9 Oktyabr 2020 16:08
29 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan gah bu dövlət başçısının ayağına qaçır, gah o birinin, gah buna yalvarır, gah da ona. Paşinyan Şuşada yallı gedəndə, tut arağı içəndə demişdim ki, bu, ona çox baha başa gələcək. Bu, onun siyasi intiharı oldu. Çünki Paşinyan danışıqların formatını dəyişmək istəyi ilə yanaşı, aşkar şəkildə Azərbaycana meydan oxuyurdu”.

Jurnalist Elçin Alıoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Cəbhədə gedən prosesləri diqqətlə izləyirsiniz. Son durum nə yerdədir, ordumuzun mövqeyi necədir?

- Gecədən səhərədək döyüşlər davam edib. Cəbhənin bütün istiqamətlərində düşmən əks-hücuma keçməyə çalışsa da, ordumuz bunun hamısının qarşısını alıb. Düşmənin artilleriya qrupları, uzaqvuran artilleriya qurğuları, hərbi nəqliyyat və lokasiya vasitələri, istehkamları, dayaq məntəqələri və mövqeləri dəqiq zərbələrlə məhv edilib.

Özləri də etiraf edirlər ki, Ermənistan ordusu Qarabağda bütün cəbhə boyu geriləyir. Ermənilər arasında fərarilik sürətli şəkildə artıb. Baş nazir Nikol Paşinyan fərariliyin qarşısının alınması məqsədilə operativ əməliyyat tədbirlərinə başlaması ilə əlaqədar Ermənistan Milli Təhlükəsizlik Xidmətinə tapşırıq verib. Azərbaycana casusluq, ön cəbhədə təşviş və narahatlıq yaratmaq ittihamları ilə 14 nəfər həbs edilib.

Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndinə gəldikdə, burada böyük köç başlayıb. Hazırda Xankəndi və Laçın istiqamətində minlərlə qarabağlı erməni Ermənistana doğru hərəkət edir. İşğalçı ordunun Dağlıq Qarabağdakı hərbi infrastrukturu iflic vəziyyətindədir.

Statistikaya gəldikdə, düşmənin zirehli texnikasının 67, hava hücumundan müdafiə sistemlərinin 63, hərbi nəqliyyat və infrastruktur vahidlərinin 72 faizi məhv edilib. Ermənistandan Dağlıq Qarabağa davamlı olaraq, silah-sursat və hərbi texnika daşınsa da düşmən müdafiə üçün yetərli qüvvəyə malik deyil. Ermənistanda iki dəfə səfərbərlik elan olunmuşdu, artıq üçüncü səfərbərlik elan edildi. Bununla yanaşı, Nikol Paşinyan hərbi vəziyyətlə bağlı fərmana dəyişiklik etdi. Yəni hərbi vəziyyətlə bağlı fərmanın şərtlərini daha da sərtləşdirdi. Yeni imzalanmış fərmana görə, Ermənistan ərazisində hərbi vəziyyət şəraitində fəaliyyət göstərən dövlət qurumları, eyni zamanda mövcud strukturlar barədə tənqid yazmaq belə cinayət sayılır. Yəni hərbi senzuranın ən sərt forması Ermənistanda tətbiq olunur, Azərbaycanda isə bu yoxdur.

Ermənistan ordusunun maddi-texniki təminatı bərbaddır. Ermənilərin özləri də etiraf edirlər ki, silah-sursat çatışmır. Dağlıq Qarabağda döyüşən “könüllülərə” bir avtomat və beş güllə darağı verilir, vəssalam. Həmin “könüllülər” isə döyüşmək istəmirlər. Çünki indi onların qorxduğu əsas amillər Azərbaycan ordusunun dronları və uzaqvuran artilleriyasıdır. Azərbaycan ordusunun artilleriyasının dəqiq zərbələri Ermənistan silahlı qüvvələrində ciddi təşviş yaradıb. Hələlik hərbi vəziyyət teatrı belədir.

- Rusiyada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Gözləntiniz nədir?

- Azərbaycan Ordusu adi bir əməliyyat aparmır, işğal edilmiş ərazilərində anti-terror əməliyyatları həyata keçirir. Ermənistan ordusunun bizim mövqelərə hücumundan, mülki əhalini və ya yaşayış məntəqələrini davamlı atəşə tutmasından sonra biz əks-hücuma keçmişik.

Xarici işlər nazirinin görüşünə gəldikdə, bu, Rusiya Prezidenti Putinin çağırışı və təşəbbüsü ilə baş tutacaq. Görüşün konteksti bundan ibarətdir ki, döyüşən tərəflər qısamüddətli atəşkəs elan edirlər ki, döyüş meydanında həlak olmuş hərbçilərin meyitləri götürülsün. Bunu Ermənistan tərəfi istəyir. Çünki Ermənistan çox ağır itkilər verib. Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri – Şuşan Stepanyan və ya Artsrun Ovannesyan istədikləri qədər saxta statistika təqdim edə bilərlər, amma onların özləri də gözəl bilirlər ki, indi döyüş meydanında minlərlə erməni hərbçisinin meyiti var. Ermənistan da bu meyitləri oradan çıxarmaq üçün atəşkəs istəyir.

- Yəni məqsədləri təkcə budur?

