5 Oktyabr 2020 13:21
6 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qababağın geri qaytarılması üçün ideal zamandır. Birincisi, ABŞ-da seçkilərdir, Trampın bu məsələ vecinə deyil, Baydenin qələbəsi isə sual altındadır, hətta seçkilərdə qalib gəlmiş president seçkidən sonra da, yanvar ayının 21-nə qədər aktiv siyasət yürütmür. İkincisi, Avropa İttifaqı ölkələrinin başı öz problemlərinə qarışıb – koronavirus, Breksit, iqtisadi daralma, Aralıq dənizində gərginlik, qaçqın problem. Bütün bunlar ittifaq ölkələrinin gündəliyində öndə olan məsələlərdir”.

Teleqraf.com xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya rəsmisi Fransanın son açıqlamalarının da heç bir məna kəsb etmədiyini bildirib:

“Makron seçkiləri düşünür, daxili siyasətə oynayır. Rusiyaya gəldikdə, bu ölkənin mövqeyi çox vacibdir, bölgəyə çox ciddi təsir mexanizmləri var. Cənubi Qafqazı nəzarətdə saxlamağın ən vacib elementi Qarabağ məsələsidir. Kreml bu problemin birdəfəlik həllini istəmir, istəməyəcək. Amma bu gün öz gündəliyi ilə məşğuldur – Paşinyanı Qərbin layihəsi sayır, 2018-ci ildə onun Moskvanın hazırladığı “Krapetyan”layihəsinin həyata keçirilməsinə mane olan şəxs kimi görür.

Amma başqa məsələlər də var: Putin son 2 ildə İrəvanda baş tutan onlarla anti-Rusiya aksiyalarında öz portretinin, Rusiya bayrağının yandırılmasını, şəxsinə yönəlmiş təhqiramiz şüarları həzm edə, bağışlaya bilmir. Düşünür ki, Paşinyan ya özü bunları təşkil edir, ya da təşkilatçılara mane olmamaqla ölkəyə nəzarət edə bilmədiyini göstərir – hər iki variantda Kremlə sərf etmir. Ona görə də artıq Paşinyanın Moskva qarşısında diz çöküb bütün şərtləri qəbul etməsi azdır – sabah yenə çaşa bilər, ona görə də məqsəd Paşinyanın siyasətdən getməsi, onun dəyişdirilməsidir”.

Natiq Cəfərli qeyd edib ki, ordumuzun son hərbi qələbələri məmləkətimizə siyasi, diplomatik, hətta psixoloji üstünlük qazandırıb:

“İndi bu üstünlüyü davamlı hala gətirmək, hərbi üstünlüyü daha da artırmaq lazımdır, paralel olaraq da informasiya üstünlüyünü ələ almalı, beynəlxalq ictimayyətlə onların anladığı dildə, onların eşitmək istədikləri üslubda haqlı mövqeyimizi beyinlərə yeritməliyik. Bəli, biz bölgəmizdə sülh istəyirik – sülh təsisinin yeganə yolu isə işğalın bitməsidir.

Qəhrəman ordumuzun işğal altında olan İranla sərhəd bölgələrimizi tam azad etməsinin böyük beynəlxalq əhəmiyyəti də var. Ordumuz cənub sərhədlərimizi tam nəzarətə götürüb Ermənistanın rəsmi sərhədinə qədər irəliləməli, sərhəd dirəklərimizə həm cənubda, həm də qərbdə Azərbaycan bayrağını asmalıdır.

Beynəlxaq ictimayyətə izah etmək lazımdır ki, işğal altında olan sərhəd xəttimiz terrorçuluq, narkotrafik və İranın sanksiyalardan yayınması üçün Ermənistran və qondarma “Stepanakert” rejimi tərəfindən istifadə edilir və beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır. Bu, çox vacib məsələdir, bunun təqdimatı təşkil edilməlidir. Bu məsələ bizim zatən haqq işimiz olan öz torpaqlarımızın azad edilməsini daha da legitim hala gətirəcək, ordumuzun apardığı əməliyyatın beynəlxalq təhlükəsizliyin tərkib hissəsinə çevirəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər