2 Oktyabr 2020 12:05
18 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizdəki hökumət heç zaman Rusiyayönümlü olmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Erkin Qədirli deyib.

Onun sözlərinə görə, heç bir siyasətçimiz durduğu yerdə Rusiya ilə münasibətləri korlamaq istəməz:

“Orası da aydındır ki, Rusiya ilə olan problemlərimiz Rusiyanın özündən (onun geosiyasi maraqlarından) qaynaqlanır. Həmişə Ermənistan-Azərbaycan münaqişəsində paradoksal bir sabitlik olub. Paradoksallıq onda olub ki, Rusiya düşmənimizin müttəfiqi ola-ola bizimlə də münasibətlərin yaxşı qalmasını istəyib. “Dostumun dostu dostumdur”, “dostumun düşməni düşmənimdir”, "düşmənimin düşməni dostumdur” - bunlar çoxdan bilinən və dəfələrlə sınanılmış yanaşmalardır.

Bəs, düşmənimin dostu nəyimdir?

ABŞ-ın keçmiş müdafiə katibi Donald Ramsfeldin dediyi kimi - bilinən bilinənlər, bilinən bilinməyənlər, bir də bilinməyən bilinməyənlər var. Rusiya həmişə bizim bilinən bilinməyənimiz olub. İndiki döyüşlərimizdə bizə mane olmadığını bilirik, amma nə üçün mane olmadığını bilmirik. Düşmənimizin dostu olduğunu da unutmuruq.

Aprel Döyüşlərindən fərqli olaraq, bu dəfə nə Putin zəng edir, nə Şoyqu. Üstəlik, Rusiyanın BMT-dəki səfiri bu döyüşlərdə heç kimi dəstəkləmədiklərini deyib. Yalnız Lavrov vurnuxur.

Geriyə baxanda başqa şeylər də görünə bilir. Məsələn, Ayaz Mütəllibov, Moskvaya güvənərək və oradan yardım alaraq, Goranboy və Göygölün kəndlərini erməni muzdlu döyüşçülərdən təmizləyə bildi. Sonra Xocalı qırğını baş verdi və Mütəllibovun hakimiyyəti çökdü.

Əbülfəz Elçibəy hakimiyyətə gələndə yaxşı bilirdi ki, Rusiya qoşunları ölkəmizdə qalarsa, bizim üçün strateji təhlükə olacaqlar. Rusiyanın qoşunlarını çıxartdı, Qarabağda uğurulu döyüşlərə başladı, Xankəndinə 14 kilometr alırdı. Sonra Kəlbəcər işğal olundu və bu işğal Elçibəy hakimiyyətini çökdürdü. İlham Əliyevin bunları anladığına şübhəm yoxdur. Rusiya ilə nə çox yaxın (Mütəllibovun yanlışı), nə də çox uzaq (Elçibəyin yanlışı) olmaq gərəkdir.

Ağdarə və Füzuli qaytarılandan sonra strateji üstünlük birmənalı bizdə olacaq. Ordumuza eşq olsun”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər