İtaliya Senatında “İrəli İtaliya” partiyası siyasi qrupunun sədr müavini, İtaliya Parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədr müavini, senator Maria Rizzotti Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəslə bağlı razılığı kobud şəkildə pozması və çoxsaylı mülki şəxslərin həlak olması və yaralanması ilə nəticələnmiş Azərbaycanın müxtəlif yaşayış məntəqələrini raket atəşinə tutmasını qəti şəkildə pisləyən bəyanatla çıxış edib.
Teleqraf.com xəbər verir ki, beynəlxalq diplomatiyanın ən qısa zamanda Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün müdaxilə etməli olduğunu deyən senator Maria Rizzotti vuruğulayıb:
“Azərbaycan hərbi təcavüzə məruz qalmış ölkə olmasına baxmayaraq, beynəlxalq ictimaiyyətin atəşkəslə bağlı çağırışlarını qəbul etdi.
Son 24 saat ərazində baş verənlər Ermənistanın atəşkəsi kobud şəkildə pozaraq toqquşmaları gərginləşdirməsinə növbəti bir sübutdur.
Ermənistanın raket hücumları nəticəsində 10 mülki şəxs həlak olmuş və aralarında azyaşlı uşaqlar da olmaqla 34 nəfər yaralanmışdır”.
İtalyan senator qeyd edib ki, Azərbaycan əhalisinə qarşı soyqırım və müharibə cinayətləri törədən Ermənistan silahlı qüvvələrini dərhal dayandırmaq mənəvi öhdəlikdir.
Bəyanatının sonunda senator M.Rizzotti beynəlxalq ictimaiyyətdən və İtaliya hökumətindən gözləntilərinin Azərbaycan xalqına qarşı bu vəhşi hərəkətləri qəti şəkildə pisləmələri, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb etməli olduğunu deyib.
İtalyan senatorunun bəyanatı İtaliyanın Agenzia Nova xəbər agentliyi tərəfindən yayılıb.