Ölkəmizdə SSRİ-nin dağılması ərəfəsində fövqəladə vəziyyətlər olub, amma müstəqil Azərbaycan tarixində bu ilk hərbi vəziyyətdir. Bu o deməkdir ki, ölkə müharibə rejimindədir. Bütün dünya qanunvericiliyində, beynəlxalq normalarda bunun üçün çox sərt qaydalar müəyyən olunub.
Bunu Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, komendant saatı hətta ölkə konstitusiyasında insan hüquq və azadlıqları ilə bağlı bütün müddəaların əksəriyyətinə məhdudiyyət qoymaq hüququndadır:
“O cümlədən toplaşma, kütləvi tədbirlər, çıxışlar etmək qəti qadağandır və müharibə dövrünün qanunlarına hər kəs əməl etməlidir. Mətbuat üzərində senzura qoyula, siyasi partiyaların, ictimai təşkilatların fəaliyyəti dayandırıla bilər. İlk növbədə bunu dərk etməliyik”.
Sahib Məmmədov bildirib ki, pandemiya dövrünü də nəzərə alaraq, cəbhədən gələn xoş xəbərləri evdə qeyd etmək məqsədəuyğundur:
“Bu an Ali Baş Komandandan tutmuş, sıravi vətəndaşa qədər hər kəsin diqqəti cəbhədədir. Təəssüf ki, yaralananlarımız var, mülki əhali arasında xəsarət alanlar var. Koronavirus epidemiyasının genişlənməsi də işimizə maneədir, əlavə iki cəbhədə müharibə aparmalı oluruq. Bu baxımdan da insanların kütləvi toplaşmasını məqbul saymıram. İndi sosial şəbəkələr var, hisləri ifadə etmək üçün çox yaxşı vasitədir. Eyni zamanda, insanlar eyvanlara çıxır, kimsə səs gücləndirici ilə Azərbaycan himnini, yaxud da "Koroğlu" uverturasını, yaxud da hər hansı hərbi marşı səsləndirir və insanlar eyvanlardan alqışlayaraq emosiyalarını bildirirlər. Bu normal bir şeydir. Eyvandan bayraq asan vətəndaşlar var. Özünü ifadənin çox forması var, onlar arasında yalnız biri küçəyə çıxaraq hislərini çatdırmaqdır. Hazırkı vəziyyətdə digər üsullar daha məqbul hesab edilir”.