Erməni vandalizmi xalqımız üçün yenilik deyil və ötən əsrlərdə də biz bunun şahidi olmuşuq: “Xocalı soyqırımı, Sumqayıt hadisələri, 20 Yanvar hadisələrində də erməni vandalizminin izləri var. Bu gün Qarabağ savaşında erməni hücumlarına qarşı Azərbaycan uğurlu anti-terror, əks-hücum əməliyyatları keçirir. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışlarında vurğuladı ki, Azərbaycan Ordusu bu gün zəfər tarixi yazır. Təbii ki, bu tarix erməni vandallarını sıxır, narahat edir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Qeyri-Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib.
Onun sözlərinə görə, ermənilər dərk edirlər ki, tarixi məğlubiyyətə uğrayırlar və bunu həzm edə bilmirlər: "Bir neçə ölkənin rəhbərinə zəng edərək, müharibəni dayandırmaq, sülh istəyirlər. Azərbaycanın cəbhə boyu və cəbhədən kənar olan ərazilərini - Gəncə, Tərtər, Beyləqan, Bərdə və digər rayonlarımızdakı mülki əhalini hədəfə alırlar. Bununla da Azərbaycan xalqının mənəvi ruhunu sarsıtmaq, arxa cəbhəyə zərbə vurmaq istəyirlər. Bir neçə dəfə cəbhəboyu rayonlarda səfərlərdə olduq, ölkə prezidenti də demişkən, təki torpaqlarımız işğaldan azad olunsun, 100 belə dağılan ev ordumuza, xalqımıza qurbandır. Bu, bizim tarixi qələbəmizdir. Milli QHT Forumunun rəhbərliyindən 10 nəfərlik heyətlə Gəncə şəhərinə səfər etdik. Erməni terrorunun qurbanı olanları ziyarət etdik. Eyni zamanda terror törədilən məhəllələrdə olduq, onlara ictimai baxış keçirdik. Sadəcə olaraq dəhşətə gəldik. Dağlıq Qarabağ müstəqillik dövründə işğal olunmaqla yanaşı, 1805-ci ildən Kürəkçay müqaviləsi ilə işğal altındadır. Bu baxımdan, bu gün Ali Baş Komandanın üzərinə düşən vəzifə təkcə 30 ildir işğal altında qalan Qarabağı azad etmək yox, həm də 215 il ərzində işğal altında olan Dağlıq Qarabağı işğaldan azad etməkdir. Eyni zamanda, ikinci öhdəlik isə Qafqazı işğaldan azad etməkdir. Çünki erməni ordusunun vandalizmi bütövlükdə Qafqaz üçün böyük təhlükədir".
Rauf Zeyni qeyd edib ki, Qafqazı bu vandallardan xilas etmək, Qafqazda davamlı və dayanıqlı stabilliyi bərpa etmək missiyası çox böyük tarixi missiyadır: "Azərbaycan Ordusu çox böyük şərəf və ləyaqətlə bu missiyanı yerinə yetirir. İşğaldan azad olunan ərazilərdə bir bina belə dağıntıya məruz qalmayıb. Qardaş Türkiyə, Pakistan, Əfqanıstan və Avropa dövlətlərinin ərazi bütövlüyümüzü dəstəkləməsi bizi dəstəkləmək deməkdir. Cənab Prezidentin dediyi kimi, bizim işimiz haqq işidir, biz bu haqq işində qalib gələcəyik”.
O qeyd edib ki, erməni vandalizminin həddi-hüdudu yoxdur: “Raket atəşlərində məqsədləri müharibənin ərazisini genişləndirmək və bu müharibəyə digər ölkələri cəlb etməkdir. 1921-ci ildə imzalanan Qars müqaviləsinə əsasən Ermənistan Naxçıvana təcavüz edərsə, Türkiyənin müdaxilə etmək hüquq var. Bu gün Ermənistan rəhbərliyi başını itirmiş haldadır. Daşnak düşüncəsində, əvvəl eyforiyada, hazırda aqoniyada olan Paşinyan və onun havadarları bu gün hara nə atdıqlarını bilmirlər. Məqsədləri təki faciə, təki göz yaşı olsun, uşaq ölsün. Uşaq öldürməklə müharibədə hansı qaydalara əməl edirlər? İlk olaraq Cenevrə Konvensiyası pozulub, beynəlxalq hüquq normalarına zidd hərəkətlər edilib. Bu hərbi cinayət bəşəriyyətə qarşı cinayətdir.
Bəşəriyyət, dünya birliyi, beynəlxalq təşkilatlar erməni vandallarının Azərbaycan xalqına qarşı terror törətdiklərinə görə hərbi tribunalarda cavab verəcəklər. Bu da tarixin ədaləti olacaq. Necə ki, biz 215 ildən sonra torpaqlarımızın azad olunmasına nail oluruq. Bütünlükdə, xalqımız, dünya azərbaycanlıları hamısı bir səngərdə birləşiblər, hər kəs şəhid olmağa hazırdır, təki torpaq işğaldan azad olunsun. Bu, çox möhtəşəm birlikdir. Bütünlükdə dünyada ədalət bərpa olunmalıdır və bəşəriyyət bilməlidir ki, Azərbaycan xalqına qarşı bu dərəcədə alçaq hərəkətlər etmək olmaz”.