Cəbrayıl rayonunun işğaldan azad olunması xəbərini ötən gün Prezident İlham Əliyev rəsmi tvitter hesabından verdi. 27 il sonra Cəbrayılın işğalçı Ermənistan ordusundan tazad olunması xəbəri ölkədə böyük coşquyla qarşılandı.
Cəbrayıllı media nümayəndələri hisslərini Teleqraf.com-a bölüşübər.
"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, bu sevinci yalnız onu yaşayanlar bilər: “Bu, bir başqa hissdir, qalib tərəfin hissidir. Tam sevincliyik, sevincimiz daha çoxdur. Gözümüzün bir tərəfi gülür, bir tərəfi ağlayır. Torpaq uğrunda canından keçən şəhidlərimiz var. Mülki əhali arasında ölən və yaralananlarımız da az deyil.
Şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Azərbaycan artıq öz sözünü dedi, millət olaraq, xalq olaraq bu əməliyyatla qürurumuzu qaytardıq.
Arzu edirəm ki, qısa müddətdə bu münaqişə bizim qələbəmizlə yekunlaşsın, bayrağımız Şuşada dalğalansın. Baxmayaraq ki, ehtiyatda olan əsgərəm, yaşım 45-i ötüb, cəbhəyə getmək üçün hazıram, könüllü olaraq qeydiyyatdan keçmişəm. Bütün cəbrayıllılar adından Ali Baş Komandana təşəkkür edir, Azərbaycan xalqını təbrik edirəm”.
Modern.az-ın baş redaktoru Əfqan Qafarlı Cəbrayılın işğaldan azad olunmasının onu ayrıca qürurlandırdığını deyib: “Ordumuzun həyata keçirdiyi sonuncu əməliyyatlar nəticəsində torpaqlarımızın işğaldan azad olunması hər bir Azərbaycan vətəndaşı kimi mənim də sevincimə səbəb olub.
Bu sevinci sözlə ifadə etmək çox çətindir. Azad olunan kəndlər sırasında mənim kəndim Böyük Mərcanlı da yer alır. Arzumuz odur ki, tezlikə bütün torpaqlarımız işğaldan azad olunsun, öz doğma yurd-yuvalarımıza geri qayıdaq”.
İctimai Televiziyanın redaktoru Naibə Qurbanova isə qarışıq hisslər yaşadığını, sevinc və kədərə qərq olduğunu bildirib: “Mən 2 gündür ki, bu hissin izahını tapa bilmirəm. 40 yaşım var, çox sevincli anlarım olub, amma bu günə qədər belə hiss yaşamamışam. Bunu heç nə ilə müqayisə edə bilmirəm, ağlamaqdan səsim batıb. Bircə onu fikirləşirəm ki, kədərin, ayrılığın nisgili o qədər böyük imiş ki, onun sevinci də bizi bu qədər böyükdür.
Xəbəri alanda ilk olaraq ana-atamı təbrik etdim, az qala ürəyimiz partlayacaq kimi hiss edirik. 27 il az vaxt deyil, bu xəbər elə vaxtda gəldi ki, əlimizi tam üzmüşdük. Mən artıq xatirələrimi də ört-basdır edirdim. Bu itkini dərk etdikcə havalanırdım, yaş artdıqca bu kədər insanı daha çox incidir. Bu, sunami kimidir.
Naxçıvana gedəndə İran tərəfdən keçib gedirdik, Cəbrayılın tuşundan keçəndə gözümü yumurdum ki, o xarabalıq kəndləri görməyim. İndi düşünürəm ki, artıq İrandan keçəndə böyük qürurla keçəcəyik. Kənddən çıxdığım gündən bu günə qədər nə baş vermişdisə, hamısı yaxşısı, pisi ilə, ağrısı-acısı ilə, bu 27 il 5 dəqiqəyə sığışdırılaraq gözümün önündən keçdi”.