12 Oktyabr 2020 14:42
3 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər, daha doğrusu Dağlıq Qarabağdakı saxta qurumun “lideri” elan etmişdi ki, cəsədləri götürməyə vaxtımız yoxdur. Ötən gündən etibarən onlar cəsədləri götürməyə başlayıblar. Çünki uzun müddət cəsədləri orada saxlamaq mümkün deyil.

Bu fikirləri Teleqraf.com-a hüquq müdafiəçisi Əvəz Həsənov oktyabrın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada Rusiya baş diplomatı Sergey Lavrovun vasitəçiliyi ilə keçirilən görüşdə humanitar atəşkəs elan olunmasından sonra əsir və cəsədlərin dəyişdirilməsi haqqında danışarkən deyib.

Bu sahədə müəyyən təcrübəyə malik olan müsahibimiz bildirir ki, cəsədlərlə yanaşı, əsirlərin dəyişdirilməsi prosesinin də həyata keçiriləcəyi gözlənilir:

“Bizim tərəfin əsir götürdüyü ermənilər var. Ehtimal edirəm ki, əsir götürülən ermənilər Müdafiə Nazirliyinin nəzarəti altındadır, onların filtrasiya müddətindən sonra geri qaytarılması üçün addım atıla bilər. Çünki əsirlərin filtrasiya müddətindən sonra saxlanılmasının əhəmiyyəti yoxdur. Həm də onların əksəriyyətinin müddətli hərbi xidmət keçən əsgərlər olduğu deyilir. Ön cərgədə döyüşənlər əsasən 2000-2002-ci ildə doğulan əsgərlərdir. Bunların hamısının müddəti var və bu müddət keçdikdən sonra Azərbaycan hökuməti onları qaytara bilər”.

Əvəz Həsənov xatırladıb ki, hazırda Şuşada saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında məlumat yoxdur. Onun sözlərinə görə, əsirlərin dəyişdirilməsi müharibədən əvvəlki dövrə aid edilmədiyi üçün Şahbaz və Dilqəmi bu prosesdə əldə edə biləcəyimiz real görünmür:

“Məncə, bu mərhələ döyüş gedən bölgələrdə əsir götürülən şəxslərin dəyişdirilməsini nəzərdə tutur. Bu, operativ fəaliyyətdir. Ola bilsin ki, əsir götürülən şəxsləri heç döyüş bölgələrindən uzağa da aparmırlar. Əsir götürdüyümüz əsgərləri Dilqəm və Şahbazla dəyişmək çətin olacaq”.

Hüquq müdafiəçisi əlavə edib ki, humanitar atəşkəsdə əsir və girovların dəyişdirilməsi nəzərdə tutulsa da, əslində tərəflər əllərində olan əsirlər haqqında məlumatı məxfi saxlayırlar:

“Amma müharibə zamanı götürülən əsirlərin filtrasiya müddəti çox çəkməyəcək. Müddətli hərbi xidmətdə olan əsgərlər də mümkündür ki, çox az hərbi sirlər bilirlər. Ona görə, uzunmüddətli filtrasiya müddətinə də ehtiyac yoxdur”.

Cəsədlərin dəyişdirilməsi proseduruna toxunan Əvəz Həsənov deyib ki, cəsədlər tibbi avtomobillərlə yığılır:

“Qırmızı Xaç Komitəsi hər iki tərəfdən prosesə nəzarət edir. Yəni Qırmızı Xaçın Azərbaycan və Ermənistandakı, ola bilsin ki, Xankəndindəki nümayəndələri gəlirlər. Cəsədlərin toplanması onların gözü qarşısında olur. Bu prosesdə Azərbaycan və Ermənistan hərbçiləri də iştirak edir. Cəsədləri ola bilsin ki, hərbi tibbi bacıları toplayır və ilk növbədə onun Ermənistana aid olub-olmadığını araşdırırlar. Buna mütləq baxılmalıdır. Bundan sonra cəsədlər xüsusi torbalarda avtomobilə qoyulur”.

Sonda Əvəz Həsənov deyib ki, döyüşlərdə erməni tərəfinin nə qədər cəsədinin olması bizim hərbçilərə məlum olacaq:

“Əgər bizimkilər Ermənistana təsir etmək istəsələr, bu statistikanı açıqlaya bilərlər”.


Müəllif: Cavad

Oxşar xəbərlər