19 Oktyabr 2020 23:57
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın hər qarış torpağının işğaldan azad olunmasının böyük tarixi, siyasi, mənəvi əhəmiyyəti var. Hər qarış torpağın geri qaytarılması Azərbaycan xalqında ruh yüksəkliyi yaradır, mütəşəkkilliyini, Azərbaycan ordusuna əminliyini artırır. Bu torpaqlar arasında Azərbaycan xalqının maddi-mənəvi mədəniyyəti ilə bağlı olan abidələrin geri qaytarılmasının həm də elmi əhəmiyyəti böyükdür. O cümlədən, Xudafərin körpüsünün Azərbaycan xalqının maddi-mənəvi tarixində xüsusi yeri var.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova deyib. Onun sözlərinə görə, Xudafərin körpüsü ticari, mədəni abidə kimi əhəmiyyət daşıyırdısa, 19-cu əsrin əvvəllərindən Azərbaycan torpaqları 3 yerə parçalandıqdan sonra bu körpü bir mənəvi simvola çevrilib:

“Xudafərin körpüsünün artıq mənəvi anlamı başqa çalarlar qazanmağa başlayıb. Neçə illərdir ki, Xudafərin körpüsü də əsirlikdə, işğal altında idi. İndi həmin körpü üzərində Azərbaycan bayrağının qaldırılması, maddi-mənəvi tariximizin bir parçasının geri qayıtması bizim üçün mənəvi tellərin daha da möhkəmlənməsi deməkdir. Təbii ki, Xudafərin körpüsü bərpa olunacaq, daha sonrakı minilliklər üçün yenə də Azərbaycan xalqının qədim orta əsr tarixinin abidəsi kimi mədəni irsimizin daşıyıcı funksiyasını yerinə yetirəcək”.

Firdovsiyyə Əhmədovanın sözlərinə görə, işğaldan azad olunan elə torpaqlar var ki, orada Azərbaycan bayrağının qaldırılmasının mənəvi enerjisi digərlərinə baxanda daha güclüdür: “O cümlədən Füzuli şəhərində, Xudafərin körpüsündə bu bayrağın qaldırılmasının başqa mesajı var. Bütün Azərbaycan xalqı həyəcanla gözləyir ki, Azərbaycan üçün çox böyük mənəvi, rəmzi əhəmiyyəti olan Şuşa şəhərində Azərbaycan bayrağı qaldırılsın. Böyük intizarla xalq o günü gözləyir. Bu ərazilərin mənəvi dəyəri, enerjisi tamamilə başqadır. Elə ərazilər var ki, strateji anlamda önəmlidir, yüksəkliklərdir, yaxud da yeraltı sərvət baxımından zəngindir. Amma mənəvi baxımdan azad olunan ərazilərimizin Azərbaycan üçün önəmi böyükdür. İşğal altında olan torpaqların qaytarılmasının hər gün sevincini yaşamaq özü bir qürür hissi doğurur, Azərbaycan Ordusunu yeni qələbələrə ruhlandırır. Dünya azərbaycanlıları yumruq kimi o amala köklənib ki, qələbə xəbərlərini eşitsinlər. Xalqımızın hazırda gözü, fikri ancaq yeni məlumatları qəbul etməkdədir”.

Firdovsiyyə Əhmədova qeyd edib ki, düşmənlə təkcə cəbhə xəttində deyil, eyni zamanda informasiya müharibəsi davam edir: “Bu gün Azərbaycan gəncləri o amansız məkrli düşmənlə həmin mübarizəni sosial şəbəkələrdə aparır. Xaricdə yaşayan tələbələrimiz, vətəndaşlarımız, xalqımıza dəstək olan dostlarımızın hər biri Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırırlar. Hesab edirəm ki, Xudafərin körpüsündə Azərbaycan bayrağının yüksəldilməsi ilə müşayiət olunan görüntülərin özü yeni qələbə xəbərlərini eşitmək üçün səbrimizi bir az da genişləndirən amildir. Bu baxımdan Xudafərin körpüsünün nəinki bərpası, elmi cəhətdən öyrənilməsi, həmin körpünün Azərbaycan adından beynəlxalq irs siyahısına salınması, YUNESKO-nun xüsusi maddi mədəni irs siyahısına salınması yönündə Azərbaycan hakimiyyətinin öhdəliyinə elmi ictimaiyyətin qarşısında yeni vəzifə dayanır və bu vəzifəni də yerinə yetirilməsi yaxın gələcəyin işidir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər