Doğulub boya-başa çatdığım Cəbrayıl rayonunun işğaldan azad edilməsi xəbəri bizim evdə də böyük sevincə səbəb oldu. Bu hissləri sözlə ifadə etmək olmur. Xəbəri valideynlərimlə birlikdə eşitdik, sevincdən göz yaşlarımızı saxlaya bilmədik. Bu möhtəşəm anın yaşatdığı hisslər əvəzolunmazdır. Mən də daxil olmaqla bütün cəbrayıllılar böyük qürur və sevinc içindədir. 30 ilə yaxındır biz o bölgəyə gedə bilmirdik. Əcdadlarımızın ruhu nigaran idi. Düşmən orada olan abidələrimizi, qəbirlərimizi vandalizmə məruz qoyub. Ona görə də, rayonumuzun işğaldan azad edilməsi bizdə böyük sevinc duyğuları yaşatdı.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov bildirib.
Millət vəkilinin sözlərinə, işğalçı ermənilər düşünürdülər ki, zaman keçdikcə Azərbaycan xalqı bu tarixi unudacaq: “Baş verənlər bunun əksini göstərdi. Düşmən də şahid oldu ki, biz öz tarixi torpaqlarımızdan, milli-mənəvi dəyərlərimizdən ayrılmaq niyyətində deyilik.
Mən Cəbrayılın Şükürbəyli kəndində anadan olmuşam. Kəndimizdən 16 yaşında çıxmışam. Cəbrayıl işğal edilsə də, o həsrət, nisgil insanların qəlbində yaşayırdı. Mənim də bütün yuxularım cəbrayılla bağlı idi. Yuxularımda kəndimizə gedir, küçələrində gəzirdim.
Rayonumuz işğalda olsa da, biz heç vaxt ümidimizi itirməmişdik. İçimizdə inam vardı ki, inşallah, torpaqlarımıza qayıdacayıq. Nə vaxt İran ərazisindən keçirdik, doğma torpaqlarımıza həsədlə baxırdıq.
İndirayonumuz, kəndimiz düşməndən azad edilib. Bu, əvəzsiz və ifadəolunmaz hisslərdir. Belə bir sevinci bizə yaşatdığı üçün bütün cəbrayıllılar cənab Ali baş komandana öz təşəkkürünü bildirir”.