Humanitar atəşkəsin pozulması Ermənistanın, ona himayədarlıq edən ölkələrin həyasızlığını göstərdi. Erməni tərəfi yalvararaq bizdən vaxt istəməsinə baxmayaraq, gecə saatlarında mülki əhalini hədəfə alıb, bombardman etməyə başladı. Biz nə qədər insan itirdik və bu itkilər davam etməkdədir. Onlar isə hələ də həyasızcasına bizə hücum edirlər.
Bunu Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.
Onun sözlərinə görə, baş verən hadisələr bir daha erməni tərəfinin xislətini sübut etdi:
“Bütün postsovet məkanında Azərbaycana qarşı olan bu münasibətin tək səbəbi paxıllıqdır. Postsovet dövlətlərinə nəzər yetirin, həm iqtisadi cəhətdən, həm ordu cəhətdən, həm kənd və şəhərlərini abadlaşdırılma cəhətdən özünü doğruldan ölkə Azərbaycandır. Bunların hamısı keçmiş SSRİ dövlətlərində qısqanclıq yaradır. Qırğızıstan və Qazaxıstan müsəlman dövləti olmalarına baxmayaraq, onlar Ermənistanla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) birləşdilər. Çünki heç biri Azərbaycan kimi müstəqil, özünə inamı olan dövlət olmayıb. Beynəlxalq dövlətlər baxırlar ki, müsəlman dövləti olan Türkiyə və Azərbaycan özünü sərbəst aparır, öz sözünü dünyaya çatdırır".
Hüquq müdafiəçisi qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya göstərdi ki, prezident necə olmalıdır:
"Həm millət ilə birgə çalışması, həm beynəlxalq təşkilatlara cavabı, həm yükü öz üzərinə götürməsi baxımdan heç bir dünya lideri İlham Əliyevə çata bilmir. Məhz buna görə paxıllıqdan, xislətdən bizim üzərimizə belə hücumlar edirlər. Biz bir olmalıyıq, heç nədən qorxmaq lazım deyil. Ali Baş Komandan əmr versin, bu vətənə canımızı da verərik. Azərbaycan öz ayaqları üzərində dayanır, sözünü deyə bilir. Axıra qədər getmək lazımdır”.