizə növbəti təcavüzə əl atdığı, nəticədə mülki əhali və hərbi qulluqçular arasında ölən və yaralananların olduğu bildirilib.
Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirləri həyata keçirdiyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü qoruyur və müdafiə edir.
Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonu işğal etdiyini, artıq 27 ildir BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair 822, 853, 874, 884 saylı qətnamələri də daxil olmaqla, beynəlxalq hüququn norma və prinsiplərinin işğalçı ölkə tərəfindən müntəzəm əsasda kobud şəkildə pozulduğu vurğulanıb. Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu təsdiqləyən, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, habelə məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz və ləyaqətli şəraitdə qayıtmasını tələb edən bu qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsinin danışıqlar prosesinə əngəl olduğu bildirilib. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdə qanunsuz mövcudluğunun bu kimi təcavüz aktlarının intensiv xarakter almasına yol açdığı diqqətə çatdırılıb.
Müsahibədə diplomat, həmçinin Azərbaycanın 30 ildir sülh prosesinə sadiq olduğunu, lakin Ermənistan tərəfinin hərbi və siyasi rəhbərliyi tərəfindən verilən bəyanatların bu ölkənin danışıqlar prosesini pozduğunu, münaqişənin beynəlxalq hüquq əsasında sülh yolu ilə həlli barədə danışıqlarda maraqlı olmadığını göstərdiyini vurğulayıb.
Bununla yanaşı, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda yer adlarının dəyişdirildiyi, həmin ərazilərdəki təbii sərvətlərin qanunsuz istismar olunduğu, qeyri-qanuni investisiyalarin təşviq edildiyi və məskunlaşma aparıldığı diqqətə çatdırılıb.
Ermənistanın Azərbaycana təcavüzünün əsl mahiyyətini ört-basdır etmək üçün düşmən tərəfindən münaqişənin dini zəmində baş verən qarşıdurma kimi təqdim edilməsinin tamamilə yanlış olduğu, respublikamızın əsrlərdir müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı, çoxmədəniyyətliliyin rəmzinə çevrilən bir ölkə olduğu vurğulanıb.