8 Oktyabr 2020 14:52
8 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev oktyabrın 3-də Birinci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənovu Madagizin (Suqovuşan) işğaldan azad olunması münasibətilə oktyabrın 4-də isə Birlik komandirləri – general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib.

Teleqraf.com adları çəkilən generalların ömür və ömür yolunun ayrılmaz parçası olan döyüş yoluna dair hazırladığı yazını oxucuların diqqətinə təqdim edir.

General-mayor Həsənov Hikmət Hüseyn oğlu 9 oktyabr 1975-ci ildə Füzuli rayonunun Pirəhmədli kəndində dünyaya gəlib. 1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Xidmətə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə tağım komandiri kimi başlayıb. 1994-cü ildə Türkiyədə Tuzla hərbi piyada məktəbində 6 ay kurs keçib, 1995-ci ildə kursu bitirib Ağdamda “N” saylı briqadada xidmətə başlayıb. Bölük və tabor komandiri vəzifəsinə kimi yüksəlib. 2014-cü il iyunun 26-da ona Ali Baş Komandanın sərəncamı ilə general-mayor rütbəsi verilib.

2014-cü il dekabrın 28-də Ali Baş Komandanın digər bir sərəncamı ilə Hikmət Həsənov Silahlı Qüvvələrin cəbhə xəttində yerləşən, mühüm əhəmiyyətə malik “N” saylı birləşməsinin komandiri təyin edilib.

General-mayor Hikmət Həsənov 2020-ci il oktyabrın 3-də Ağdərə istiqamətində yerləşən Suqovuşanın işğaldan azad edilməsi əməliyyatına başçılıq edib.

Hikmət Həsənov indiyədək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı, “İgidliyə görə” medalı (22 iyun 2006), “Hərbi xidmətdə fərqlənməyə görə” medalı, “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, “Vətən uğrunda” medalı (25 iyun 2012), “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı, “Hərbi xidmətlərə görə” medalı (24 iyun 2015), “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni (25 iyun 2018) ilə təltif olunub.

Qeyd edək ki, Hikmət Həsənov 2016-cı ilin aprel döyüşlərinin iştirakçısıdır. Bu gün isə onun döyüş yolu işğal olunmuş torpaqların azad olunması əməliyyatları çərçivəsində davam edir.

İxtisasca tankçı olan general-mayor Mayis Şükür oğlu Bərxudarov 20 aprel 1976-cı ildə Qubadlı şəhərində anadan olub. Uşaq vaxtlarında güləşlə məşğul olub. Şəhid Milli Qəhrəman, mayor rütbəli tabor komandiri, Qarabağ müharibəsi başlamamışdan əvvəl idman müəllimi işləyən Əliyar Əliyevin tələbəsi olub.

Ermənistan silahlı qüvvələri separatçılıq əməllərinə başlayan zaman Mayis Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Hərbi liseydə oxuduğu vaxt oranın rəisi, general-mayor Valeh Bərşadlının onun gələcək taleyinə bilavasitə təsiri olub.

1993-cü ildə Mayis Bərxudarov və bir qrup kursant cəbhədə yaranmış gərgin vəziyyəti nəzərə alaraq könüllü ön xəttə getmək qərarı verir. Lakin bundan xəbər tutan general-mayor Valeh Bərşadlı onları yanına çağırır və bildirir ki, bunu etmək olmaz. Görünür, Valeh Bərşadlı bu gənclərin sabahın generalları olacağını bilirmiş. Valeh Bərşadlı onları inandıra bilir, Mayis Bərxudarov və digər kursantlar öz təhsillərini davam etdirirlər.

Mayis Bərxudarov 1998-ci ildə baş leytenant rütbəsində olarkən Azərbaycan Respublikasının orden sıralamasında dördüncü yerdə qərarlaşan “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Bu ordeni ona şəxsən ulu öndər Heydər Əliyev təqdim edib. Baş leytenant bu ordenə düşmən arxasında fəaliyyətinə görə layiq görülüb. Polkovnik Mayis Bərxudarov 2012-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.

2016-cı ilin aprel döyüşləri başlayan zaman korpus komandiri, polkovnik Mayis Bərxudarov özü də əsgərlərə qoşularaq birbaşa döyüş meydanına atılıb. Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştrak edib, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Mayis Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Mənbə bildirir ki, Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi əzmkarlıq və qəhrəmanlıqla döyüşməyə başlayıb.

Mayis Bərxudarova general-mayor ali hərbi rütbəsi məhz Lələtəpənin alınmasında göstərdiyi şücaətə və komandirlik bacarığına görə verilib.

General-mayor 25 iyun 2018-ci ildə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə Ali Baş Komandanın sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.

Xüsusi Təyinatlı Qüvvələr və onun komandanı, Ali Baş Komandanın təbrik etdiyi general-mayor Hikmət Mirzəyev isə bir başqa əfsanədir.

Hikmət İzzət oğlu Mirzəyev Biləsuvar rayonunda anadan olub. O, 19 yanvar 2002-ci ildə ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

Hikmət Mirzəyev 24 iyun 2003-cü ildə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Ali Baş Komandan, ulu öndər Heydər Əliyevin fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

24 iyun 2015-ci ildə general-mayor Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Hikmət Mirzəyev 2016-cı ilin aprel döyüşlərinin iştirakçısıdır. Bu döyüşlər zamanı Xüsusi Təyinatlı Qüvvələr bir sıra igidliklərə imza atıb. Sadəcə, bu qoşun növünün bütün əməliyyat və tədbirləri bir qayda olaraq gizli saxlanılır. Yalnız üstündən müəyyən zaman keçdikdən sonra bu əməliyyat və tədbirlər üzəridəki sirr pərdəsi götürülür. O zaman xüsusi təyinatlıların hansı cəsarət və mərdlik nümunəsi göstərdikləri aşkara çıxır. Ümumiyyətlə isə Xüsusi Təyinatlı Qüvvələr işğalçı Ermənistan ordusu hərbçilərinin qorxulu röyasıdır. Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçıları atəşkəs dövründə də dəfələrlə düşmənin arxasına keçib, orada bir sıra əməliyyatlar icra ediblər.

Əfsuslar olsun ki, 2016-cı ilin aprel döyüşləri zamanı Xüsusi Təyinatlı Qüvvələrin komandirləri – polkovnik-leytenant Murad Mirzəyev, mayor Samid İmanov, kapitan Mühüd Orucov, gizir Pəncəli Teymurov qəhrəmancasına şəhid olub.

Şüarı “Sədaqətim Şərəfimdir” olan, Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələr Azərbaycanın ən güclü, ən bacarıqlı, belə deyək, elit qoşun növü sayılır. Bu qurumun əsasən zabit və gizirlərdən ibarət olan hərbi qulluqçuları yüksək hərbi hazırlığa, yüksək vətənpərvərliyə və döyüş ruhuna malik olurlar.

Sözsüz ki, xüsusi təyinatlıların bu səviyyədə yetişməsində Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının bilavasitə təşəbbüskarı olan general-mayor Hikmət Mirzəyevin müstəsna xidmətləri var.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər