17 Oktyabr 2020 17:10
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin xarici telekanallara verdiyi müsahibələr erməni yalanlarını ifşası istiqamətində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan cənab Prezidentin Rusiyanın "Ria Novosti"yə verdiyi müsahibə də olduqca əhəmiyyətli idi. Bu müsahibədə Qarabağın tarixindən, ermənilərin bu torpaqlara necə köçürülməsindən başlamış, atəşkəsin pozulma səbəblərinə, Azərbaycan Ordusunun sülhə məcburetmə əməliyyatlarına qədər çox geniş spektrli məsələlərə toxunulub. Eləcə də çox ciddi dəlillərlə erməni yalanlarını ifşa etməklə yanaşı, həm də beynəlxalq ictimaiyyətə də çox lazımlı mesajlar verilib.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Rusiyanın "Ria Novosti" agentliyinə verdiyi müsahibədə səslənən fikirləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Prezidentin əsas amalı xalqın etimadını doğrultmaqdır:

"Prezident Ermənistanın bölgə və beynəlxalq hüquqa təhdid olduğunu faktlarla sübut edərək dünyaya çatdırır ki, Azərbaycan xalqı tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaş aparır. Ermənistanın siyasi və hərbi rəhbərliyinin fəaliyyəti isə işğaldan, mülki əhalinin qətl edilməsindən ibarətdir. Bununla Ermənistan əslində terror dövləti olduğunu bir daha sübut etdi. Prezident də öz müsahibəsində ermənilərin faşist əməllərini növbəti dəfə ifşa edərək dünyaya çatdırdı. İlham Əliyev həmçinin muzdlularla bağlı məsələyə də münasibət bildirərək, olduqca tutarlı arqumentlərlə düşmənin və onun havadarlarının bu yalanını tamamilə ifşa etdi. Azərbaycanın hər hansı xarici ölkədən muzdlular gətirməsinə ehtiyac yoxdur. Ordumuzda 100 mindən çox döyüşçü var. Ehtiyatda olan, yəni səfərbərlik elan olunacağı halda cəlb ediləcək insan sayı isə bu rəqəmdən dəfələrlə çoxdur. Azərbaycanda əli silah tutan hər kəsin cəbhəyə can atdığı bir vaxtda xaricdən muzdlu cəlb etməklə bağlı iddia olduqca gülünc səslənir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: Bu müharibə texnikalardan geniş istifadə olunmaqla, PUA-larla, raketlərlə aparılır ki, hər hansı bir muzdlunun da bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur”.

Yusif Bağırzadə bildirib ki, ölkə başçısı bu müsahibədə müharibə zamanı Azərbaycanın sərgilədiyi davranışlar ilə Ermənistanın davranışlarının fərqini də göstərmiş oldu:

“Azərbaycan xalqı üçün bu müharibə azadlıq, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Heç kəs üçün gizli deyil və bu faktı artıq beynəlxalq vasitəçilər də bilir ki, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. Bu gün Qarabağdakı hərbi qulluqçuların 90 faizi Ermənistan vətəndaşıdır. Onlar hərbi xidmətə Ermənistanın hərbi komissarlıqları tərəfindən çağırılır və Azərbaycanın işğal edilmiş ərazilərinə göndərilir.

Müsahibədə ərazi bütövlüyünün Azərbaycan üçün “qırmızı xətt” olduğunu vurğulayan İlham Əliyev Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verilməyəcəyini də növbəti dəfə həm Ermənistanın, həm də onların havadarlarının nəzərinə çatdırmış oldu. Bu gün tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin əsas amalı Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğu bütün illər ərzində verdiyi vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Azərbaycan xalqı Prezident İlham Əliyevin bu uğurlu siyasətinə yüksək dəyər verir və bundan sonra da verəcəkdir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər