Dezinformasiyaların bir neçə istiqaməti var. Biri ordumuzun nailiyyətləri barədə məlumatların paylaşılmasıdır. Halbuki bu barədə rəsmi mənbələr məlumat yaymalıdır. Bəlkə də başa düşmək olar, amma mən heç bunu da alqışlamıram. Digər dezinformasiyalar isə erməni mənbələrindən götürülüb paylaşılanlardır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
O bildirib ki, Ermənistan mənbələrindəki dezinformasiya xarakterli məlumatlarını yaymaq Azərbaycanın haqlı, ədalətli mübarizəsinə kölgə salmaq mahiyyəti daşıyır:
“Bu şəxslər bəzən sosial şəbəkələrdə məlumatı yaymaqla yanaşı, beynəlxalq platformalarda özlərini sülh quşu kimi də göstərirlər. Tanıdığım bir neçə qeyri-hökumət təşkilatları var ki, daim ermənilərlə layihələr həyata keçirirlər. Hətta televiziyalarda başqa məlumat danışır, ermənilərlə mübahisə gedən platformalarda ermənilərə qoşulurlar, müharibənin lüzumsuz, mənasız olması, münaqişənin hərbi yolla həllinin prespektivsizliyinə dair şərhlər yazırlar. Onların bir qismi Azərbaycanda, bir qismi isə xaricdədir”.
Sahib Məmmədov vurğulayıb ki, Azərbaycanda hərbi vəziyyət elan olunub və bunun öz qanunları var:
“Bu qanunlara görə söz azadlığından toplaşma azadlığına qədər az qala bütün hüquqlar məhdudlaşdırıla bilər və bu qaydaları pozanlar üçün müvafiq cəzalar nəzərdə tutulur.
Hərbi vəziyyət rayonunun komendantı bununla bağlı tədbirlər həyata keçirməlidir. Bunun üçün böyük struktur var. Hesab edirəm ki, bu şəxslər müvafiq şəkildə cəzalanmalıdır. Onlara müxtəlif məhdudiyyətlər tətbiq edilə bilər. Onların internet informasiya vasitələrinə çıxışlarına məhdudiyyət qoyula, o cümlədən inzibati həbs oluna, hətta cinayət işi başlana bilər”.