- Sosial şəbəkələrdə belə bir fikir formalaşır ki, guya Ermənistan bu atəşkəsdən istifadə edəcək və dayanıqlı atəşkəsə çalışacaq. Əlbəttə, Ermənistanın belə bir istəyi var, status-kvonu qorumaq, hər şeyin əvvəlki kimi olmasını istəyir. Amma belə olmayacaq. Prezident İlham Əliyev son çıxışlarında açıq şəkildə bildirir ki, son işğalçı hərbçi Azərbaycan ərazilərindən qovulana qədər, biz hərbi əməliyyatları davam etdirəcəyik. Söhbət son ermənidən getmir. Dağlıq Qarabağın erməni əhalisi Azərbaycan Ordusunun hədəfi deyil. Dağlıq Qarabağın erməni əhalisi Azərbaycan vətəndaşlarıdır, biz onlara qarşı vuruşmuruq. Bizim hədəfimiz əlində silah tutmuş, bizə qarşı vuruşan və bizə qənim kəsilən işğalçılardır.

Ermənistan ordusu qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxmayana qədər atəşkəsdən söhbət gedə bilməz.

- Qısamüddətli atəşkəsin olacağını deyirsiniz, bu, gedişatı dəyişə bilərmi?

- Qətiyyən! Dünyanın hərb tarixində belə hallar olub və bu normaldır. Tərəflər arasında atəşkəs elan edilir, öz yaralılarını və meyitlərini çıxarırlar. Siyasi atəşkəs ayrıdır, hərbi əməliyyatlar teatrında elan olunan operativ atəşkəs başqadır. Rusiya prezidenti humanist və məntiqli addım atmaqla, belə bir təklif irəli sürdü. Ehtiyatı başa düşürəm. Lakin Rusiya rəhbərliyi və rəsmi şəxsləri dəfələrlə bəyan etdilər ki, Dağlıq Qarabağ Ermənistan ərazisi deyil. İkincisi, Rusiya heç bir halda Ermənistana hərbi və digər yardımları etməyəcək. Çünki hərbi əməliyyatlar Ermənistan yox, Azərbaycan ərazilərində gedir. Azərbaycan Ordusu öz bir millimetr də öz sərhədlərindən kənara çıxmır. Belə olan halda, hansı müdaxilədən söhbət gedə bilər?

Paşinyan gah bu dövlət başçısının ayağına qaçır, gah o birinin, gah buna yalvarır, gah da ona. Paşinyan Şuşada yallı gedəndə, tut arağı içəndə demişdim ki, bu, ona çox baha başa gələcək. Bu, onun siyasi intiharı oldu. Çünki Paşinyan danışıqların formatını dəyişmək istəyi ilə yanaşı, aşkar şəkildə Azərbaycana meydan oxuyurdu. O, özündən əvvəl Ermənistan rəhbərləri olan Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın cürət etmədikləri, sərsəm davranışları etdi. Gah dedi ki, “Qarabağ Ermənistandır”, gah da dedi ki, “Qarabağ müstəqil olmalıdır”, sonra da dedi ki, “Qarabağ Ermənistanın tərkibində muxtar bölgə olmalıdır”. Yəni mövqeyini tez-tez dəyişən qeyri-ciddi bir adamla danışıqlar aparmaq şübhəlidir.

Azərbaycanın şərti var – işğalçı öz qoşunlarını çıxarmalıdır. Bundan əvvəl isə qoşunların çıxarılma qrafiki beynəlxalq təşkilatların, ilk növbədə ATƏT-in Minsk qrupunun iştirakı ilə təsdiqlənməli və müvafiq addımlar atılmalıdır. Əks halda, Minsk qrupu ilə daha 30 il nəticəsiz danışıqlar aparmaq niyyətimiz yoxdur.

- Minsk qrupundan söz düşmüşkən, Fransa gələcək danışıqlarda vasitəçi kimi qalacaqmı?

- Hesab edirəm ki, Minsk qrupuna daxil olan Türkiyə və digərləri bu məsələni qaldıracaqlar. Fransanın Minsk qrupunda həmsədr olması, artıq absurd sayılır. Çünki Fransa Prezidenti Emmanuel Makron aşkar şəkildə işğalçının tərəfini tutur, hər vəchlə, hər yerdə əlinə fürsət düşən kimi Ermənistan rəhbərliyini dəstəkləyir. Mən Makronu başa düşməyə çalışıram. Çünki 2022-ci ildə Fransada prezident seçkisi keçiriləcək. O, Fransada yaşayan 470 minlik erməni icmasının səsini almaq istəyir. Makronun siyasi vəziyyəti çox pisdir. “Sarı jiletlilər”in bitmək bilməyən etiraz aksiyaları, xarici siyasət və Aralıq dənizinin şərqindəki uğursuzluqlar və s. Makronu çətin duruma salıb.

Ən əsası da Makron Avropada “sülhyaratma missiyası”nı öz üzərinə götürmək istəyir. Amma onun Dağlıq Qarabağ münaqişəsinə yanaşmada birtərəfli mövqe sərgiləməsi, onun həmsədrlik missiyasını şübhə altında qoyur. Çünki Fransa artıq obyektiv yox, subyektivdir. Tərəf tutan bir ölkə ilə hansı danışıqları aparmaq olar?


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər