19 Oktyabr 2020 21:38
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusuna müqavimət göstərə bilməyən Ermənistan yaşayış məntəqələrimizi bombalayır və günahsız mülki şəxsləri öldürməkdən belə çəkinmir. Beynəlxalq ictimaiyyət isə Ermənistanın insanlıq əleyhinə cinayətinə səssiz qalır. Sözsüz ki, bu müharibə Azərbaycan xalqının, ailələrin, hər bir vətəndaşın yaddaşında müəyyən izlər qoyacaq.

Cəbhədəki hərbi əməliyyatlara xalqımız birmənalı dəstək verir. İnsanların əhval-ruhiyəsi yüksək səviyyədədir. Amma ermənilərin mülki şəxsləri hədəf alması, günahsız insanların qətlə yetirilməsi hər birimizi sarsıdır. Bu mənada müharibə Azərbaycanın gələcək ailələrinə təsirini dəyərləndirmək üçün öncə Milli Məclisin deputatı Jalə Əliyevaya müraciət etdik.

Millət vəkilinin sözlərinə görə, törətdiyi əməllər tək Ermənistanın deyil, hələ də onların dəstəkçisi olan tərəflərin və bütün dünyanın üz qarasıdır: “Müharibənin yazılmamış qanunları var. Amma son iki həftənin döyüşlərində mülki əhalinin Ermənistan tərəfindən ən ağır artilleriya silahından atəşə tutulması, nəticədə çox sayda itkimizin olması, bu itkilər arasında qadınların, uşaqların olması hərbi cinayətdir. Bugünkü dünya üzərində əgər öz evində rahat bir şəraitdə döyüş zonasından çox-çox uzaqlarda yuxuda olan uşağın qanına kiminsə əli bulanırsa, bunun adı açıq aydın şəkildə terrorizm, soyqırımı, qətliamdır. Birmənalı olaraq bunun qiyməti dünya ictimaiyyəti, hərbi tribunal tərəfindən verilməlidir. Bu günlərdə həyatını itirən uşaqlarımızın bir-bir adlarını çəkə, siyahını artıra bilərik. Bu uşaqların heç bir günahı yox idi. Həyatını itirən, oynamaq, böyümək, yaşamaq üçün can atan bədənləri bir anlıq cansız bədənə döndü. İstər qətlə yetirilən uşaqlar, istər valideynlərini itirən uşaqlarımız əlbəttə ki, böyük travma alıblar. Bəziləri elə yaşdadırlar ki, hələ dünyanı dərk etmirlər. Məsələn, həm anası, həm atası, həm də 1 yaşlı bacısını itirən 3 yaşlı Xədicə qızımız hələ ki, sistem altındadır. Nə baş verdiyini anlamır. Amma özünə gəldiyi zaman birinci növbədə istəyəcəyi ailəsi olacaq”.

Jalə Əliyeva bildirib ki, erməni vandalizminin qurbanı olan uşaqların hər birinin arxasında dövlət dayanır: “Dövlətimizin qanunları, insanlarımızın mərhəməti, həmrəyliyi əlbəttə ki, bu uşaqları heç bir zaman tək qoymayacaqdır. Çox sevindiricidir ki, keçən sayılı günlər ərzində valideynini itirən bu uşaqlara fərdi qaydada sahib çıxmaq istəyən insanlarımız var. Bu uşaqlar öz doğmalarını itirdilər, onları heç kim əvəz edə bilməz. Amma eyni zamanda da bu uşaqlar öz özlüyündə müharibənin şəhid uşaqlarıdırlar. O uşaqların valideyni də müharibənin şəhididir. Düşünürəm ki, onlar böyüdükləri zaman bütün bu uşaq taleylərinin yarımçıq qalması ilə bərabər, eyni zamanda qürur hissi yaşayacaqlar. Onların ailələri torpağın bütünlüyü uğrunda gedən mübarizədə şəhid olublar. Doğrudur, cəbhə bölgəsində, döyüş meydanında həlak olmayıblar, evlərində dinc şəkildə yaşadıqları zaman qətlə yetiriliblər. Amma erməni gülləsinə tuş gəliblər. Bu, onların həyatları boyu unutmayacaqları məsələdir, böyük problemdir. Onlara psixoloji kömək, reabilitasiya məsələləri çox əhəmiyyətlidir. Hazırda psixoloqlar bununla məşğuldurlar. Həmin balaları cəmiyyətə qazandırmaq, cəmiyyətin ən əhəmiyyətli parçası etmək üçün biz həm dövlət, həm ayrı-ayrı mütəxəssislər olaraq əlimizdən gələni edəcəyik. Çünki o uşaqlar bizim hər birimizdən bir parçadır, bizim hər birimizin balasıdır. Onların da bütün dünyanın xoşbəxt uşaqları kimi böyümək haqqı var”.

Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, qələbələrimiz çox olduğuna görə, baş verən itkilərin yaratdığı psixoloji durum ümumi əhval-ruhiyəni sarsıda bilməyib: “Gəncədə, cəbhəboyu ərazilərdə bu faciənin qurbanı olan müəyyən qrup insanlar var. Müharibədə sarsılan, qorxan insanlarımız təbii ki, olacaq. Bu, istənilən müharibədə olub və müharibənin qaydasıdır. Amma, bizim ölkədə 10 milyona qədər əhali var. Şükür ki, faiz etibarilə itkilərimiz düşmənin itkiləri qədər deyil. Bu sarsılma olacaq, Amma qlobal, ölkədə şok yaşadacaq şəkildə baş verməyəcək. Müəyyən qrup insanlarda olacaq.

Biz psixoloqlarımızın xidmətindən də istifadə etməliyik. Digər tərəfdən də qələbə əzmi var, o insanların yarasına ən böyük dərman qələbədir. İnşallah axıra qədər qələbə çalıb, bayrağımızı Xankəndinə, Şuşaya da taxarıq. O insanlarda birbaşa olaraq yüngülləşmə, xoş ovqat olacaq”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər