24 Oktyabr 2020 19:57
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın CNN kanalına müsahibəsi ilk növbədə onun arqumentsizliyini nümayiş etdirdi. Hər zaman olduğu kimi Ermənistanın bir məzlum obrazının yaradılmasına cəhdlər var idi. Yəni klassik erməni ənənəsi müxtəlif üslublarda hər yerdə davam edir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.

O qeyd edib ki, müsahibə zamanı aparıcı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri səsləndirib, Ermənistanın baş diplomatı Gəncənin raket atəşinə tutulması, Ermənistanın işğalçılıq siyasəti barədə sərt suallar qarşısında aciz qalıb:

“Bütövlükdə Azərbaycan Prezidentinin informasiya savaşı müstəvisində həyata keçirdiyi siyasətin qarşılığında Ermənistanın diplomatiyası və onların belə deyək, ən təcrübəli diplomatları da aciz qalıblar. Bu müsahibə də ənənəvi, klassik erməni təmsilçisinin müsahibəsidir. Yəni qeyri-adi bir şey yoxdur. Mən düşünürəm ki, CNN tamaşaçıları da Ermənistanın nə qədər haqsız durumda olduğunun kifayət qədər şahidi oldular. Onlar Mnatsakanyanın bir-biri ilə ziddiyyət təşkil edən fikirlərinə, mülahizələrinə, konkret faktların təhrif olunmasına şahidlik etdilər”.

Elçin Mirzəbəyli bildirib ki, Ermənistan XİN başçısının müsahibəsi zamanı mahiyyət etibarilə bütövlükdə danışıqlar prosesinin təhrif olunması nəzərə çarpırdı:

“Baza prinsipləri təhrif olunurdu. Hətta həyasızcasına beynəlxalq hüquq normalarının belə təhrif olunmasına yol verilirdi. Düşünürəm ki, yalnız feodal təfəkkürlü Ermənistan cəmiyyəti üçün belə uydurmalar söyləmək olar, amma vicdanlı Qərb və bütövlükdə dünya tamaşaçısı Ermənistan xarici işlər nazirinin timsalında qlobal, transmilli telekanal olan CNN-də yalançı, böhtançı, terrorçu və işğalçı bir dövlətin nümayəndəsini görmüş oldu".

Politoloq qeyd edib ki, Z.Mnatsakanyanın cavablarından fərqli olaraq aparıcının suallarında həqiqətlər əks olunmuşdu:

“Qeyd edim ki, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan da BBC-yə müsahibəsi zamanı eyni vəziyyətlə üzləşmişdi. Bu onu göstərir ki, artıq dünya medası tərəfindən əsl həqiqətlər əks etdirilir, həmçinin, bununla Ermənistan diplomatiyasının acizliyi və səriştəsizliyi bir daha nümayiş olunur”.


Müəllif: Səxavət Həmid