6 Oktyabr 2020 18:32
8 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun işğal olunmuş ərazilərdə həyata keçirdiyi anti-terror əməliyyatları düşmənə ağır zərbələr vurur. Hərbi cəbhədə məğlub olan Ermənistan “son kart”ı kimi mülki əhaliyə hücumu işə salıb.

Gəncə, Abşeron, Xızı və Abşerona çoxsaylı raket zərbələri endirilib, infrastuktur obyektlərinə ciddi zərər dəyib, indiyə qədər 27 mülki vətəndaş həlak olub, 141 nəfər yaralanıb. Ermənistanın mülki əhaliyə qarşı terroru davam edir.

Bu hücumlar mülki əhaliyə zərər verməklə yanaşı, regionun təhlükəsizliyi üçün təhdidlərin reallaşmağa başladığını da göstərir. İndiyə qədər Ermənistan neft-qaz infrastrkturunu, beynəlxalq layihələri, bögədə ekoloji fəlakət yaradacaq hədəfləri vurmaqla bağlı təhdidlər səsləndirirdi. Bu təhdidlər təkcə erməni ekspert cameəsi yox, Ermənistanın siyasi-hərbi rəhbərliyinin dilindən də deyilib. Sonuncu dəfə Qarabağdakı separatçı rejimin “rəhbəri” Araik Arutunyan “Gəncəni vuracağıq” açıqlamasını vermişdi.

Oktyabrın 4-dən etibarən, Ermənistan silahlı qüvvələrinin Gəncəyə və digər şəhərlərə, o cümlədən, Mingəçevir Su Elektrik Stansiyasına raket atması işğalçı ölkənin təhdidlərini həyata keçirdiyini təsdiqləyir. Xüsusilə qadağan olunmuş silahlardan istifadə edilməsi təhlükənin səviyyəsini daha da artırır.

Ermənistan rəhbərliyi məsuliyyətdən yayınmaq üçün mülki əhaliyə və strateji əhəmiyyətli obyektlərə hücumlarını separatçı rejimin vasitəsilə həyata keçirir. Baş separatçı Araik Arutunyanın bir müddət əvvəl “Gəncəni vuracağıq” açıqlaması da hazırda Ermənistanın Gəncəni raket atəşinə tutmasının məsuliyyətini üzərinə götürməsi idi. Lakin erməni baş nazir Nikol Paşinyanın hərbi müşaviri Vaqarşak Arutyunyanın dünən verdiyi açıqlama hücumların birbaşa Ermənistan tərəfindən həyata keçirildiyinin rəsmi etirafı oldu.

“Hərbi əməliyyatlar davam edərsə, Azərbaycan şəhərlərini hədəfə almağı bərpa edəcəyik”, - Paşinyanın hərbi müşaviri bildirib.

Ermənistan bununla bildirir ki, hərbi əməliyyatlar davam edərsə, Gəncəyə, Mingəçevirə, Xızıya, Abşerona və digər ərazilərə hücumları bərpa edəcək.

Bu hücumlar həm region, həm də beynəlxalq təhlükəsizliyi təhdid edir.

Mingəçevir SES-ə atılan raket Ermənistanın bütün regionun ətraf mühitinə zərər vuracaq addımlardan çəkinmədiyini, ekoloji terrorə əl ata biləcəyini göstərirdi. Bu, həm də çıxılmaz vəziyyətə düşən işğalçı ölkənin neft-qaz infrastrukturunu da hədəfə ala biləcəyi təhlükəsini yaratdı.

Mingəçevir və Gəncə ilə bağlı təhdidlər reallaşdığını nəzərə alsaq, neft-qaz infrastrukturu ilə bağlı təhdidlərin də reallaşa biləcəyi riski böyükdür.

Ermənistan parlamentinin deputatı Arman Babacanyan artıq belə bir çağırış edib.

“Azərbaycanda milyonlarla ABŞ dolları məbləğində Qərb layihələri, infrastruktur obyektləri, neft və qaz kəmərləri regionda təhlükəsizlik girovu olaraq bundan belə Ermənistan silahlı qüvvələrinin hədəfində olmalıdır. Çünki Bakı rəhbərliyi onlardan əldə etdiyi gəliri, vəsaitləri regionda təhlükəsizliyi pozmaq üçün istifadə edir. Artıq bu, birinci dərəcəli məsələdir”, - Babacanyan Feysbuk səhifəsində yazıb.

Ermənistanın neft-qaz infrastrukturunu hədəf alması həm regionda ekoloji böhran yarada, həm də Avropanın enerji təhlükəsizliyini ciddi təhlükə altına ata bilər. Bu baxımdan, Avropa Ermənistanın təhdidlərini ilk növbədə Azərbaycana qarşı yox, özünün enerji təhlükəsizliyinə qarşı təhlükə olaraq qəbul etməlidir.

Bununla yanaşı, Ermənistanın aqressiyası beynəlxalq avia uçuşlar üçün də təhlükəlidir.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC artıq bu təhlükə ilə bağlı xəbərdarlıq edib.

“Ermənistan silahlı qüvvələri son günlər ərzində uzaqməsafəli təsir radiuslu raketlər tətbiq etməklə Azərbaycanın ərazisini intensiv atəşə tutmaqda davam edir ki, bu da Azərbaycanın hava məkanından keçməklə beynəlxalq uçuşlar həyata keçirən mülki hava gəmiləri üçün ciddi təhlükə yaradır”, - AZAL-ın xəbərdarlığında qeyd olunur.

Hazırda işğalçı ölkənin Azərbaycana qarşı istifadə etdiyi raketlər faktiki olaraq, beynəlxalq təhlükəsizliyə doğru tuşlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər