İşğalçı Ermənistan hümanitar atəşkəs rejiminə baxmayaraq, təxribatlara davam edir. Atəşkəs razılaşmasının üzərindən bir neçə saat keçdikdən sonra düşmən Gəncədə terror aktı həyata keçirdi. Təcavüzkar Ermənistan mülki insanların sıx yaşadığı yaşayış binalarını raket atəşinə tutdu. Cəbhə bölgəsinə yaxın olan Tərtər şəhəri də müntəzəm olaraq düşmən tərəfindən atəşə məruz qalır. Bu gün Erməni hərbi birləşmələri Tərtər şəhər qəbiristanlığında dəfn mərasiminin iştirakçılarını atəşə tutub. Dəfn mərasimində iştirak edən insanların hədəf alınması bu dövlətin cinayətkar, terrorçu mahiyyətindən xəbər verir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, ilahiyyatçı alim Ceyhun Məmmədov deyib.
Millət vəkili bildirib ki, mülki əhalinin dəfn mərasimi zamanı atəşə tutulması erməni vandalizminin, vəhşiliyinin bariz nümunəsidir:
“Səngərdə, döyüş meydanında Azərbaycan əsgərinə uduzan Ermənistan mülki insanları hədəf almaqla ictimai gərginlik, panika və qorxu yaratmağa çalışır. Amma çox təəsüflər olsun ki, yenə də beynəlxalq təşkilatlar bu məsələyə ciddi reaksiya vermir. Ermənistanın bu əməllərinə görə, ona hər hansı bir təzyiq göstərilmir. Azərbaycanı atəşkəsə, danışıqlar masasına çağıran ölkələr Ermənistandan ciddi şəkildə bu terror aktlarına son qoymağı tələb etməlidirlər”.
Ceyhun Məmmədovun sözlərinə görə, işğalçı Ermənistan bu cür hallara davam edəcəksə, Azərbaycanın tam hüququ var ki, konkret legitim hərbi hədəfləri məhv etsin.